Heydər Əliyev Mərkəzində ekoloji sərgilər

post-img

Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA “Ana təbiət” və “Öz töhfəni ver!” sərgiləri açılıb. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvləri iştirak ediblər.

COP29 günlərində fəaliyyətə başlayan MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər

Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Ekspozisiya IDEA İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə təqdim edilir. Ətraf mühitin mühafizəsi mövzusunda açılan “Öz töhfəni ver!” sərgisini isə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzi və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyası təşkil edib.

Açılışda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva nümayiş olunan əsərlərin izləyicilərə müsbət enerji verəcəyinə ümidvar olduğunu bildirib. O, sərginin ərsəyə gəlməsində iştirak edənlərə təşəkkür edib. Leyla Əliyeva ölkəmizin ev sahibliyi etdiyi COP29-da Azərbaycanda aparılan işlər nəticəsində bir çox müsbət nəticələrin əldə olunacağına inamını da ifadə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti son dövrlərdə planetimizdə iqlim dəyişikliyi nəticəsində meydana gələn problemlərdən bəhs edib, hava, torpaq, suyun çirklənməsinin bir sıra mənfi təsirlərindən danışıb. O, 2011-ci ildə təsis edilmiş IDEA İctimai Birliyinin fəaliyyətinin məhz ətraf mühit problemlərinin həllinə yönəldiyini də qeyd edib.

Türkiyəli rəssam Seval Özcan möhtəşəm beynəlxalq sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya tədbir iştirakçılarına videomüraciətində iqlim yaşıl dünyaya nail olmaq məqsədilə göstərdiyi qlobal səylərə, iki layihənin ərsəyə gəlməsinə görə Leyla Əliyevanın rəhbərliyi ilə IDEA İctimai Birliyinə, həmçinin Heydər Əliyev Fonduna və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasına təşəkkürünü bildirib.

Sonra qonaqlar MAMA “Ana təbiət” və “Öz töhfəni ver!” sərgilərinə baxış keçiriblər. Heykəltaraş Ömər Eldarov sərginin çoxşaxəli olduğunu, bütün növ sənət nümunələrini əhatə etdiyini deyib. O, sərgidə həm təbiətin gözəlliyinin nümayiş olunduğunu, həm də onu qorumaq üçün çağırışların edildiyini diqqətə çatdırıb.

MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsində Azərbaycan da daxil olmaqla, 28 ölkədən 127 əsər təqdim olunur. Öz töhfəni ver!” sərgisi isə ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmə və ekomədəniyyətin təbliğinə həsr olunub. Layihə insanların ekoloji maarifləndirilməsini artırmağa, uşaq və yeniyetmələri ekoloji gündəliyə cəlb etməyə, onların ekoaktivliyini populyar formatlarda dəstəkləməyə hədəflənib.

Sərgi üç hissədən ibarətdir.

Xatırladaq ki, BMT ilə əməkdaşlıq çərçivəsində 2022-ci ilin iyununda qurumun Cenevrədəki bölməsində “Mənim dənizlərim, mənim okeanlarım” , 2022-ci ilin oktyabrında isə Bakıda Heydər Əliyev Mərkəzində “Çağırışın 17 siması” fotosərgiləri təşkil edilib.

XQ

Sosial həyat