Misir enerji sektorunda bərpaolunan enerjinin payını 2030-cu ilə qədər 42 faizə çatdırmaq üçün əzmlə çalışır. Bununla belə, məhdud dəstək səbəbindən enerji şəbəkəsinin təkmilləşdirilməsi və digər tələblərin qarşılanması ilə bağlı problemlər hələ də qalmaqdadır. Bu vəziyyət milli iqlim hədəflərinə nail olunmasını təhlükə altına atır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Misirin Baş naziri Mustafa Mədbuli Bakıda COP29 sammiti çərçivəsində təşkil olunan "Enerji: İqlim dəyişikliyinin təsirini azaltmaq üçün tədbirlərin gücləndirilməsi" mövzusunda dəyirmi masada deyib.
Baş nazir milli hədəfləri həyata keçirmək üçün inkişaf etməkdə olan ölkələrin dəstəyə ehtiyac duyduqlarını dilə gətirib. O, əhəmiyyətli qrant və güzəştli kredit mexanizmlərinin təmin olunmasının milli iqlim hədəflərinin reallaşması üçün əsas olduğunu bildirib.
Mustafa Mədbuli, həmçinin çıxışında COP29-u yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.