Ümumilikdə, seçkilər günü 5 məntəqəyə baş çəkmək imkanım oldu, onlardan ikisi Bakıda idi. Xüsusən səhər saatlarında məntəqənin açılmasını müşahidə etdim. Açılışdan əvvəl də orada seçici növbəsi var idi və insanların seçkilərə məsuliyyətlə yanaşması çox sevindirici haldır. Ən əsası, gələcəyinizlə bağlı olduqca mühümdür. Sonra günorta Qarabağ bölgəsinə getdik, seçki məntəqələrində olduq. Azərbaycanın Şuşa və Füzuli şəhərlərində seçki prosesinin gedişatını müşahidə etdik.
Bu barədə AZƏRTAC-a müsahibəsində Latviyanın Seçki Komitəsi Mərkəzinin sədr müavini Baiba Veisa deyib. O əlavə edib: “Füzuli şəhərində insanların çoxluğu məni çox təəccübləndirdi. Seçicilər hələ seçki məntəqələri açılmamış küçədə növbəyə dururdular. Beləliklə, bütün gün ərzində insanlar gəlirdi, sıraya düzülürdü və öz növbələrini gözləyirdi. Baş çəkdiyim bütün məntəqələr qanunvericiliyə uyğun şəkildə təchiz olunmuşdu. Komissiyadan olan həmkarlarım mənə heç bir qanun pozuntusu barədə məlumat vermədilər, elə özüm də onları müşahidə etməmişəm. Təbii ki, şəhərdə çoxlu sayda gənci görməyim məni sevindirdi”, - deyə latviyalı müşahidəçi əlavə edib.
Azərbaycan-Latviya əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edən Baiba Veisa deyib: “Biz həqiqətən də Latviya ilə Azərbaycan arasında dostluq əlaqələrinin gələcəkdə də davam edəcəyinə ümid edirik. Rəsmi nümayəndə heyətlərimiz kifayət qədər tez-tez Azərbaycana gəlir və təbii ki, Azərbaycandan da Latviyaya nümayəndə heyətlərinin gələcəyini gözləyirik”.