113 saylı Qax-Şəki seçki dairəsi dairə seçki komissiyasının (DSK) 4 saylı məntəqəsində səhhətləri seçki məntəqəsinə gəlməyə imkan vermədiyi üçün yeddi nəfərin evinə daşınan seçki qutusu aparılıb. Onlardan da biri Vətən müharibəsi şəhidi Asəf Ağayevin atası Abid Ağayevdir.
Seçki dairəsinə daxil olan 73 seçki məntəqəsinin 60-ı Qaxda, 13-ü isə Şəki rayonunda yerləşir. Dairə üzrə 54 min 437 seçici bu gün öz səsvermə hüququndan istifadə edir.
Dairənin 4 saylı məntəqəsində isə 1006 nəfər seçici qeydiyyatdadır. Məntəqə sədri Dilşad Mustafayevanın sözlərinə görə, həmin seçicilərdən 7 nəfər onlara müraciət edərək evdə səs vermək istədiklərini bildirib. Beləcə məntəqədə daşınan qutu hazırlanır, səs verəcək seçicilərin bülletenləri qaydasına salınaraq məntəqə üzvü və müşahidəçilərdən birinin iştirakı ilə yola alınır.
Vətən müharibəsi şəhidi Asəf Ağayevin atası Abid Ağayev uzun illərdir yataq xəstədir. Parlament seçkiləri ilə əlaqədar Abid Ağayev dairə seçki komissiyasına müraciət edərək, evində səs verməsi üçün şərait yaradılmasını xahiş edib. Buna görə də onun evinə daşınan seçki qutusu gətirilib.
Abid Ağayev ötən müddətdə seçki prosesini izlədiyini, hər bir namizəd barədə ətraflı məlumat topladığını bildirib.
Daha sonra ona bülleten təqdim edilib. Şəhid atası bülleteni bir daha diqqətlə nəzərdən keçirdikdən sonra öz namizədinə səs verib.
4 saylı seçki məntəqəsinin üzvü Təranə Məcidova bildirib ki, onlar daha altı ünvana yollanaraq xəstə, ahıl insanların səs verməsini təşkil edəcəklər.
Qeyd edək ki, bu dairə üzrə 9 namizəd qeydə alınıb.