Lənkərandakı pravoslav məbədində Müqəddəs taxt-tac bayramı günü qeyd olunub

post-img

Ölkəmizdə fəaliyyət göstərən pravoslav ibadət evlərinin sırasına son illərdə Lənkəranda fəaliyyətə başlamış “Allahın Əqdəs Validəsinin Dua Örpəyi” məbədi də qoşulub. Şəhərdə fəaliyyət göstərən yeganə məbəddə Müqəddəs taxt-tac bayramı günü ilə əlaqədar mərasim keçirilib. Mərasimi Bakı və Azərbaycanın yepiskopu Aleksiy Smirnov idarə edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda dinlərarası harmoniya, tolerant və multikultural dəyərlər, eləcə də dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsi, icmalara qarşı münasibətdə ayrı-seçkiliyin olmaması, onların inkişafı üçün dövlət tərəfindən şəraitin yaradılması daim diqqət mərkəzində olub. Bütün bu sadalananlar respublikada etnik-dini müxtəlifliyin qorunması və multikultural dəyərlərin daha da inkişafına böyük töhfə verir. Son illərdə ölkəmizin cənub bölgəsində, Lənkəran şəhərində “Allahın Əqdəs Validəsinin Dua Örpəyi” məbədinin fəaliyyətə başlaması respublikamızın bögələrində də multikultural dəyərlərə böyük önəm verilməsinin təzahürüdür.

Lənkəran şəhərində müasir pravoslav icmasının tarixi hələ XIX əsrdən başlayır. Tarixi məlumatlara görə, Lənkəranda pravoslav məbədlərindən biri də Müqəddəs Maqdalalı Mariya adına kiçik bir daş qəbirstanlığındakı dua evi idi. Bu məbəd taxta ikonostas və bir neçə ikonalar ilə bəzədilib. Məbəd Azərbaycanda sovet hakimiyyəti qurulana qədər mövcud olub. Bakı Yeparxiyasının dirçəlməsindən sonra Lənkəran şəhərinin və ətraf qəsəbələrin pravoslav əhalisinin dini etiqadlarını həyata keçirməsi üçün müsbət addımlar atılıb.

“Bu gün biz Lənkəran şəhərindəki məbədə dua etmək üçün yığışmışıq. Təkcə özümüz üçün yox, bu gözəl məmləkətdə yaşayan bütün insanlar üçün dua etdik. Biz pravoslavlar həmişə birlik, həmrəylik, ən əsası da sülh və ədalət tərəfdarları olmuşuq. Lənkəran torpağında yaşayan bütün pravoslav əhali də bu fikirdədir”, - deyə Bakı və Azərbaycan yepiskopu Aleksiy Smirnov bildirib.

Lənkəran sakini Viktoriya Korneva Azərbaycan Prezidentinə, dövlətinə təşəkkür edərək deyib: “Lənkəranda yaşayan rusların adından təşəkkür edirəm. Biz öz bayramlarımızda, ayinlərimizdə rahat gəlib dua edə bilirik. Buna görə çox şadıq”.

Sosial həyat