Aktau şəhərinin 40-cı mikrorayonunun parkında Qazaxıstan və Azərbaycan Dostluq xiyabanının təntənəli açılışı olub.
AZƏRTAC Aktau şəhərinin icra başçısı aparatına istinadla xəbər verir ki, tədbir çərçivəsində 250 ədəd ting, o cümlədən 150 ədəd “Qırmızı kitab”a düşmüş ağac əkilib.
Manqistau vilayəti akiminin müavini Abbat Urisbayev vurğulayıb ki, budəfəki tədbir iki xalq arasında tarixi, mədəni və dostluq əlaqələrini simvolizə edir, həmçinin əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün birgə səylərin vacibliyini göstərir.
Təşkilatçıların sözlərinə görə, ikitərəfli münasibətlərin xüsusi əhəmiyyətini vurğulayan Dostluq xiyabanının açılışı əlamətdar hadisə olub.
“Təzə Qazaxıstan” proqramı çərçivəsində açılan Dostluq xiyabanı gələcək nəsillər üçün dostluq və əməkdaşlıq rəmzi olacaq”, -deyə Abbat Urisbayev qeyd edib.
O, xiyabanın açılışında iştirak edən Aktau Nəbatat bağının kollektivinə, Azərbaycan diasporuna, azərbaycanlı sahibkarlara, eləcə də tələbələrə minnətdarlığını bildirib.