Mingəçevirdə Şəhər Günü

post-img

76 il əvvəl noyabrın11-də Mingəçevir şəhər statusu alıb. Mingəçevirlilər hər il bu əlamətdar tarixi şəhər günü kimi təntənə ilə qeyd edirlər. Dünən Kür sahilində ənənəvi bayram münasibəti ilə silsilə tədbirlər keçirildi.

Şəhər günü şənlikləri anım mərasimi ilə başladı. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının və Mingəçevir Bələdiyyəsinin rəhbərliyi, əmək veteranları, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq müstəqil dövlətimizin banisinin xatirəsinə ehtiramlarını bildirdilər. Sonra iştirakçıları nur şəhərinin gözəllik və abadlıq ünvanlarında oldular.

Heydər Əliyev prospektində yerləşən 2 xiyabanın yenidənqurmadan sonra açılışı oldu. Şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq 20 Yanvar və M.F.Axundzadə küçələri arasında yerləşən 1hektarlıq xiyaban təmir, abadlıq və yaşıllaşdırma işlərindən sonra görkəmioni tamamilə dəyişib. Memarlıq şöbəsində hazırlanmış layihəyə əsasən, ərazidə insanların mənalı istirahəti üçün yeni oturacaqlar qoyulub, kölgəliklər təmir olunub, fəvvarə yenidən inşa edilib.

Xiyabanda velosiped xətti yaradılıb, tamet plitələr döşənib, işıqlandırma təzələnib. Uşaqların və gənclərin əylənməsi, fiziki sağlamlığı üçün idman qurğuları, atraksionlar quraşdırılıb. Yaşıllıq zolaqları genişlənib, əraziyə qazonlar döşənib, çiçək şitilləri və gül kolları əkilib.

Şəhər Bələdiyyəsinin maliyyə dəstəyi ilə yenidən qurulan M.F.Axundov və S.Vurğun küçələrinin kəsişdiyi ərazidəki xiyabanda görülən işlər də göz oxşayır. Burada yçoxsaylı gül kolları və həmişəyaşl tinglər əkilib, oturacaqlar və kölgəliklər təmir edilib. Xiyabanın piyada zolağının hər iki tərəfinə təbii ot örtüyü döşənib. Müxtəlif heyvan və quş fiqurları, rəmzi ürək abidəsi ərazidə təbiətə və insana sevgi oyadır.

Xiyabanların açılışında ŞİH başçısı sakinləri şəhər günü münasibəti ilə təbrik etdi, abadlıq və gözəllik ustalarına təşəkkürünü bildirdi. İlham İsmayılov şəhərin ilk qurucularını xatırladı, ulu öndər Heydər Əliyevin Mingəçevirin inkişafındakı xidmətlərindən xüsusi bəhs etdi.

Şənliklər axşam Mingəçevir Dövlət Dram Teatrında davam etdi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevirin yaranma tarixindən, ilk quruculuq illərindən, pillə-pillə yüksəlməsindən söz açıb. Şəhər rəhbəri Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən layihələrdən minnətdarlıqla danışıb. O, şəhid ailələri, qazilər, həmçinin qəzalı vəziyyətdə olan 3 binanın sakinləri üçün yeni yaşayış binalarının tikilməsinin dövlət başçısının Mingəçevirə göstərdiyi qayğının təzahürü olduğunu vurğuladı. Mingəçevirliləri şəhər günü münasibəti ilə təbrik edərək ən xoş və səmimi arzularını dilə gətirdi.

Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək təbriklərini və xoş arzularını çatdırdı.

Mingəçevirin inkişafındakı xidmətlərinə görə bir qrup şəhər sakininə şəhər İcra Hakimiyyətinin fəxri fərmanları verildi.

Sonda Mingəçevirin incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər. Bayram tədbiri sakinlərin doğma şəhərlərinə sevgi və bağlılığına yeni xatirələr yazdı.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat