Vətən müharibəsində qələbəmizin 4-cü ildönümü ərəfəsində bütün sənət adamları bayrama yaradıcılıq hesabatları hazırlayırlar. Qocaman bəstəkar, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Faiq Sücəddinov da Zəfər yürüşünün ildönümünə özünün növbəti töhfəsi ilə gəlir.
“Şöhrət” ordenli ünlü bəstəkar “Qarabağnamə” adlı simfonik ballada ərsəyə gətirib. Yeni musiqi əsərinin sözləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynova məxsusdur. Onun dediyinə görə, azadlığına qovuşmuş füsunkar məkanın – Qarabağın məşhur insanlarının hekayətləri “Qarabağnamə” adı verilmiş silsilə kitablarda əbədiləşib. “İndi isə 44 günlük Zəfər Yolunu keçmiş ulu torpağımıza aid musiqimizin də öz “Qarabağnamə”si var. Niyyətimiz və istəyimiz “Qarabağnamə” simfonik balladasının Zəfər Günü astanasında səslənməsidir”.
Müəlliflərin yeni əsərin ifası ilə bağlı Mədəniyyət Nazirliyinə müraciəti müsbət qarşılanıb və dirijor, Xalq artisti Yalçın Adıgözəlovun idarəsi ilə Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası balladanı məharətlə ifa ediblər. Solo hissəsini beynəlxalq müsabiqələr laureatı olan tenor, Əməkdar artist Ramil Qasımov səsləndirib.
Xatırladaq ki, yaşının ağsaqqal çağında məhsuldar fəaliyyəti ilə seçilən sənətkar Faiq Sücəddinov ötən il sözləri şair Səlim Babulllaoğluna aid olan “Zəfər” simfonik poeması və “Şuşa” oratoriyasını da yazıb. Xalq artisti, tenor Samir Cəfərov və xor bu işin öhdəsindən bacarıqla gəlib. Bu ilin əvvəlində “XQ”yə verdiyi müsahibəsində “Zəfər konsertinə hazırlaşıram”, – deyən Faiq Sücəddinov, nəhayət, yeni əsərini ərsəyə gətirdi.
Bəstəkar Faiq Sücəddinovun yeni balladası haqqında dedikləri:
– “Qarabağnamə”ni əvvəlcə üvertüra kimi təqdim etmək istəyirdim. Sonra Maestro ilə qərara gəldik ki, simfonik orkestr və xor üçün ballada olsun. Ötən şənbə günü artıq əsər lentə yazıldı. Məncə, çox yaxşı alındı. Arzum budur ki, bu simfonik ballada da mədəniyyət mərkəzimiz Şuşada ifa edilsin və səsi dağlarda əks-səda versin.
Biz də 77 yaşlı görkəmli bəstəkarın istəyini istəklə qarşılayır və ona can sağlığı, yeni sənət uğurları arzu edirik.
Əli NƏCƏFXANLI
XQ