Xidmət qurumları öz vəzifələrinə bu dəfə daha məsuliyyətlə yanaşdılar
Dünən, oktyabrın 28-i günün birinci yarısında Bakıda və Abşeron yarımadasında qısamüddətli leysan xarakterli yağış yağdı. Elə bir leysan
ki, necə deyərlər, tut ucundan göyə çıx...
Şəhər sakinləri aramsız yağan yağışın ağır fəsadlar törədə biləcəyindən narahat idilər. Çünki cəmi 1 həftə əvvəl də şəhərdə leysan yağışları olmuş və təəssüf ki, yağan güclü yağış ağır fəsadlarsız ötüşməmişdi. Belə ki, şəhərin bir çox küçələri və tunelləri piyadaların və nəqliyyatın hərəkəti üçün keçilməz hala düşmüşdü.
Dərhal qeyd edək ki, xoşbəxtlikdən bu dəfə müvafiq qurumlar öz vəzifələrinə daha məsuliyyətlə yanaşaraq, yağışın ciddi fəsadlar törətməsinin qarşısını ala bildilər. Etiraf edək ki, təhlükə kifayət qədər güclü idi. Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirmişdi ki, yağıntının miqdarı 9 millimetrdən çox olub və bu, aylıq normanın 30 faizi qədərdir.
Xidmətin rəsmisi, həmçinin vurğulamışdı ki, günorta saatlarında Bakıda və Abşeron yarımadasında yağış kəsilsə də, günün ikinci yarısınadək bəzi ərazilərdə fasilələrlə davam edib.
Dünən Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, paytaxtda bəzi ünvanlarda subasmanın baş verməsi barədə FHN-nin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub və dərhal nazirliyin qüvvələri ərazilərə cəlb olunub. Nazirliyin qüvvələri vaxt itirmədən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılmasını təmin ediblər və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.
Dünən səhər saatlarından etibarən bəzi KİV-lərdə paytaxtın Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsünü yenidən su basması məlumatı yayılıb. Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı bu məsələ ilə bağlı bildirib ki, səhər saatlarından etibarən aidiyyəti qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində sözügedən obyektdə yaranan subasma təhlükəsi aradan qaldırılıb. Körpüyə aid su nasosları hazırda adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib. Yeri gəlmişkən, paytaxtda riskli ərazilərdə yerləşən
digər körpü və keçidlər də nəzarətdə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə mətbuata məlumat verilib ki, dünən paytaxtda yağan leysan yağışları nəticəsində şəhərin bir çox mərkəzi küçələrində avtomobillərin sıxlığı müşahidə olunub. Lakin tezliklə nəqliyyat vasitələrinin sərbəst hərəkətini də təmin etmək mümkün olub.
Sonda bildirək ki, bu gün Bakıda və Abşeron yarımadasında, eləcə də ölkəmizin bir çox bölgələrində hava yağmursuz olacaq. Ən azı, leysan yağışların yağması təhlükəsi minimaldır.
M.HACIXANLI
XQ