“Caspian Energy Club” “LEF Network Azerbaijan” layihəsi çərçivəsində Latviya, Estoniya və Finlandiya şirkətləri üçün Naxçıvan Muxtar Respublikasına “Business Tour” təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən bildirilib ki, işgüzar səfərdə Latviya, Estoniya və Finlandiyadan olan şirkət rəhbərləri, bu ölkələrin Ticarət palatalarının nümayəndələri iştirak ediblər.
“Business Tour” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti, Naxçıvan Dövlət Universiteti və "Caspian Energy Club"ın birgə təşkilatçılığı ilə “International B2G Forum” təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini Tural Murtuzəliyev, Naxçıvan Dövlət Universitetinin rektorunun müşaviri Rəcəb Cəfərli, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasına daxil olan sahibkarlar və bir sıra ekspertlər çıxış edib, Naxçıvanın investisiya potensialı, yaşıl enerji, dayanıqlı inkişaf, Naxçıvanda istehsal olunan məhsullar və yeni layihələr və s. aktual mövzular haqqında ətraflı məlumat verilib.
“International B2G Forum”un əsas məqsədi xarici şirkət nümayəndələri ilə yerli dövlət və özəl sektorun nümayəndələri arasında işgüzar əlaqələrin yaradılmasıdır.
Sonda yerli iri və orta biznes subyektləri ilə sözügedən ölkələrdən olan şirkətlər arasında B2B görüşlər keçirilib. B2B görüşlərdə iştirakçılar öz sahələrindəki trendləri və bazar tələblərini müzakirə edərək, qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırıblar.
“Əvvəlki “Business Tour”da biz məhsulların ixracı və idxalı mövzularını müzakirə etdik, lakin bu missiyada diqqətimizi daha çox yaşıl texnologiyaların tətbiqinə və onların davamlı inkişafına yönəltdik. Yaşıl texnologiyalarla bağlı innovativ həllərin araşdırılması və tətbiqi şirkətlərin bazar rəqabətində üstünlük qazanmasına imkan yaradır. Bu yolda irəliləmək üçün iştirakçılar arasında əməkdaşlığın artırılması və işgüzar əlaqələrin gücləndirilməsi zəruridir”, - deyə “Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov bildirib.
“Business Tour” çərçivəsində, həmçinin Naxçıvanda yerləşən günəş enerjisi panelləri və digər müasir istehsal prosesləri ilə tanışlıq məqsədilə yerli müəssisələr ziyarət olunub. Ziyarət zamanı iştirakçılar müasir avadanlıqlarla tanış olub, günəş enerjisinin istifadəsinin faydaları, bu texnologiyanın regiondakı tətbiqi və davamlı inkişaf perspektivləri barədə məlumat əldə ediblər. Həmçinin yerli istehsalçılarla əməkdaşlıq imkanları müzakirə edilib.