Sentyabrın 27-də - Anım Günündə Şərur rayonunun Ələkli kəndində Şəhidlər məscidi istifadəyə verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova Azərbaycanın Böyük Qələbə ilə yekunlaşan zəfər yürüşünə başlamasından 4 il ötdüyünü bildirib. Vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuz 2020-ci ildə 44 gün ərzində düşməni məğlub edərək işğal altında olan torpaqları azadlığa qovuşdurdu. Ötən il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə isə ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu. Torpaqların azadlığı uğrunda xalqımız şəhidlər verdi, qazilərimiz oldu.
Qeyd olunub ki, Azərbaycan dövləti və xalqı şəhidlərin əziz xatirəsini daim uca tutur, fəxrlə anır. Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da şəhid ailələri, qazilər dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Qəhrəman Vətən oğullarının doğum və anım günləri qeyd edilir, xatirələri əbədiləşdirilir, rayonlarda şəhidlər üçün abidə kompleksləri, bulaqlar tikilir. Bu gün Şərur rayonunun Ələkli kəndində istifadəyə verilən Şəhidlər məscidi də igid övladların qəhrəmanlığına göstərilən ehtiramın əlamətidir.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderlik cəsarəti, igid övladların canı-qanı hesabına sentyabrın 27-dən başlanan Zəfər yolu bizləri mübarizlik rəmzi olan Dövlət Suverenliyi Gününə qovuşdurdu. Bu şanlı qələbənin əldə edilməsində Şərur rayonunun Ələkli kəndinin mərd oğullarının da qəhrəmanlıqları dillər əzbəri olub. Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimli məhz bu torpağın yetirməsidir. Eyni zamanda bu kəndin cəsur oğulları İlkin Rzayev, Elton Qənbərli, Rauf Qurbanov, İbrahim Sadiqli, Sərxan Salahov da Vətən müharibəsi zamanı misilsiz qəhrəmanlıqlar göstəriblər.
Vurğulanıb ki, Ələkli kənd cəmiyyətinin ötən ilin avqust ayında rayon icra hakimiyyətinə şəhidlərin xatirəsinə həsr olunmuş yeni məscid binasının tikintisi ilə bağlı etdikləri müraciət müsbət qarşılanıb, müvafiq dəstək göstərilib. Yaradılan şərait və imkanlar nəticəsində bu möhtəşəm məscid binasının inşası bir il ərzində başa çatdırılıb.
Kamal Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin multikultural dəyərlərin qorunması sahəsində həyata keçirdiyi işlər nəticəsində bu gün Azərbaycan dinlərin birgəyaşayış və qarışıqlı hörmət müstəvisində inkişaf etdiyi ən tolerant ölkələrdən biridir. Məscidin üzərində 16 metr hündürlüyündə minarə və künbəz inşa olunub. 220,6 kvadratmetr ərazidə salınmış birmərtəbəli məscidin daxili 172 kvadratmetr sahəni əhatə edir. Məsciddə eyni vaxtda 155-ə yaxın insan ibadət edə bilər. Burada fiziki məhdudiyyətli şəxslərin rahat ibadəti üçün də şərait yaradılıb, həmçinin məscid zəruri texniki avadanlıqla təchiz edilib. Həyətdə köməkçi bina da inşa olunub.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Sahib Məmmədov “Qurani-Kərim”dən ayələr səsləndirib, İslam dininin aşıladığı xeyirxah əməllərdən danışıb, yeni məscidin inşasının kənddə dəyərlərimizin düzgün şəkildə öyrənilməsi, yaşadılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Kənd ziyalıları, ağsaqqallar, şəhid valideynləri, məscidin tikintisində əməyi keçən şəxslər, ictimai birliklərin rəhbərləri Ələkli kəndində ilk məscidin inşa edilməsini yüksək qiymətləndirib, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Zəfərdən, qəhrəman oğulların keçdiyi döyüş yolundan söhbət açıblar.
Ələkli kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndirib, şəhidlərimizin həyat və döyüş yolundan bəhs ediblər.
Sonra yeni istifadəyə verilən Şəhidlər məscidində ilk azan səslənib, yaradılan şəraitlə tanışlıq olub, məscidə “Qurani-Kərim” hədiyyə edilib.