Misirli nazir: Azərbaycanın dünyada sülhə və anlaşmaya nail olunmasına xidmət edən təşəbbüsləri İslam aləmində yüksək dəyərləndirilir

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Misir Ərəb Respublikasının Dini işlər və vəqflər naziri Usama Əl-Əzhəri ilə görüşüb.

Komitədən  bildiriblər ki, görüş zamanı R.Məmmədov iki ölkə arasında dostluq münasibətlərinə diqqət çəkərək, Azərbaycan və Misir prezidentlərinin siyasətinin bütün sahələrdə əməkdaşlığın ən yüksək səviyyədə qurulması üçün etibarlı zəmin yaratdığını bildirib. Ölkəmizdəki dövlət-din münasibətləri, multikultural mühit haqqında danışan komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər, milli-mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüslərinin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə böyük töhfələr verdiyini vurğulayıb. Müvafiq qurumların, habelə Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Misirin dini təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.

Nazir Usama Əl-Əzhəri Azərbaycanın mənəvi birliyə, birgəyaşayışa, dünyada sülh və anlaşmaya nail olunmasına xidmət edən təşəbbüslərinin İslam aləmində yüksək dəyərləndirildiyini bildirib. Qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərinə toxunan nazir ölkəmizin müvafiq sahədə fəaliyyət göstərən qurumları arasında əlaqələrin daha da güclənməsi üçün yaxşı imkanların mövcud olduğunu deyib.

Dövlət Komitəsi sədri Ramin Məmmədovun Ümumdünya Fətva Evlərinin Baş katibi İbrahim Nəcm ilə görüşündə bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də iki ölkə arasında əməkdaşlığın uğurla davam etdirildiyi vurğulanıb. Beynəlxalq tədbirlərdə fəal tərəfdaşlığın bu əməkdaşlığı daha da gücləndirdiyi qeyd olunub. Azərbaycanın dinlərarası dialoqa, İslam həmrəyliyinə, eyni zamanda, islamofobiya ilə mübarizəyə mühüm töhfələr verdiyi bildirilib. Ölkəmizin ev sahibliyi edəcəyi COP29 çərçivəsində dünya dini liderlərinin Zirvə görüşünün keçirilməsinin, qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu din xadimlərinin iştirakı ilə birgə müzakirəsinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.







Sosial həyat