Bakıda velosiped kirayəsi xidməti fəaliyyətə başlayıb

post-img

Bu gündən Bakı şəhərində ilk “bike-sharing” (velosiped kirayəsi) xidməti fəaliyyətə başlayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, velosipedi icarəyə götürməyə, səyahət etməyə və istənilən parklanma yerinə qaytarmağa imkan verən sistem sakinlərə və turistlərə şəhərdə təhlükəsiz və davamlı səyahətlər etmək üçün əlverişli imkanlar yaradır. Velosiped kirayəsi xidməti istifadəçiləri tıxac və parkinq kimi qayğılardan da azad edir.

Bakı şəhərində mikromobillik vasitələrinin parklanması üçün yaradılan 50-yə yaxın məntəqədə müvafiq konstruksiyalar quraşdırılıb, velosipedlərin kirayə qaydası barədə məlumatları əks etdirən lövhələr yerləşdirilib. Parklanma məntəqələri yaradılarkən onların metro stansiyalarına, avtobus dayanacaqlarına, təhsil müəssisələrinə və iri ticarət mərkəzlərinə yaxın olması nəzərə alınıb. Məlumat lövhələri üzərində QR-kodlar təsvir edilib. Mobil cihazlarda həmin QR-kodlar vasitəsilə proqram təminatına keçid edərək velosipedlərin aktiv və deaktiv olması prosesini yerinə yetirmək mümkündür. Tətbiq vasitəsilə ən yaxın parklanma yerlərini görmək də olar.

Qlobal statistikalara əsasən, velosipedi nəqliyyat növü halına gətirmiş şəhərlərdə baş verən yol nəqliyyat hadisələrinin sayı 24-30 faiz aralığında azalır. Pedal və elektrikli velosipedlərin istifadəsi daha təmiz şəhər mühitinə töhfə verir. Velosiped sürmək fiziki aktivliyi artırır və daha sağlam cəmiyyətə dəstək olur.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində ilk mərhələdə 10 km-dən artıq davamlı mikromobillik zolağı təşkil edilib, avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb, şəhərdə mövcud olan işıqfor dirəklərində velosiped bölmələrinin quraşdırılması işləri davam etdirilir.



Sosial həyat