Pakistan Azərbaycanla hüquqi yardım sahəsində daha sıx əməkdaşlığın təşviqinə sadiqdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar İslamabadda Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadov ilə görüşü zamanı söyləyib.
Xəzər Fərhadov Azərbaycanın xüsusilə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, texniki-iqtisadi əsaslandırmalara və tənzimləyici mühitdə naviqasiyaya diqqət yetirməklə ölkədə fəaliyyət göstərən Azərbaycan biznes sahələrinə dəstək olmağa çağırıb. Səfir iki ölkə arasında bu yaxınlarda imzalanmış əməkdaşlıq memorandumu münasibətilə təbrikini çatdırıb.
Görüşdə tərəflər öz ədliyyə sistemləri çərçivəsində əsas maraqlı istiqamətlər üçün hüquqi təhsil, təlim və bacarıqların artırılması sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu əməkdaşlığı asanlaşdırmaq üçün kiçik işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar iki ölkə arasında sıx əlaqələri vurğulayaraq, Azərbaycanın ədliyyə nazirini Pakistana səfərə dəvət edib.