“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”çərçivəsində 20 kəndin 10 və 0,4 kilovoltluq elektrik şəbəkəsinin layihələndirilərək yenidən qurulması nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı Energetika Xidməti tərəfindən ilkin olaraq dövlət satınalınması həyata keçirilib. Culfa rayonunun Yaycı, Babək rayonunun Qahab, Şahbuz rayonunun Kolanı, Şərur rayonunun Xanlıqlar və Sədərək rayonunun Qaraağac kəndlərində topoqrafiya işləri aparılıb, layihələndirmə işlərinə başlanılıb. Digər nəzərdə tutulan 15 kəndin elektrik təsərrüfatının yenidən qurulması üçün müvafiq tender elan edilib.
Ümumiyyətlə muxtar respublikanda kəndlərin elektrik təsərrüfatının yenidən qurulması üçün Xidmətin vəsaiti hesabına dövlət satınalmaları həyata keçirilərək, mal-materiallar alınıb. Alınan müasir SİP kabellər və aksesuarları, güc transformatorları, izolyatorlar, kabel ucluqları, tikinti materialları və digər avadanlıqlar muxtar respublika üzrə şəhər və rayon elektrik şəbəkələrinə göndərilib. Həmçinin ötən əsrin sonlarından istismar olunan hava elektrik verilişi xəttləri yenilənəcək, istismar müddəti bitmiş taxta dirəklər dəmir-metal dirəklərlə əvəz olunacaq. Nəticədə abonentlər daha keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq, şəbəkələrdə qəza və açılmaların sayı minimuma endiriləcək, elektrik enerjisinin texniki itkiləri azalacaq.