TƏLİM-TƏRBİYƏDƏ MÜSTƏSNA AMİL – MÜƏLLİM NÜFUZU

post-img

Müəllim hər bir millətin, xalqın inkişafında həlledici simadır. Millətin gələcək taleyi onun əlindədir. Çünki o, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müstəsna rol oynayır. Bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə və qabiliyyətinə malikdir. Necə deyərlər, “Bir kitab, bir qələm, bir uşaq və bir müəllim dünyanı dəyişə bilər”.

Cəmiyyətin tərəqqisi isə onun təhsili ilə birbaşa bağlıdır. Dunya təcrübəsi göstərir ki, vacib və zəruri amillər olsa da, nə təhsilə cəlbetmə səviyyəsinin artırılması və təhsilin müddəti, nə təhsil infrastrukturunun gücləndirilməsi və təhsil müəssisələrinin sayının artırılması, nə də mükəmməl normativ sənədlərin qəbul edilməsi özlüyündə mocuzə yarada bilmir, yəni insanların bilik və bacarıqlarının yüksəlməsinə tam təminat vermir. Bilik və bacarıqlar öyrənmə prosesinin keyfiyyəti ilə əldə edilir ki, burada əsas və həlledici sima yenə də müəllimdir.  

Vaxtı ilə Platon demişdi: “Müəllimlik bir Tanrı sənətidir”. Dinimizdə müəllimlik o qədər yüksək və müqəddəs tutulur ki, uca Yaradan belə özünü müəllim adlandırır. “Bəqərə” surəsinin 31-ci ayəsində oxuyuruq: “Allah Adəmə müəllimlik etdi. Ona elm öyrətdi”. Ümumilli liderimiz, dünya şöhrətli siyasətçi H.Əliyev də müəllim adının müqəddəsliyini daim vurğulayırdı. O deyirdi ki, “Müəllimlik sənəti şərəfli bir sənətdir. Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Təəssüf ki, indi müəllimə olan ənənəvi hörmət aşınmaya məruz qalıb. Bu gün müəllimin nüfuzu 30-40 il bundan əvvəlki nüfuz deyil, xeyli zəifləyib. Bu mənada Kolumbiya Universitetinin professoru Jak Barze haqlı olaraq deyib ki, “Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir".

Əgər biz, həqiqətən, cəmiyyətimizin tərəqqisinə nail olmaq, Azərbaycan təhsilini keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevirmək  istəyiriksə, digər işlərlə yanaşı müəllim nüfuzunun yüksəldilməsinə çalışmalıyıq. 

Bu gün əsas vəzifələrdən biri “itirilmiş ənənənin” bərpası, müəllim nüfuzunun yüksəldilməsi olmalıdır. Üzərinə cox böyuk məsuliyyət, qarşısına cox mühum strateji hədəflərin gercəkləşdirilməsi tələbi qoyulan təhsilverənlərin nüfuzu və ictimai rolu hər vasitə ilə qorunmalıdır. Çünki müəllim nüfuzu təlim-tərbiyədə müstəsna amildir.

 Ömrümün 45 ilini pedaqoji işə həsr edən bir şəxs kimi qətiyyətlə bildirirəm ki, müəllimin nüfuzunun yüksəldilməsi onun özündən və pedaqoji kadr hazırlığından birbaşa asılıdır. Müəllim hər şeydən əvvəl yüksək şəxsi keyfiyyətlərin daşıyıcısıdır. O, yüksək əqidə sahibi, öz peşəsinin vurğunu olmalı, yüksək mədəniyyətə və mənəviyyata, dərin biliyə və erudisiyaya, yüksək nüfuza malik olmalıdır. Hər cəhətdən başqalarına - hamıya nümunə olmalıdır. Çünki “Müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər”.

Müəllim həmçinin mükəmməl peşə qabiliyyətlərinə sahib olmalıdır. O, akademik, didaktik, kommunikativ, konstruktiv, pedaqoji, iradi-emosional və digər qabiliyyətlərə kamil yiyələnməlidir. Yaxşı müəllim olmağa çalışmalıdır. Yəni V.A.Suxomlinskinin dediyi kimi, o öz peşəsinin ustası olmalı, psixologiya və pedaqogika eimlərini və öz fənnini dərindən bilməli, şagirdləri öz övladları kimi sevməlidir. L.N.Tolstoy deyərmiş ki, öz işini sevən müəllim yaxşı müəllimdir, uşaqları və fənnini də sevən müəllim isə əla müəllimdir. 

Bu peşə ilə məşğul olan hər bir kəs onun müqəddəsliyini dərk etməli və müəllimlik peşəsinin şərəfini uca tutmalıdır. Müəllim nüfuzu yalnız özü üçün deyil, arxadan gələn xələfləri üçün qazanmalı və qoruyub saxlamalıdır. Müəllim mənəvi keyfiyyətlərindən, akademik biliyindən və peşə qabiliyyətlərindən tutmuş danışığına, insan və hadisələrə ədalətli münasibətinə, geyiminə, oturub-duruşuna kimi hər şeyə diqqət etməlidir.  Həyata baxışı, səmimiyyəti, başqalarına qarşı diqqəti ilə fərqlənməli, fərqli fikir və mövqelərə hörmətlə yanaşıb, tolerantlıq nümayiş etdirməlidir. O, cəmiyyətin, bütün insanların diqqət mərkəzində olan peşə sahibidir. Yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız bir söz müəllimi nüfuzdan sala bilər. Təəssüf ki, çox vaxt bir müəllimin yanlış hərəkəti bütün müəllimlərin ünvanına aid edilə bilir. Çoxillik təcrübəmdən görmüşəm ki, zamandan geri qalmayan, daim oxuyub öyrənən, dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu həmişə yüksək olub.   

İndi ölkəmizin təhsil müəssisələrində yüksək ümumi-mədəni və peşə-ixtisas səviyyəsinə malik minlərlə, on minlərlə müəllim çalışır. Müəllim vəzifəsini belə nüfuza, hörmətə çatdıran, zirvəyə ucaldan da onlar özləri olmuşlar. Təəssüf ki, bu gün şəxsi keyfiyyətləri, akademik bilikləri və peşə qabiliyyətləri aşağı olan, öz peşəsinə layiq olmayan müəllimlərə də təsadüf olunur. Əlbəttə, onlar  müəllim nüfuzuna xələl gətirirlər. Yəqin ki, yeni tətbiq olunan MİQ və sertifikasiya qaydaları ilə məktəblər tədricən bu cür müəllimlərdən təmizlənəcəklər.  

Təkrarlanmaması üçün universitet və kolleclərdə müəllim hazırlığı ciddi nəzarətə götürülməlidir.   Məlumdur ki, pedaqoji peşəkarlığın əsası, onun özülü ali (və ya orta-ixtisas) təhsil prosesində, ilkin müəllim hazırlığı, yəni bakalavr təhsili zamanı qoyulur. Hazırda ölkə universitetlərinin bir çoxunda (hələ kollecləri demirik) müəllim kadrları hazırlanır. Zənn edirik ki, buna ehtiyac yoxdur. Çünki movcud pedaqoji kadrların sayı onlara olan real tələbatı 2-3 dəfə ustələyir. (Müəllim nüfuzunun aşağı düşməsinin bir səbəbi də elə budur) Əgər belə davam edərsə, yaxın gələcəkdə pedaqoji təhsilli işsizlər toplumu yaranacaq. Ona görə təklif edirik ki, pedaqoji ixtisaslara plan yerlərinin sayı azaldılsın və müəllim hazırlığı ADPU başda olmaqla normal potensialı olan universitetlərdə mərkəzləşdirilsin. Orta-ixtisas məktəblərində isə pedaqoji kadr hazırlığı tədricən dayandırılsın. Kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilsin. Unutmayaq ki, təhsil strateji fəaliyyət sahəsi, müəllim hazırlığı isə milli təhlükəsizlik məsələsidir.  

 Keyfiyyətli müəllim kadrları hazırlığı ümumi inkişafın açarıdır. Sirr deyil ki, universitetləri və kollecləri qurtarıb işə başlayanların xeyli qisminin peşə-ixtisas səviyyəsi aşağı olur. Düzdur, universitet təhsilli gənc pedaqoji kadrlarda elmi və pedaqoji bacarıqların formalaşması tam başa catmır, bu bacarıqlar, əsasən, 1-2 ilə məktəbdə tam formalaşır. Amma bəzən səviyyə o dərəcədə aşağı olur ki, qeyd edilən bacarıqların formalaşacağına umid belə qalmır. Məktəblərdə belə “müəllimlər” susuz bulağa, işıqsız lampaya bənzəyirlər”. Ona görə universitetlərin əsas vəzifəsi müasir təhsil çağırışlarına cavab verən, zəruri kompetensiyaları formalaşan, yeni pedaqoji təfəkkürə yiyələnən, müasir təlim metodlarını dərindən mənimsəmiş savadlı və istedadlı gənc pedaqoqların, səriştəli təhsil verənlərin hazırlanması  olmalıdır. Onu da unutmaq olmaz ki, bu gün sırf nəzəri xarakter daşıyan təhsil oz fundamental əhəmiyyətini itirməkdədir. İndi təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktiki bilik və bacarıqlar, səriştənin vacibliyi, yeni modelli təhsil önə cəkilir.

Müəllimliyə təsadufi gəlişlərin də qarşısı alınmalıdır. Çox hallarda pedaqoji ali məktəblərə daxil olan tələbələrin müəyyən qisminin pedaqoji peşə seçmələrinin onların maraq və motivlərindən, yaxşı müəllim olmaq arzusunun reallaşdırılmasından irəli gəlmədiyi özünü göstərir. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, sabiq Təhsil naziri, çox hörmətli M.Mərdanov “Müəllim nüfuzu və ona təsir göstərən amillər” adlı məqaləsində yazır: ”Təhsil naziri olduğum illərdə dəfələrlə auditoriyalarda “Kim müəllim olmaq arzusu ilə bu fakültəyə qəbul olunub?” sualını vermişəm, demək olar ki, heç kəs əlini qaldırmayıb, hamısı başqa ixtisas almaq üçün imtahanlara qatıldığını bildirib. Təəssüf ki, yüzlərlə tələbə könülsüz olaraq müəllimlik ixtisasında təhsil alıb, qeyd edilən səbəblərə görə oxuduğu müddətdə də müəllimlik peşəsini sevə bilməyib, universiteti “birtəhər” başa vurub, nəticədə müəllim işləməli olub”. Təsəvvür edin ki, gecə-gunduz həkim olmaq arzusu ilə yaşayan, gecə yatanda da özünü ağ xalatlı həkim kimi görən, gələcəkdə müəllim işləyəcəyi hec ağlının ucundan belə kecməyən abituriyent “oyundankənar vəziyyətdə” qalmamaq ucun (mövcud qəbul qaydaları bu ixtisasa  aşağı bal ilə qəbul olunmaq imkanı yaratdığına görə, ya da valideyninin təkidi ilə) ixtisas secimində biologiya müəllimi ixtisasını da “secir”. Məlum səbəbdən arzulamadığı halda bu ixtisas uzrə təhsil alır, təbib yox, müəllim olur. Nə acı ki, bu proses hazırda da davam edir. Şübhəsiz ki, pedaqoji sahəni təsadüfən seçən, qəlbən, ruhən deyil, yalnız diplomuna görə müəllim olan belələri gələcəkdə həqiqi müəllim ola, urəyini uşaqlara verə bilməyəcək. Belə “zorən müəllim”lərin çoxunun sonda təhsil müəssisələrində baş girləyən adamlara cevrildiyini hamı yaxşı bilir. Ən pisi də odur ki, belələri əsl müəllimlərin nüfuzuna cox ciddi zərbə vururlar. Yaxşı olar ki,   bu ixtisasa qəbul zamanı xüsusi keçid balı tətbiq olunsun, mətbuatda da qeyd edildiyi kimi, akademik biliyi ölçən imtahanlarla yanaşı, abituriyentlərin bu peşəyə münasibəti və peşəylə bağlı bacarıqları da dəyərləndirilsin. 

 Müəllim hazırlığından söz düşmüşkən, bir məsələni də xüsusi vurğulamaq istərdik. Universitetlərdə müəllim kadrlarının hazırlığı zamanı çalışmaq lazımdır ki, gələcəyin müəllimi özünün xalq və dövlət qarşısındakı borcunu və məsuliyyət daşıdığını aydın dərk etsin, təhsilə aid normativ sənədləri diqqətlə öyrənsin. Çünki o, gənc nəslin mənəvi aləminin memarı olacaqdır. Öz hüquq və vəzifələrini aydın bilməli, məsuliyyətini bəri başdan hiss etməlidir. Müəllimlik peşəsinin şərəfli olduğu qədər də məsuliyyətli və çətin olması barədə dahi Ü.Hacıbəyov belə yazırdı: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar. Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır”. 

Müəlimin nüfuzunun güclənməsi  cəmiyyətin ona münasibətindən də çox asılıdır. Çünki, təhsil sistemi cəmiyyətin fövqündə deyil, müəllim də cəmiyyətin bir üzvüdür. Həm də cəmiyyətin formalaşmasında xüsusi rolu olan bir üzv.  Ona görə də həm təhsil sistemində, həm də müəllimin həyatında və fəaliyyətində  baş verən bütün hallara cəmiyyət çox həssas reaksiya və qiymət verir.

Təəssüf ki, hazırda cəmiyyətdə müəllim nüfuzu əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, buna doğru gedir. Və bu, arzuolunmaz və çox təhlükəli haldır.  Mütəxəssislər də cəmiyyətdə şəxsiyyətin inkişafı və formalaşmasında yaranmış problemləri məhz müəllim nüfuzunun aşağı düşməsi, bu səbəbdən onlara inamın azalması amili ilə əlaqələndirirlər.   

Cəmiyyətdə müəllim nüfuzunun aşağı düşməsində də birinci səbəbkar müəllimlərin özləridir. Təəssüf ki, bu gün təhsil müəssisələrində öz peşəsinə layiq olmayan müəllimlərə də təsadüf olunur. Heyf ki, bəzilərində müəllimə münasibət çox vaxt belələrinin timsalında formalaşır.

Müəllim-valideyn-cəmiyyət üzvləri arasında qarşılıqlı anlaşmanın və həmrəyliyin olmaması da müəllim nüfuzunu zədələyir. Məktəb rəhbərləri ilə müəllim, müəllimlə müəllim, müəllimlə şagird, müəllimlə valideyn arasında anlaşılmazlıqlar, mübahisələr və digər neqativ hallar  keçmişdə də olub, indi də var və çox güman ki, gələcək də bunlardan xali olmayacaq. Əvvəllər (internetsiz dövrdə) baş vermiş anlaşılmazlıqlar, mübahisələr və digər neqativ hallar  çox vaxt qarşılıqlı anlaşma ilə aradan qaldırılmış, haqlı-haqsız müəyyən olunmuş, dövlətin qanunlarına əsasən uyğun tədbirlər görülmüşdür. İndiki kimi publikaya ünvanlanaraq qəzetlərdə, xüsusən sosial şəbəkələrdə manşetə çıxarılmamış, el-aləmə faş edilməmişdir. Nöqsanı və günahı olan bir qrup müəllimə və məktəbə görə minlərlə məktəb və müəllim haqqında yalnış təsəvvür yaradılmamışdır. 

 Bəzi müəllimlərin peşə-ixtisas səviyyələrinin çox aşağı olması, pedaqoji prosesi təşkil və idarə edə bilməmələri, müəllim-şagirdləri münasibətlərində neqativ halların çoxalması, bu səbəbdən də müəllimlərlə valideynlər arasında anlaşılmazlıq, narazılıq və münaqişələrin yaranması, xoşagəlməz hərəkətlərin  (məsələn, fiziki cəza üsullarının tətbiqi, süpürgə pulu, fond pulu, təmir pulu, sümmativ pulu, ad günləri və s.) meydana çıxması, nizam-intizamın pozulması, bu halların qarşısının alınması üçün vaxtında təsirli tədbirlərin görülməməsi və s. cəmiyyətdə müəllimə qarşı mənfi təsəvvürlərin yaranmasına gətirib çıxarmışdır.

Nə qədər qəribə səslənsə də, cəmiyyətin müəllimə yanlış münasibətinin yaranmasında siyasətçilərin, rəhbər şəxslərin, təhsil məmurlarının da “rolu” var. Onların zaman-zaman söylədikləri “müəllim maaşla dolana bilmirsə, işdən sonra gedib daş hörüb, fəhləlik etsin”, müəllimlər “şaftalı, anbar, dastan” sözlərini düz yaza bilmirlər, müəllimlər “çubuqlu bölmə”ni həll etməyi bacarmırlar” və s. kimi   fikirlər cəmiyyətdə müəllim nüfüzuna mənfi təsir edir. Görəsən, bu sözləri publikaya ünvanlayanlar fikirləşmirlərmi ki, qurunun oduna yaşı da yandırırlar. 

Cəmiyyətdə müəllim nüfuzuna zərbə vuran bir amil də repetitorluq, hazırlıq kursları (mərkəzləri) şəbəkəsinin yaranmasıdır. Etiraf edək ki, bu şəbəkələr məktəb mühitini dağıdır. Bunların hesabına artıq məktəbə, müəllimə əsas bilik verən kimi baxılmır. Valideynlər  öz övladlarını kütləvi şəkildə repetitor yanına, hazırlıq kurslarına yönəldirlər. Bu isə  məktəblərin və burda çalışan müəllimlərin sürətlə nufuzdan düşməsinə səbəb olur. Əlbəttə, bunun cox ciddi səbəbləri vardır. Yazımızın mövzusuna və məzmununa müvafiq olmadığı üçün bu səbəbləri açıqlamaqdan vaz keçib, başqa bir yazıya saxlayırıq.

Zənn edirik ki, müəllim peşəsinin statusuna təsir edən başqa bir çox güclü qüvvə mediadır. Əlbəttə, təhsildən, müəllimdən yazmaq lazımdır. Tənqid etmək, irad bildirmək, təkliflər vermək də lazımdır. Bunlar ümumi işin xeyrinədir. Amma haqq-ədalətlə yazmaq lazımdır. Düşünülməmiş,  səriştəsiz, mənqiqsiz çızma-qara,  hədyan yazmağa heç bir media orqanının mənəvi haqqı yoxdur. Təəssüf ki, bəzi media orqanları sanki müəllimlərə qənim kəsilib. Elə bil bunlara tapşırılıb ki, hər vasitə ilə məktəbi, müəllimi gözdən salın. Hər bəhanə ilə müəllimi müzakirə obyekti edin. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda müntəzəm olaraq qarşılılaşdığımız xəbərlərin başlıqlarına baxın: “Məktəb rəhbəri müəllimi təhqir edib”, “Şagird dərs zamanı nalayiq sözlər işlədib”, “Şagird müəllimə əl qaldırıb”, “Müəllim şagirdi döydü”, “Şagird öz sinif yoldaşını döydü”, “Valideynlə müəllim dalaşıb”, “Müəllim öz həmkarı ilə dalaşıb”, “Müəllimlik kişi işi deyil”, “Qadın müəllimlərin davası” və s. Əlbəttə, belə xəbərlərin ictimailəşməsi, geniş izləyici kütləsinə çatdırılması əks effekt verə bilər. Xəbər hadisədir. Amma hər hadisə xəbər deyil. 

Bu günlərdə “Baku tv” “Müəllim olmaq istəyənlər nazirləri tanıyır?” adlı bir videomaterial vermişdi. Materialın nə məqsədlə verildiyi anlaşılmır. Anlaşılan odur ki, əməkdaş yalnız müəllimlərin yanlışlarını tutmaq və qabartmaq istəyir. Guya   müəllim bütün nazirlərin adlarını bilməyə məcburdur və ya hansısa nazirin adını bilməsə, ondan yaxşı müəllim olmazmış. Bu adam anlamır ki, 5-3 nəfərin timsalında belə halları ümumiləşdirərək içtimailəşdirmək etik deyil. Məktəb və müəllimlərlə bağlı neqativ halların qabardılması yolverilməzdir. 

Ötən günlərdə əksər media orqanlarında “Müəllimə şiddət göstərildi” başılığı ilə xəbər yayılmışdır. Hər gün ölkədə onlarla ailə münaqişəsi baş verir, onlarla insan şiddətə məruz qalır. Nə üçün onlardan bəhs edəndə peşələri qeyd olunmur? Söhbət müəllimdən gedəndə “müəllim” sözü başlığa çıxarılır. Bəyəm bu əməkdaşlar bilmirlərmi ki, belə hallarda jurnalistin Etik Davarnış Qaydalarına görə şəxsiyyətin peşə ilə bağlı bilgiləri qabardılmamalıdır.

 Təəssüf ki, bu cür nümunələrin sayını çoxaltmaq da olar. Amma ehtiyac görmürük.  Mətbuat nümayəndələri bu yolla reytinq qazandıqlarını, “problemləri” həll etdiklərini düşünürlər. Lakin başa düşmürlər ki, verdikləri “xəbərlər”in  ziyanı xeyrindən çox olur. Nöqsanı və günahı olan az bir qism müəllimə və məktəbə görə minlərlə məktəb və müəllim haqqında yalnış təsəvvür yaradırlar. Bir neçə xoşagəlməz hərəkət edən müəllimə görə, bütün müəllimlərin üzərinə ləkə salmaq olmaz.

Hələ mən məktəb rəhbərlərindən və bir-birindən incik düşən müəllimlərin, müəllimlərlə aralarında anlaşılmazlıq və narazılıq yaranan valideynlərin müxtəlif səhifələrdəki qeyri-etik söhbət və video paylaşımlarını demirəm. Əgər neqativ hallar baş veribsə, müəssisə rəhbərlərinə, yuxarı təhsili idarəetmə orqanlarına, lap elə hüquq mühafizə orqanlarına müraciət etmək bu halların sosial şəbəkələrdə içtimailəşdirilməsindən səmərəli olmazmı?! Axı belə paylaşımlar cəmiyyətdə həm də nümunəvi məktəblərə və müəllimlərə qarşı heç də yaxşı olmayan fikir formalaşdırır, insanların baxışını mənfiyə doğru dəyişir. 

Məktəb və müəllimlərlə bağlı neqativ halların qabardılması yolverilməzdir. A.Çexovun dediyi kimi “Bir milləti məhv etmək üçün onun təhsilini və müəllimini gözdən salmaq kifayətdir”. Ona görə də məktəbə, müəllim nüfuzuna xələl gətirən söz-söhbətlərə son qoymaq lazımdır. Məktəbə, müəllimə yerli-yersiz hücumlar dayandırılmalı, onların nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. Ölkəmizin gələcəyini dərk edən hər bir insan müəllim nüfuzu ilə bağlı problemi doğuran səbəblər və onların həlli yolları barədə düşünməli, müəllimin cəmiyyətin inkişafında rolunun olduğu kimi qəbul edilməsinə çalışmalı, müəllim nüfuzuna xələl gətirən hallara qarşı laqeyd qalmamalıdır. “Müəllimə qarşı laqeyd olan ölkə intihar edir deməkdir”. (A.Eynşteyn)

Üzərinə cox boyuk məsuliyyət, qarşısına cox mühum strateji hədəflərin gercəkləşdirilməsi tələbi qoyulan müəllimlər ekvivalent olaraq dovlətin və cəmiyyətin qayğısı ilə əhatə olunmalıdırlar. Düzdür, son illər müəllimlərə göstərilən dövlət qayğısı xeyli yüksəlmişdir, onların əmək haqqı bir neçə dəfə artırılmışdır. Amma bu heç də yetərli deyil. Müəllimlərə gostərilən diqqət və qayğı daha da artırılmalıdır. Şagird sayına görə bir qrup məktəb rəhbərinin və sertifikasiyanın nəticələrinə görə müəllimlərin əmək haqqında yaranmış artım   başa qaxılmamalıdır. Unutmayın ki, müəllimlərin yetişdirdiyi nazirlərin və onların müavinlərinin, deputataların, prokurorların, polis işçilərinin və digər bir çoxlarının əmək haqqı müəllimlərin əmək haqqından xeyli çoxdur. Yadıma böyük Atatürklə bağlı bir söhbət düşdü. Ondan deputatların əmək haqlarının nə qədər artırılmasını soruşanda deyibmiş ki, elə edin ki, öyrətmən maaşını keçməsin. Ulu öndərimiz H.Əliyev də deyirdi: “...Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir...”.

Çalışmaq lazımdır ki, müəllimlərin ehtiyacdan doğan maddi-məişət qayğıları peşə-ixtisas və ümumi mədəni səviyyələrini yüksəltmək qayğısını üstələməsin. AXC-nin Maarif və Dini Etiqad Naziri  N.Yusifbəyli parlamentdə etdiyi çıxışların birində demişdi: ”Müəllimlərin maaşını nə qədər artırsanız, yəqin ediniz ki, bundan bir şey itirməyəcəksiniz, çünki bizim varlığımız və gələcəyimiz ancaq müəllimlərin əlindədir. Müəllim nə qədər ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən bir şey çıxmaz.” 

Müəllimlərin cəmiyyətdə nüfuzunun yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ücün ayrıca dovlət proqramının qəbul edilməsi və onların dovlət qulluğunun xüsusi kateqoriyasına aid edilməsi təhsilverənlərin statusunun və nüfuzunun yüksəlməsində, sosial müdafiəsinin gücləndirilməsində həlledici rol oynaya bilər. Bu həm fəaliyyət gostərən müəllimlərin əməyini güclu şəkildə stimullaşdırar, həm “müəllim peşəsinin cətin və ağır olması ilə yanaşı az maaşlı olması” düşüncəsinə, “müəllimlik qadın peşəsidir” stereotipinə son qoyar və müəllim peşəsinin nüfuzunu yuksəldər, həm də savadlı, istedadlı və müasir duşuncəli gənclərin məktəblərə müəllim kimi gəlişini təşviq etmiş olar.

Cəmiyyətin sifarişini yerinə yetirmək kimi ağır bir işi öz çiyinlərində daşıyan müəllimlər hər cür hörmət, diqqət və qayğıya layiqdirlər. 

 

 

 

                                                               İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi 

Sosial həyat