Ali təhsildə iqlim axtarışı təşviqi

post-img

Təhsil insanların iqlim dəyişikliyinin səbəbləri, təsirləri və bu problemin qarşısını almaq üçün atılacaq addımlar haqqında məlumatlı olmasına kömək edir. Fərdlərin, cəmiyyətlərin və ölkələrin iqlim siyasətlərini formalaşdırmaqda və inkişaf etdirməkdə də təhsil önəmli rol oynayır.

Mövzu ilə bağlı Azərbaycanın evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində təşkil olunan “Adaptasiya və Ambisiya kimi Təhsil: Ətraf Mühit Təhsilinə Yeni Yanaşma” mövzusunda tədbirdə çıxışı zamanı elm və təhsil nazirinin müavini Həsən Həsənli fikirlərini bölüşüb. O bildirib ki, təhsil iqlim dəyişikliyinə qarşı mübarizənin ən güclü vasitələrdən biridir. Son illərdə təhsil sistemimizə iqlim və ətraf mühit mövzularının inteqrasiyasına xüsusu diqqət yetirilir.

Nazir müavini diqqətə çatdırıb ki, bütün bunlar şagirdlərin ətraf mühit problemlərinə və dayanıqlılığa töhfə verməsinə hesablanıb. Azərbaycanda uğurla tətbiq olunan STEAM təhsili, şagirdlərin “yaşıl enerji”, dayanıqlılıq və yeni texnologiyalarla bağlı real layihələr üzərində işləməsinə imkan yaradır. Bu praktiki tədris onların özünəinamını təmin edir: “Belə bir tədbir Azərbaycandan və 10-dan çox ölkədən gənc yenilikçiləri bir araya gətirir. Bu il festivalı iqlim dəyişikliyinə həsr edərək onu “Yaşıl STEAM Festivalı” adlandırdıq və yaşıl enerji, dayanıqlı həllər və ekoloji təşəbbüslər üzərində qurduq. Ali təhsildə isə artıq iqlim həlləri ilə bağlı tədqiqatları təşviq etməyə başlamışıq və bu səyləri xüsusi proqramlarla genişləndirməyə davam edəcəyik. COP29 çərçivəsində müxtəlif ölkələrdən universitetləri bir araya gətirərək dayanıqlılığın təşviqində lider ola bilmələri üçün müzakirələr aparacağıq”.

Təhsil prosesində əsas rol oynayan müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran Həsən Həsənli hazırda hər bir müəllimin sinifdə iqlim dəyişikliyi mövzusunu inamla tədris etmək üçün lazımi resurslara sahib olmasını gerçəkləşdirməyin əsas məqsəd olduğunu bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat