Özbəkistanda parlament seçkiləri uğurla başa çatıb

post-img

Bazar günü Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına və vilayət, şəhər, rayon şuralarına keçirilən seçkilərin nəticələri dünən elan olunub.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev Daşkənddə keçirdiyi brifinqdə bildirib ki, seçkilərdə səs hüququ olan 19 milyon 944 seçicinin 15 milyon 27 min 527 nəfəri səs verib. Bu, ümumi seçicilərin 74,72 faizi deməkdir. MSK sədri qeyd edib ki, 150 deputat mandatı uğrunda mübarizəyə 875 namizəd qatılıb. İlk dəfə deputatların 75-i mojoritar, 75-i isə proporsional sistemlə
seçilib.

Bildirilib ki, 150 deputat yerindən Sahibkarlar və İşgüzar Adamlar – Özbəkistan Liberal-Demokratik Partiyası 64 (42,7 faiz), “Milli Dirçəliş” Demokratik Partiyası 29 (19,3 faiz), “Ədalət” Sosial-Demokrat Partiyası 21 (14 faiz), Xalq Demokrat Partiyası 20 (13 faiz) və Ekoloji Partiya 16 (10,7 faiz) mandat qazanıb. Zayniddin Nizamxocayev yeni seçilən deputatları təbrik edib, onlara Özbəkistanın inkişafı və dirçəldilməsi istiqamətindəki fəaliyyətlərində uğurlar arzulayıb.

***

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılığı ilə nümayəndə heyəti, Azərbaycan insan hüquqları üzrə müvəkkili (ombudsman) aparatının nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları qardaş ölkədə keçirilən seçkiləri müşahidə etmək üçün Özbəkistanda olublar. Seçkilərdən sonra Azərbaycan heyətinin müşahidə missiyası barədə Daşkənddə XQ-yə operativ müsahibə verən Məzahir Pənahov bildirib:

– Azərbaycan seçkilərə 20 nəfərlik nümayəndə ilə qatılıb. Missiyamıza daxil olan Azərbaycan insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının əməkdaşları, Müstəqil Dövlətlər Birliyinin xətti ilə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin rəhbərliyi ilə nümayəndələr, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlar Cavanşir Paşazadə, Arzuxan Əlizadə, Ağalar Vəliyev TÜRKPA xətti ilə, deputat Səbinə Salmanova MDB PA xətti ilə, deputatlar Qaya Məmmədov və Azay Quliyev ATƏT PA xətti ilə seçkiləri yaxından və diqqətlə izləyiblər. Onlar səsvermə prosesini Daşkənd şəhərində və vilayətində, Səmərqənd və Buxara şəhərlərində müşahidə ediblər.

Ümumiyyətlə, Özbəkistan parlamentinə seçkiləri dünyanın 50-dən artıq ölkəsindən gələn 1000-dən çox beynəlxalq müşahidəçi, 20-dən artıq beynəlxalq təşkilatın nümayəndələri, o cümlədən Müstəqil  Dövlətlər Birliyi, Şanxay Əməkaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası seçki prosesini müşahidəçi kimi izləyiblər.

Qaradaş ölkədə budəfəki parlament seçkiləri yenilənmiş Konstitusiyaya və milli seçki qanunvericiliyinə əsasən, ilk dəfə majoritar-proporsional sistem əsasında keçirilib. Ali Məclisin Qanunvericilik Palatasını ölkədə fəaliyyət göstərən 5 partiya – Sahibkarlar və İşgüzar Adamlar – Özbəkistan Liberal-Demokrat Partiyası, “Milli Dirçəliş” Demokratik Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası, Xalq Demokrat Partiyası və Ekoloji Partiya formalaşdırıb.

– Məzahir müəllim, siz seçkiləri Daşkənd şəhərində izləyirdiniz, təəssüratınız necədir?

– Seçkilər beynəlxalq standartlara və normalara, milli seçki qanunvericiliyinə və bu sənəddə əksini tapan demokratik, açıq, şəffaf və ədalət prinsiplərinə uyğun və ölkə vətəndaşlarının fəal iştirakı ilə keçirilib. Onu da deyim ki, Özbəkistanda demokratiya prinsiplərini gücləndirən islahatlar davam edir. Oktyabrın 27-də keçirilən seçkilər bunu əyani şəkildə nümayiş etdirdi. Daşkənd şəhərinin ayrı-ayrı seçki məntəqələrində ölkə tarixində ilk dəfə elektron səsvermə eksperimental qaydada həyata keçirildi. Seçki prosesinin canlı videoyayımı məqsədilə rayon və şəhərlərdəki səsvermə məntəqələrində kameralar quraşdırılıb.

– Siz Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevlə də görüşdünüz... – Görüşümüz seçki bitəndən sonra oldu. Həmkarımı Ali Məclisə seçkilərin yüksək səviyyədə təşkili və uğurla başa çatması münasibətilə təbrik etdim. Səmimi söhbət zamanı Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, əlaqələrin bundan sonra da yüksələn xəttlə dərinləşməsinə əminlik ifadə olundu. Məmnunluqla qeyd edildi ki, Azərbaycan və Özbəkistan Prezidentləri İlham Əliyevlə Şavkat
Mirziyoyevin şəxsi dostluq əlaqələri dövlətlərimiz və xalqlrımız arasında bütün sahələrdə əlaqələrin genişlənməsinə təkan verib. Biz Türk Dövlətləri Təşkilatının üzvü kimi də əməkdaşlığımızın uğurlu olacağına ortaq inamımızı ifadə etdik.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd



Son xəbərlər