Azərbaycanın Əsas Qanunu bu gün 30 yaşına qədəm qoyur

post-img

1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Konstitusiyanın qüvvədə olduğu... dövr ərzində onun müddəalarının həyata keçirilməsində böyük təcrübə toplanmış, bu sənəddə əks olunmuş konsepsiyalar inkişaf etdirilərək güclü sosial dövlətin, yüksəkrəqabətli iqtisadiyyatın qurulmasına, insan hüquqlarının effektiv müdafiəsi mexanizmlərinin tətbiqinə təkan verən çoxsaylı normativ hüquqi aktlar qəbul edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Əsas Qanunumuzun 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına məktubundan

Bakı şəhəri, 2 oktyabr 2015-ci il

Bu sətirləri qələmə almaq istəyəndə “Əvvəlcə onu xatırladım ki” sözönü (daha doğrusu, cümlə önü ilə) başlamaq istədiyim iki arqumentim var idi. Birinci, biz Əsas Qanunumuzun keçənilki ad gününü də müstəqil Azərbaycanın bütün ərazilərində qeyd etmişdik. Yəni sentyabrın 20-dəki 23 saatlıq antiterror əməliyyatları ölkəmizin hər yerində suverenliyimizi bərpa etmişdi. Ancaq həmin tarixi gündən cəmi ay yarımdan bir az çox vaxt keçdiyinə görə, Konstitusiya Gününü ölkənin hər yerində istədiyimiz kimi qeyd edə bilməmişdik. Bu gün isə noyabrın 12-ni ən yüksək səviyyədə qeyd etməyə həm imkanımız var, həm də bayramların bir-birinə qarışdığına görə yüksək əhval-ruhiyyəmiz.

İkinci, bu yazının əvvəlində hörmətli oxuculara təqdim eləmək üçün cənab Prezident İlham Əliyevin son çıxış və ya nitqlərinin birindən də iqtibas seçə bilərdik. Ancaq dövlət başçımızın 9 il əvvəlki məktubu üzərində dayandıq. Çünki həmin məktub Azərbaycan paytaxtına toplaşmış çoxsaylı xarici dostlarımız – siyasətçi, diplomat, deputat və görkəmli ziyalılara ünvanlanmışdı. Paytaxtımız bu gün də indiyədək görmədiyimiz miqyasda bir beynəlxalq tədbirə evsahibliyi edir və Bakı bu gün möhtəşəm təntənələr içərisindədir.

Üstəlik, cənab Prezidentin məktubundan ayırdığımız cümlələrdə deyilir ki, bugünkü Azərbaycan Konstitusiyasının müəllifi ulu öndər Heydər Əliyevdir. Mən isə ümummilli liderimiz haqqında oxuduğum çoxsaylı materiallara istinadən əlavə edirəm ki, bugünkü Azərbaycan Konstitusiyasının layihəsini ulu öndər Heydər Əliyev öz əli ilə işləyib hazırlamış və ölkə ictimaiyyətinin müzakirəsinə vermişdir. Ona görə də bir çox siyasətçi və hüquqşünaslar bizim Əsas Qanunumuzu “Heydər Əliyev Konstitusiyası” adlandırırlar. Xatırladaq ki, ötən əsrin 70-ci illərində qəbul edilmiş anoloji sənədimizə də “Heydər Əliyev Konstitusiyası” deyirdilər.

Xatırladaq ki, Respublikamızın 1937-ci ildə qəbul edilmiş üçüncü Konstitusiyasında əvvəlki analoji sənədlərdən fərqli olaraq, “İctimai quruluş”, “Vətəndaşların əsas hüquq və vəzifələri”, “Naxçıvan MSSR-in ali dövlət hakimiyyəti orqanları”, “DQMB-nin dövlət hakimiyyəti orqanları”, “Məhkəmə və prokurorluq” adlı fəsillər yer almışdı. Ən başlıcası, bu sənədlərin hamısı məhz qurultaylar vasitəsilə qəbul edilirdi.

Xüsusilə, qabardılmalı və fəxr edilməli faktdır ki, Konstitusiya layihəsinin hansısa qurultaya deyil, ümumxalq müzakirəsinə verilməsinin təməlini də ümummilli liderimiz Heydər Əliyev qoymuşdu. Ötən əsrin 70-ci illərinin ortalarında – “inkişaf etmiş sosializm” cəmiyyəti üçün Əsas Qanunun işlənib hazırlanması zərurəti ortaya çıxanda uzun sürən müzakirələrdən sonra SSRİ-nin üçüncü Konstitusiyası 1977-ci il oktyabrın 7-də qəbul edildi. 1978-ci il aprelin 21-də Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında isə respublikamızın sayca dördüncü Konstitusiyası qəbul edildi. İlk dəfə idi ki, Konstitusiyada insanların sağlamlığının mühafizəsi, mənzil hüququ, mədəniyyət nailiyyətlərindən istifadə etmək hüququ, yaradıcılıq azadlığı təsbit edilirdi. Ən başlıcası, həmin Konstitusiyada Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu göstərilirdi.

... İlk bəndi “Dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” müddəası ilə başlanan 1995-ci il Konstitusiyamız barədə danışarkən isə xüsusilə qeyd edilməli məqamlar ondan ibarətdir ki, bu Əsas Qanunumuz parlamentin qərarı ilə deyil, xalqın referendumda verdiyi səslə qəbul edilmişdi. Daha bir önəmli məqam isə odur ki, Əsas Qanunda Azərbaycanın dövlət quruculuğunun əsasları müəyyən edilmiş, respublikamız demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritet olduğu və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçməsi idi.

Başqa bir fakt. 1978-ci il Konstitusiyasından fərqli olaraq yeni Konstitusiyada qanunvericilik hüququ ancaq Milli Məclisə verilir. Bir palatalı parlament olan Milli Məclisin əsas funksiyası qanun yaradıcılığı ilə məşğul olmaqdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunduğu gün – noyabrın 12-si hər il Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.

Yadımdadır, ilk Konstitusiyamızın qəbul edildiyi gün seçki məntəqəsində (həmin gün həm parlament seçkiləri keçirilirdi, həm də Konstitusiya layihəsinin qəbul edilməsi üçün referendum) jurnalistlərin suallarını cavablandıran ulu öndər demişdi ki, yeni Konstitusiyamız Azərbaycanın bugünkü reallıqlarını nəzərə alaraq yaradılmışdır. Ancaq zamanın çağırışlarına cavab olaraq ona müxtəlif əlavə və ya dəyişikliklər etmək zərurəti yaranarsa, bu da ediləcəkdir. Cəmi yeddi ildən sonra belə bir zərurət yarandı və 2002-ci il avqustun 24-də (ulu öndərin sağlığında) Əsas Qanunumuza referendumla bəzi dəyişiklik və əlavələr edildi. Daha yeddi il sonra, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) bəzi dəyişikliklər edildi.

Bu gün 30 yaşına keçən Konstitusiyamızın preambulasında deyilir ki, yeni Əsas Qanun bizim qarşımızda Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək və nəhayət, ümumbəşəri dəyərlərə sadiq dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək vəzifələrini qoyur.

Bu sətirlərin müəllifi dəfələrlə yazıb ki, mən Əsas Qanunumuzun Birinci fəslinin birinci bəndi ilə fəxr edirəm: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”.

Ancaq dünyanın müxtəlif ölkələrindəki dostlarımız, tərəfdaşlarımız – müasir dünya tarixinə düşən “Bakı prosesi”, paytaxtımızın BMT başda olmaqla, az qala, bütün beynəlxalq təşkilatların mühüm tədbirlərinin keçirildiyi şəhərə çevrilməsi, Qoşulmama Hərəkatına sədrliyimiz, BMT Təhlükəsizlik Şurasının məlum qərarlarını icra edərək ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olmağımız və nəhayət, planetimizin əsas problemlərinin həllinə çalışan mütərəqqi düşüncəli insanların toplaşdığı COP29 tədbiri bizim beynəlxalq aləmdəki dost və tərəfdaşlarımızın sayını qat-qat artırmışdır – Azərbaycan haqqında danışarkən fəxrlə yada salırlar ki, bu dövlətin Konstitusiyasının 47 maddəsi əsas insan hüquq və azadlıqlarının qorunmasını tələb edir. Bu isə ədalətli cəmiyyətin, obyektiv idarəetmənin və demokratik quruluşun təzahürüdür.

Bu sətirləri Azərbaycan Prezidenti İlham Əliyevin bu il sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqindən seçdiyimiz cümlələrlə tamamlayırıq: “Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan demək istəmirəm yəni, asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir”.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Sosial həyat