Soydaşlarımız “Tbilisoba” bayramına qoşulublar

post-img

Dünən Gürcüstan paytaxtında ənənəvi “Tbilisoba” bayramı başlanıb. Dost gürcü xalqının bu əziz bayramına bu bölgədə yaşayan milli azlıqların nümayəndələri də qoşulublar.

Gürcüstanda yaşayan soydaşlarımız Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkının yanında, “Meydan” ərazisində iki guşə yaradıblar. Hər iki guşədə milli mədəniyyətimizin və mətbəximizin nümunələri nümayiş etdirilir. Buraya gələn qonaqlar samovar çayı ilə şəkərbura və paxlavanın, “Borçalı qatlaması”nın, plovun, qutabların və digər milli təamlarımızın dadına baxıblar. Aşıq Nargilə Mehtiyeva Azərbaycan milli mahnılarını ifa edib. Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, iş adamları da guşələrə baxıb, təşkilatçılara dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, əsası 1979-cu ilin oktyabr ayında qoyulan “Tbilisoba” bayramı zəngin proqramla iki gün davam edəcək. Bayram çərçivəsində paytaxt Tbilisinin mərkəzində kənd təsərrüfatı, yeyinti sənayesi və yüngül sənaye məhsullarının satış yarmarkası təşkil olunub. Gürcüstanın dövlət və hökumət rəsmiləri bayram tədbiri keçirilən küçə və parkları gəzib, xalqı təbrik ediblər. Bayram günləri çərçivəsində maraqlı konsert proqramı da təşkil olunub.

XQ

Sosial həyat