Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası və COP 29-la bağlı silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbirlərdən biri Vətəndaş cəmiyyəti, elm və təhsil sektorlarının birgə əməkdaşlığı ilə ərsəyə gələn “Plastik Yaşıl Dünya naminə” mövzusunda Dəyirmi masa olub.
LDU-nun rektoru, prof. Natiq İbrahimov tədbirin tərəfdaşlarından olan ETN Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, “Ruzgar” İctimai Birliyinin sədri, prof. İslam Mustafayevi və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Görüşdə LDU-da ekoloji mövzuda kadr hazırlığı, bu sahədə son illərdə görülmüş işlər, qarşıda duran vəzifələr, COP-29-la bağlı keçirilən tədbirlər, ölkədə və bölgədə ekoloji problemlərin tənzimlənməsi istiqamətində birgə fəaliyyətin vacibliyi, elmi əməkdaşlığın istiqamətləri və s. barədə ətraflı söz açılıb, təklif və rəylər səslənib.
Görüşdən sonra LDU-nun professor-müəllim-tələbə heyətinin birgə iştirakı ilə Dəyirmi masa keçirilib. Dəyirmi masanı LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev açıb və COP 29-la bağlı LDU-da keçirilmiş tədbirlərdən, dünyada və ölkədə ekoloji tarazlığın qorunmasının vacibliyindən danışıb.
ETN Radiasiya Problemləri İnstitutunun baş direktoru, prof. İslam Mustafayev “Plastik tullantıların idarə olunması: Problemlər və onların həlli yolları”, sözügedən institutun elmi katibi, dos. Əminə Mikayılova “Yaşıl dünya naminə həmrəylik ilində COP-29-a doğru”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Emil Qafarov “Yaşıl dünya naminə həmrəylik ilində tədrisin təşkili”, PRİ-nin təhsil şöbəsinin müdiri, b.üzr.f.d. Nərmin Quliyeva “Hirkan Milli Parkının biomüxtəlifliyi” mövzularında məruzə ediblər. Məruzələr ətrafında fikir mübadiləsi edilib, suallar cavablandırılıb.
Dəyirmi masadan sonra LDU tələbələrinin iştirakı ilə Xəzər dənizinin plastik tullantılardan təmizlənməsi ilə bağlı aksiya keçirilib.