“Sonuncu etnik təmizləmə: Sumqayıt hadisələrinin günahsız qurbanı...”

post-img

Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilovun təşkilatçılığı ilə BAMF-ın ofisində Ermənistanda azərbaycanlılara qarşı sonuncu etnik təmizləmə və Sumqayıt hadisələrinin günahsız qurbanı Əhməd Əhmədova həsr edilmiş tədbir keçirildi. Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri və mərhum Əhmədovun qardaşları iştirak edirdilər.

Səməd Vəkilov Əhməd Əhmədovun keçməkeşli həyatından, vətənpərvərliyindən söhbət açaraq bildirdi ki, cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin 1988-ci il fevralın 27-28-də Sumqayıtda baş vermiş hadisələrin istintaq işlərinin yenidən araşdırılması ilə bağlı göstərişinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğunda sözügedən cinayət işinin icraatı təzələnmişdir. Bu baxımdan, Əhməd Əhmədovun məzarının geri alınması ilə bağlı məsələlər də diqqətdə saxlanılacaq.

ADPU-nin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Huseynova Ermənistanda baş vermiş sonuncu etnik münaqişə zəminində baş vermiş Sumqayıt hadisələrindən, bu hadisələr fonunda Dərələyəz mahalından insanların erməni separatçıları tərəfindən necə çıxarılmasından, əmisi Ələsgər Nağiyevin çeçen komandirinin dəstəyi ilə, böyük fədakarlıqla, əhalinin təhlükəsiz şəraitdə çıxarılaraq Naxçıvanın Çalxanqala kəndinə köçürülməsinə yardım etməsindən danışdı.

Professor Mahirə Hüseynova, həmçinin Əhməd Əhmədovun nəşinin Azərbaycana qaytarılması və ona bəraət verilməsinin vacibliyini də vurğuladı. Qeyd etdi ki, Sumqayıt təxribatının fəal icraçılarından biri 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında ermənidir. Çünki hadisələr zamanı öldürülən 26 erməninin 6-nı məhz o öldürüb. Hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyaya nümayiş etdirilməsi haqqında danışdı.

Əhməd Əhmədovun qardaşı Məmmədağa Əhmədov çıxışında bildirdi ki, Sumqayıt hadisələrinin təşkilatçıları ermənilər olmuşdur. Günahsız yerə Əhməd Əhmədovu qurban seçdilər, lakin Əhməd məhkəmədə onları ifşa edərək günahsız olduğunu sübut etdi. Əhmədin onları ifşa etməsi isə ona həyatı bahasına başa gəldi. Əhməd Azərbaycanın Azadlığı yolunda qurban getdi.

Sonra Qərbi Azərbaycan Dərələyəz mahalı Paşalı icmasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev çıxış edərək bildirdi ki, Sumqayıt hadisələri zamanı Dərələyəzdəki Gomur kəndində Sumqayıtda guya ermənilərə qarşı soyqırımı olduğunu və soydaşlarımızı Ermənistanda böyük təhlükələrin gözlədiyini eşidib, buna görə həyəcanlı anlar yaşayıblar.

Keşkənd İcmasının sədr müavini, şair Məhəmməd Rəsuloğlu sonuncu etnik təmizləməni hər bir keşkəndlinin öz taleyində yaşadığını bu hadisələrin ciddi tədqiq edilməyə ehtiyacı olduğunu vurğuladı.

“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu da  çıxışında Sumqayıt hadisələri barədə məzmunlu çıxış edərək qeyd etdi ki, 200 ildən artıqdır ermənilər Azərbaycan türklərinə qarşı soyqırımı törədirlər. Ermənilərin yaxın keçmişmizdə törətdikləri Xocalı soyqırımını unutmaq olmaz. Xocalı faciəsində 613 nəfər yox, 3813 nəfər qətlə yetirilib. Bu barədə erməni mənbələri məlumat verir.

Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Ümid Mirzəyev, AMEA-nın Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, Azərbaycan Dövlət Televiziyasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, Dərələyəz icmasının üzvü, ehtiyatda olan mayor Telman İbrahimov, Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, Qarabağ müharibəsi iştirakçısı Mobil Vəkiloğlu, diaspor nümayəndəsi Şahin Əmirxanov, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin əməkdaşı, Keşkənd İcmasının sədr müavini, Çivə kənd icmasının rəhbəri Möhübbət Səmədoğlu və başqaları da çıxış etdilər. 

Anar TURAN,

XQ



Sosial həyat