Qafqaz Müsəlmanları İdarəsinin sədri Əl-Əzhər Əl-Şərifin baş imamı ilə görüşüb

post-img

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında - COP29-da iştirak etmək üçün Bakıya təşrif buyurmuş Əl-Əzhər Əl-Şərifin baş imamı, şeyx Əhməd Əl-Tayyib ilə görüşüb.

QMİ-nin Mətbuat xidmətindən bildirilib ki, Misirin dünya şöhrətli din xadimi ilə keçən səmimi görüş zamanı Azərbaycan və Misir arasında dərin tarixi köklərə malik dini-mənəvi əlaqələr barədə danışılıb, inkişaf perspektivləri müzakirə edilib.

COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin ünvanına Əl-Əzhər Əl-Şərifin baş imamı, şeyx Əhməd Əl-Tayyibin göndərdiyi müraciət məktubuna və Misir dövlətinin tədbirdə yüksək səviyyədə təmsil olunmasına görə dərin təşəkkürlərini bildirən Şeyxülislam A.Paşazadə, qlobal sammitin qəbul etdiyi Bakı Bəyannaməsi və tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Əl-Əzhər Əl-Şərifin baş imamı, şeyx Əhməd Əl-Tayyib, öz növbəsində, Azərbaycanın mədəniyyətlər, dinlərarası dialoq sahəsində uğurlu təcrübəsinə, gördüyü əhəmiyyətli işlərə böyük dəyər verərək, ölkəmizin bəşəri həmrəylik istiqamətində səylərini yüksək qiymətləndirib. BMT səviyyəsində belə bir mötəbər sammitin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətini və xalqını təbrik edən Şeyx Əhməd Əl-Tayyib, “Sizin Prezidentiniz öz parlaq çıxışında dünya müsəlmanlarının qəlblərindəki qayğıları və amallarını əks etdirdi. Bir sözlə desəm, o, cəsarətli Prezidentdir!” deyərək, Azərbaycan Prezidentinin İslam həmrəyliyi yönündə səylərini xüsusi dəyərləndirib. Həmçinin COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin uğurla başa çatması münasibətilə şeyxülislam A.Paşazadəni təbrik edib.

Əhməd Əl-Tayyib region ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyərək, gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası və sünni-şiə dialoqunda Azərbaycanın iştirakının vacibliyinə diqqəti çəkib. Azərbaycanın dinlərarası və İslamdaxili dialoq sahəsində çox uğurlu örnək təcrübəsinin olduğunu vurğulayan baş imam Əhməd Əl Tayyib, sədri olduğu Müsəlman Ağsaqqalları Şurasının üzvü - şeyxüslislam A.Paşazadəni Bəhreyn forumu öncəsi müzakirələr üçün Misirə dəvət edib.

Görüşdə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri R.Məmmədov, Misir müftisi İyad Nəzir və digər şəxrlər iştirak ediblər.





Sosial həyat