əvvəli https://xalqqazeti.az/az/sosial-heyat/189860-azerbaycan-tarixinin-bir-esrlik-metbu
Rəsmi qəzet – ictimai tribuna
Bütün qəzetlərin redaksiyalarına tapşırılmışdı ki, çap edilməyən yazıların səbəblərini imkan daxilində izah edə biləcək xüsusi rubrika yaratsınlar. “Kommunist” qəzeti bu üsuldan hələ 1923-cü ildən istifadə edirdi.
“Poçta qutusu” və “Cavablarımız” rubrikalarında yazıları dərc olunmayan müəlliflərə bunun səbəbi qısaca izah edilirdi. Məsələn, “Kommunist” qəzetinin 1923-cü il 16 may tarixli nömrəsində yazılırdı: “Yoldaş Şamilova: Sizin tamamlanmamış məqaləniz üç müxtəlif mövzunu – kooperativləri, torpaq işini və kəndlilərin həyatında iqtisadi siyasəti əhatə edir. Əgər yazılarınızı hər sahə üzrə ayrıca yazsanız və yazılarınızı tamamlasanız, dərc edərik”. Başqa yazı: “Cavanşirdə – Yulduza: Sizin yazı imzasız olduğundan (yəni müəllifin soyadı, adı və ünvanı olmadığından) dərc olunmayacaq”.
Məktublar bəzən təkrarçılığa, faktların olmamasına, yubanmasına, əsassızlığına və ya ictimai maraq kəsb etmədiyinə görə çap olunmurdu.
Təbii ki, bu və ya digər səbəbdən yazıların çap olunmaması fəhlə-kəndli müxbirlərinin fəallığının inkişafına müəyyən dərəcədə mənfi təsir göstərirdi. Müxbirlərin bir çoxu hətta redaksiyadan küsür və yazmağa xitam verirdi. Qəzet fəhlə-kəndli müxbirlərinin incikliklərinə yumorla yanaşır, onları yenidən ruhlandırmağa çalışır və əməkdaşlığı davam etdirməyə çağırırdı. Bəzən küsmüş müxbirlərə bayatılar, felyetonlar və şeirlər həsr edirdilər:
Bundan sonra şu “Kommunist” qəzetəsinə bir xəbər
Yazmamağa and içmişəm, söz vermişəm özümə.
Nə barədə yazıramsa, düzəldib çap edirlər,
Yazdığımı çap etmirlər, baxmayırlar sözümə.
Və ya:
Demək bizdən küsmüsən, ay təcrübəsiz əməkdaş,
Əbəs, əbəs. Bu hərəkət yakışarmı heç sana?
Kəmsavadsan, yazdıqların düzəlməzsə, a yoldaş,
Yazı yazmaq üsuluyla olarsanmı aşina?
Fəhlə-kəndli müxbirləri hərəkatı, bütövlükdə, həm müxbirlərin fəallığına, həm də onların vasitəsi ilə geniş xalq kütlələrinə böyük təsir göstərmişdi. Savadsızlığın ləğv olunması yolundakı təbliğat və təşviqat işlərində, nöqsanların aşakar edilməsində bu hərəkatın rolu əvəz-edilməz idi. 1925-ci ilin ikinci yarısı və 1926-cı ilin birinci yarısında prokurorluq orqanlarının göstərilən dövr üzrə apardıqları təhqiqatların 50 faizi məhz kəndli müxbirlərinin mətbuatda dərc olunmuş yazılarına əsasən başlanılmışdır.
“Kommunist” qəzeti öz fəhlə-kəndli müxbirlərinə qarşı çox tələbkar idi. Məsələn, M(əmmədqulu) Əlixanovun imzası ilə dərc olunan “İşçi müxbirləri və növbəti vəzifələrimiz” adlı məqalədə deyilirdi ki, bizim imkanları məhdud mətbuatımız üçün vicdanlı və doğruçu müxbirlər lazımdır. “Müxbirlər arasında ləyaqətsiz ünsürlər” adlı məqalədə isə qəzet yazırdı ki, “sıralarımızı zərərli ünsürlərdən, mətbuatı öz qərəzli və şəxsi məqsədləri üçün istifadə edənlərdən təmizləmək lazımdır”.
“Qotur müxbir – rədd ol sıralarımızdan” yazısında tələb olunurdu ki, yalançı müxbirləri çap olunmaq imkanlarından məhrum etmək, eləcə də onları xəbərdar etmək lazımdır ki, barələrindəki sənədlər prokurorluq orqanlarına göndəriləcək”. Fəhlə müxbirləri Məcid Bağırov və Qədirovun davranışı ilə bağlı “Kommunist” qəzetinin Şubanı kənd fəhlə müxbirləri bürosuna məsələ çıxarılır. Onlar dəqiqləşdirilməmiş materialları qəzetə göndərmişlər və buna görə də cəzalandırılıb töhmət almışlar.
Elə hallar da olmuşdur ki, bəzi fəhlə-kəndli müxbirləri bir neçə yazı dərc etdirdikdən sonra lovğalanıb öyünməyə başlamış, insanları qəzetlərdə barələrində rüsvayçı yazılar dərc edəcəkləri ilə hədələmişlər. Məsələn, Lenin dairəsindən olan fəhlə müxbiri Hüseyn Fikri (təxəllüsü “İşçi müxbiri”) belə davranışına görə fəhlə-kəndli müxbirlərinin yoldaşlıq məhkəməsinə cəlb olunmuş və 1926-cı il aprelin 30-da ona 6 ay müddətində qəzetdə çap olunmaq qadağan edilmişdi. Başqalarına ibrət olsun deyə, yoldaşlıq məhkəməsinin qərarı qəzetdə dərc olunmuşdu.
Bununla belə, qəzet tez-tez öz səhifələrində fəhlə-kəndli müxbirlərinin təqiblərdən və repressiyalardan müdafiə olunması məsələsini qaldırır, müvafiq instansiyalara müraciət edirdi. Azərbaycan K(b)P MK-nın yerlərə 12 yanvar 1923-cü il tarixli təmimnamə göndərməsinə, Zaqafqaziya XKS-nin 1924-cü ilin sonunda fəhlə-kəndli müxbirlərinin müdafiə olunması barədə dekret verməsinə baxmayaraq, onların təqibi davam edirdi. Müvafiq təşkilatlarda dəfələrlə kəndli müxbirlərinin təqib olunması, izlənilməsi, sıxışdırılması və döyülməsi məsələlərinə baxılmışdır. Belə hallar Lənkəran, Nuxa və digər qəzalarda baş vermişdi. Elə hallar da olmuşdu ki, nəinki partiya və sovet işçiləri, hətta qəza milis rəisi də kəndli müxbirlərindən tələb etmişdi ki, yazılarını qəzetə göndərməzdən əvvəl yoxlanılmaq üçün onun yanına gətirsinlər.
Kəndli müxbirlərinin kütləvi şəkildə təqib olunmasına 1923-cü ilin ikinci yarısından başlanılmışdı. Təqiblərin qarşısının alınması və günahkarların cəzalandırılması məqsədi ilə prokurorluq orqanları işə qarışdılar və onların nümayəndələri mətbuatda bu barədə çıxışlar etməyə başladılar. “Çoxlarına xəbərdarlıq. Prokuror nəzarəti və kəndli müxbirləri” məqaləsində Bakı şəhər prokurorunun müavini Məmmədəmin Ramazanzadə bütün təqibçilərə xəbərdarlıq edərək bildirirdi ki, “kəndli müxbirlərindən əl çəkin”. O xatırladırdı ki, Cinayət Məcəlləsinin 88-ci maddəsinin 4-cü bəndinə əsasən, təqibçilər məsuliyyətə cəlb olunacaqlar, kəndli müxbirlərinin yazılarına diqqət yetirməyən və cavab verməyən rəhbərlər isə Cinayət Məcəlləsinin yuxarıda göstərilən, eləcə də 108-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb ediləcəklər.
Azərbaycan K(b)P BK-nin Rəyasət Heyəti 1924-cü il yanvarın 30-da partiya özəklərinin fəhlə-kəndli müxbirləri yazılarına nəzarət etmək cəhdlərini araşdırmış və onu qadağan etmişdir.
Qəzetin redaksiyası öz fəhlə-kəndli müxbirlərinə kömək etmək məqsədi ilə 1924-cü il iyunun 13-də Bakı Soveti inzibati şöbəsinin müdiri, Şəki və Bakı prokurorlarının iştirakı ilə müşavirə keçirdi və onlar hər bir konkret hal üçün konkret tədbirlər görürdülər.
Bu, o qədər ciddi bir məsələ idi ki, Azərbaycan K(b)P MK 1924-cü il sentyabrın 29-da “Kəndli müxbirlərinin təşkilatlanmasına dair tədbirlər və onlara qarşı hər hansı repressiyanın tam aradan qaldırılması haqqında” qərar qəbul etmişdi.
“Kommunist” qəzeti belə hesab edirdi ki, mətbuat səhifələrində dərc olunan hər hansı bir yazı və material bütövlükdə prokurorluğa rəsmi müraciət hesab olunur. Məhz buna görə də prokurorluq orqanları fəhlə-kəndli müxbirlərinin yardımından bəhrələnə və onları təqiblərdən qoruya bilər.
Kəndli müxbirlər də yerlərdə öz qüvvələrini birləşdirmək imkanları arayırdılar. Onlar birləşərək qəza kəndli müxbirləri bürosu yaratmışlar. Məsələn, Lənkəranda “Kommunist”, “Bakinskiy raboçiy”, “Kəndçi qəzetəsi” və yerli “Kəndçi qəzetəsi” ilə ümumi yığıncaqda qəza bürosunu yaratdılar. Qəza partiya komitəsi isə onlara qəza miqyasında təqiblərə qarşı qəzet kampaniyası aparmağa kömək etmişdi.
1924-cü ilin yazından başqa qəzalarda da belə bürolar yaradılmışdı. Bu onunla bağlı idi ki, həmin dövrdən etibarən kəndli müxbirlərinin təqib olunmasında yeni mərhələ müşahidə olunmaqda idi. Bununla əlaqədar olaraq AzMİK Rəyasət Heyəti bütün xalq komissarlıqlarına, icraiyyə komitələrinə, Bakı Sovetinə, NMSSR və DQMV MİK-lərinə təmim sərəncamı göndərərək, yerli bürokratlara qarşı ən ciddi tədbirlərin görülməsini tələb etmişdir.
“Kommunist” qəzeti qərara almışdı ki, bürokratlara qarşı mübarizə aparsın və kəndli müxbirlərinin müdafiəsinə bütöv səhifələr həsr edirdi. Bunun üçün qəzetdə “Qəza və kəndli müxbirlərinin müdafiəsinə” rubrikası açılmışdı.
Bir sıra hallarda yerli partiya və sovet rəhbərlərinin göstərişi ilə kəndli müxbirləri həbs olunur və ya tutduqları vəzifələrindən azad edilirdilər. Məsələn, Lənkəranda “Kommunist” qəzetinin kəndli müxbiri Məmmədəli İsmayılov həbs olunmuş və yalnız Azərbaycan K(b)P MK mətbuat şöbəsinin müdaxiləsindən sonra azadlığa buraxılmışdı. Maştağada “Kommunist” qəzetinin Azərbaycan LKGİ BK-nın Rəyasət Heyətinə məktubla müraciətindən sonra vəzifəsindən azad edilmiş kəndli müxbiri işinə bərpa edilmişdi. İndiki Bakıxanov qəsəbəsində “Oradakı” təxəllüslü fəhlə müxbiri təqibə məruz qalmışdı. Bununla əlaqədar olaraq “Kommunist” qəzeti prokurora müraciət etmiş və lazımi yardım almışdı. Təqib olunan fəhlə müxbiri Nağı Cəfərov isə sonralar ən yaxşı müxbirlərdən biri olmuş və redaksiyanın vəsaiti hesabına Moskvaya ali jurnalist təhsili almağa göndərilmişdi.
Bəzən ayrı-ayrı vəzifəli şəxslər fəhlə-kəndli müxbirlərinin adlarını açıqlamaqla bir tərəfdən onların təqib olunmalarına, digər tərəfdən isə cinayətlərin gizlədilməsinə şərait yaradırdılar. Ona görə də Ali Məhkəmə belə fəaliyyətin cinayət hesab edilməsi və günahkarların Cinayət Məcəlləsinin 104-cü maddəsinin “b” və 117-ci maddəsi ilə cəzalandırılması barədə qərar qəbul etmişdi.
Mətbu sözün kəsəri
İlk vaxtlar həm respublika rəhbərliyində, həm də yerlərdə “aparıcı qəzet” kimi “Bakinskiy raboçiy”ə üstünlük verirdilər. “Kommunist” qəzetinə isə ikinci dərəcəli qəzet kimi baxır, onun səhifələrində qaldırılan məsələlərə həssas reaksiya vermirdilər. Yalnız redaksiyanın yorulmaz, çox çətin və davamlı səyləri nəticəsində vəziyyət tədricən dəyişməyə başladı. 1923-cü ildən etibarən “Kommunist” qəzetinin səhifələrində dərc olunan materiallar prokurorluq orqanlarının diqqətini cəlb etməyə başladı.
Respublika rəhbərləri əhaliyə müraciətlə qəzetdə tez-tez çıxış edirdilər. Məsələn, Bakı prokurorunun müavini Məmmədəmin Ramazanzadə “Zəhmətkeşlərin nəzərinə” adlı müraciətində bildirirdi ki, “indiyə qədər “Bakinskiy raboçiy”də olduğu kimi, bundan sonra “Kommunist” qəzetində dərc olunan yazılar və materiallar da diqqət mərkəzində olacaq və araşdırılacaqdır”.
Azərbaycan K(b)P BK XII konfransı bütün təşkilatlardan məcburi qaydada türkcə “Kommunist” qəzetinə diqqət yetirmək tələb edən qətnamə qəbul etmişdi. Həmin qətnamə XIII konfrans tərəfindən də təsdiq olunmuşdu.
Qəzetin özü isə onu oxumayan bürokratlara pam-flet və felyetonlar həsr edirdi. “Təəssübkeş” (Balaqədəş Səttaroğlu) imzası ilə yazılmış həmin felyetonlardan birinin bir parçasını oxucuların nəzərinə çatdırırıq:
Yazılsa həqqində nə, heç etina eyləməz,
Çünki bilir doğrudur, “yalandır bu” söyləməz.
Bildigin eylər yenə, o, bir şeyi dinləməz,
Yaxşı bilirsən özün, müdirdir əvvəl cənab.
İncimə, məktubuna verməsə həzrət cəvab.
Çünki savuqdur qanı, eyləməz əslən itab,
Bu barədə qəzetədə kimsəyə verməz cəvab.
Tənqidi yazılara cavab verənlər tez-tez orada mövcud olan balaca xətalara istinad edir, “əsas məsələləri unudaraq” cavablarını əsassız təkziblər şəklində tərtib edir və tezliklə dərc olunmasını tələb edirdilər. Məsələn, B(ağır) Hacızadənin imzası ilə dərc olunmuş “Cavablar və cavab yazanlar haqqında” məqalədə belələrinə xatırladılırdı: “Həm yazılar, həm də cavablar müvafiq təşkilatların işlərinin yaxşılaşdırılması və sağlamlaşdırılması məqsədi ilə çap edilir. Ona görə də hər cür üsulla özünü doğrultma cəhdlərindən əl çəkib, çatışmazlıqları aradan aqldırmaq lazımdır”.
Xarici əlaqələr
Qəzetin respublikanın bütün qəzalarında olduğu kimi, Cənubi Qafqaz və SSRİ-nin dəgər respublikalarında, eləcə də bir sıra xarici ölkələrdə xüsusi müxbirləri var idi. Moskva müxbiri kifayət qədər böyük jurnalistika təcrübəsinə malik olan Əliəkbər Heydərli idi. Fəhlə-kəndli müxbirlərinə yardım məqsədi ilə o, hələ 1923-cü ildə “Qəzetə və müxbirləri” adlı kitabça da nəşr etdirmişdir. Tiflis müxbiri Ə.Qərib (Əliəkbər Abbasov) – “Yeni fikir” qəzetinin müxbiri idi. Dağıstan müxbiri Səid Nizami idi.
Qəzet çalışırdı ki, dünyada baş verən hadisələr barədə informasiyanı öz oxucularına daha tez çatdırsın. Teleqraf və radio dalğaları ilə gecə saat ikiyədək müxtəlif agentliklərdən alınan informasiya qəzetin səhər nömrələrində öz əksini tapırdı. Bundan əlavə, qəzet xaricdə nüfuz sahibi olan və öz ölkələrinin rəhbər dairələrinə əli çatan, onların Şərq siyasətindən yaza bilən siyasi xadimləri və ya jurnalistləri axtarıb tapmağa çalışır, onlarla əlaqə yaradırdı.
Qəzet 20-dən artıq xarici ölkənin jurnalistləri ilə əməkdaşlıq edirdi. Yaponiya üzrə xüsusi müxbir Yaponiya KP MK-nın Baş katibi Sen Katayama, Böyük Britaniya üzrə müxbir ölkə parlamentinin üzvü Valton Nyubold (o, öz yazılarını Leninqrad dənizçilərinin vasitəsi ilə “Trud” qəzetinə göndərirdi, oradansa yazı Bakıya “Kommunist” qəzetinə çatdırılırdı), Fransa və Cənubi Avropa ölkələri üzrə Lui Joğe, J.Dorio, Pyer Russe, Afrika üzrə – Eyvon Conson, Türkiyə üzrə – M., İran üzrə – “Şirazi”, “Durnəvis” (“Uzaqdan yazan”), V.Petrin, Belçika üzrə – Benniqhauzen, Hindistan üzrə – A.Daqas, Almaniya üzrə – Otto Mareşke (Kominternin katibi), H.Menşi, Amerika üzrə – İ.İ.Amter və s. idi.
Qəzetin təşəbbüsü ilə “Kommunist”in fəhlə-kəndli müxbirləri “Freiheit” (“Azadlıq”) alman qəzeti ilə dostluq əlaqələri yaratmışdılar. Alman qonaqlar Bakıya gəlmiş, “Kommunist” qəzetinin fəhlə-kəndli müxbirləri ilə görüşmüş və onlarla birgə konfrans keçirmişlər.
Əski əlifbalı ilk linotip
Qəzetin əməkdaşlarının iş şəraiti son dərəcə çətin və gərgin idi. Buna işarə edən müəllif “Əbü-l-hövl” (S.Məlikov) “Biz necə işləyirik?” məqaləsində yazırdı: “Redaksiya işlərini yerinə yetirməkdən əlavə biz həm də tərcüməçilik edirik. Tərcüməçilər də tərcümə edirlər! “Azərtac” rusca 30 səhifəlik informasiya göndərib, məsul işçilər – türklər də 150 səhifəlik 15 məqalə göndəriblər – hamısı da rusca, ixtisar etməyə də icazə vermirlər. Müxbir Mir Abbas (Mirbağırov) 6 intervü gətirib, hamısı da rusca. Bütün redaksiya tərcüməçilər kontorasıdır. Bax biz belə işləyirik”.
Yuxarıda deyildiyi kimi, qəzetin bütün mətni əl ilə yığılırdı, çünki ərəb əlifbası ilə sətri mətn yığan linotip hələ ixtira olunmamışdı. Mətn yığanların əməyini yüngülləşdirmək məqsədi ilə Azərbaycan K(b)P MK Almaniya və Fransa ilə belə linotiplərin yaradılması haqqında danışıqlar apardı. Amma layihələr Azərbaycan dilinin tələblərinə cavab vermədiyindən həmin ölkələrdə veriləcək sifarişlər ilk başlanğıcda ləğv edildi.
Qərara alındı ki, ABŞ-la danışıqlar aparılsın. Bu məqsədlə “Kommunist”in redaktoru Ruhulla Axundov və “Bakinskiy raboçiy”in redaktoru Lifşits ABŞ-a ezamiyyətə göndərildilər. “Kommunist” qəzeti üçün ərəb ədifbası ilə sətri mətn yığan linotiplərin hazırlanması 1925-ci ilin yazında başa çatdı. Mövcud qüsurlar sifarişçi və istehsalçının ümumi qüvvəsi ilə aradan qaldırıldı.
Bu, dünyada ərəb əlifbası ilə sətri mətn yığan ilk linotip idi . Müsəlman Şərqində ərəb qrafikası ilə ilk sətri mətn Sovet Azərbaycanının sifarişi ilə yaradılmış linotipdə və Azərbaycan dilində yığılmışdı. İlk mətn isə 1925-ci il mayın 5-də S.İnqulovun bolşeviklərin mətbuat günündə çap olunmuş “Lenin və mətbuat” adlı məqaləsi idi.
Anadilli avanqard nəşr
“Kommunist” qəzeti maddi vəsait sarıdan da çox korluq çəkirdi. Qəzetə əsaslı yardım göstərilməsi üçün hələ R.Axundovun göndərdiyi ərizəyə uyğun olaraq Azərbaycan K(b)P BK Rəyasət Heyəti 1922-ci il aprelin 20-də “Bakinskiy raboçiy” qəzetinə və bütün rusdilli partiya və sovet orqanlarına təklif etdi ki, sərəncamlarında olan hər cür informasiyanı türkcə qəzetlərə də, o cümlədən “Kommunist” qəzetinə də göndərsinlər.
Azərbaycan K(b)P MK Rəyasət Heyəti isə özünün 1922-ci il 3 iyul tarixli iclasında qərara almışdı ki, “Kommunist” qəzetinin əməkdaşlarının məvacibi “Bakinskiy raboçiy”in əməkdaşlarının məvacibinə bərabərləşdirilsin. Bu barədə XKS və AzMİK-ə vəsaitin ayrılması üçün tapşırıq verildi. Bu məsələyə XKS-nin 1922-ci il dekabrın 26-da keçirilmiş iclasında da baxılmış və müsbət həll olunmuşdu.
Amma bütün bunlar yalnız müvəqqəti olaraq redaksiya əməkdaşlarının məvacibinin verilməsini təmin edib. Qəzetin nəşri ilə bağlı xərclər isə artmaqda davam edirdi. Məsələ burasındadır ki, göstərilən illərdə “Bakinskiy raboçiy” linotip üsulu ilə yığılırdı. “Kommunist” qəzetində isə bütün hərflər və hətta sözlərin arasındakı boşluqlar belə, əl ilə yığılırdı ki, bunun üçün də böyük yığıcılar kollektivi işə cəlb edilmişdi. Ona görə də qəzet naşirlərə xeyli borclu qalmışdı. Bundan əlavə, MK və XKS-nin yuxarıda göstərilən qərarlarına baxmayaraq, XKS-dən redaksiyaya 1923-cü ilin mart-iyun aylarının kəsirlərini ödəmək üçün ayrılmış vəsait – 100 min rubl qızıl pul redaksiyanın büdcəsinə köçürülməmişdi.
Elə bu səbəbdən də redaksiya növbəti dəfə Azərbaycan K(b)P MK-ya yardım üçün müraciət etmişdi. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan dilində nəşr olunan “Kommunist” qəzetinə qısqanclıqla yanaşan, rəhbərləri qeyri-azərbaycanlı olan başqa təşkilatlar da, xüsusilə də “Azneft”, “Mədənçilər ittifaqı”, “Neft fondu”, “Bakı Soveti” müxtəlif fəndlərə əl ataraq qəzet üçün nəzərdə tutulan vəsaiti verməkdən yayınırdılar. Bakı Sovetinin sədri Krılov isə Azərbaycan K(b)P MK-ya göndərdiyi məktubda birbaşa göstərmişdi ki, türkcə “Kommunist” qəzetinə bir qəpik də pul ödəməyəcək.
Respublikanın XKS-i 1924-cü il oktyabrın 28-də qərara almışdı ki, rəsmi məlumatlar “Kommunist” qəzetində də dərc olunsun və onlar qəzetə əlavə ediləcək “Hökumətin əmr və qərardadları”nda yerləşdirilsin. Bu məqsədlər üçün vəsait XKS tərəfindən aylıq subsidiya şəklində 1400 rubl həcmində verilməli idi.
Onu da qeyd edək ki, “Kommunist” qəzetindən fərqli olaraq “Bakinskiy raboçiy”ə yardımlar artıqlamasilə vaxtlı-vaxtında ayrılırdı.
Bu məsələ dəfələrlə Ümumittifaq K(b)P Zaqafqaziya Nəzarət Komissiyasının və Azərbaycan K(b)P MK-nın iclaslarında araşdırılmışdır. Müəyyən edilmişdir ki, “Bakinskiy raboçiy” qəzeti ona edilən bir sıra xəbərdarlıqlara, göstərişlərə və direktivlərə baxmayaraq, redaksiya onun üçün müəyyənləşdirilmiş smetaya sığmamış, aidiyyəti orqanların göstərişlərini heç vaxt yerinə yetirməmişdir.
“Bakinskiy raboçiy” qəzetinin Azərbaycan gerçəkliyinə laqeyd münasibəti “Kommunist” qəzetinin səhifələrində dəfələrlə tənqid olunmuşdu. AzMİK-in katibi Tağı Şahbazinin (Simürğ) 7 aprel 1924-cü il tarixli “Mətbuatımıza yeni nəzərlər” məqaləsində deyilirdi: “Bakinskiy raboçiy”ə yalnız qıraqdan baxıldıqda bəlli olur ki, o Azərbaycan mərkəzinin orqanıdır. Belə ki, qəzetin 23 mart tarixli 65 sayında, 31 mart tarixli 71 sayında, 1 aprel tarixli 72 sayında və s. Azərbaycan həyatına dair (Bakısız) 10-15 sətirlik ikinci dərəcəli yazı – telefon xəttinin çəkilməsi və s. bu kimi məlumat dərc edilib. Onun səhifələrində kənd təsərrüfatı həyatına dair heç nə yoxdur. Azərbaycan kəndi yalnız ərzaq vergisi toplanan zaman yada düşür”.
Bir məsələni də qeyd etməyi gərəkli bilirik. “Kommunist” qəzeti əski əlifba ilə nəşr olunduğundan, təd-qiqatçıların bir qayda olaraq, rusca əlçatan sayılan “Bakinskiy raboçiy” qəzetinin çox da dürüst olmayan, əksər hallarda isə təhrif olunmuş və yarımçıq materiallarından “bəhrələnirlər”. Tariximizi daha düz, təhrifsiz çatdıran “Kommunist” qəzetini isə əksəriyyət oxuya bilmir.
İlk rəsmi dövlət qəzetimiz olan “Azərbaycan”ın materiallarının latın qrafikası ilə nəşr edilməsi həmin dövrün öyrənilməsi üçün geniş imkan yaradır. Bu qəzetin davamı olaraq nəşr edilmiş ikinci avanqard “Kommunist” qəzetinin ərəb əlifbası ilə çıxmış 9 illik toplusunun da yeni əlifbaya çevrilməsi o dövrün ictimai-siyasi, sosial-mədəni mənzərəsini öyrənməyi geniş auditoriya üçün əlçatan edərdi.
Sonda bir daha vurğulamaq istəyirik ki, anadilli gündəlik “Kommunist” qəzeti – kommunist ideologiyasının sərt tələbləri altında fəaliyyət göstərsə də, həmişə milli maraqlara sadiq qalmışdır. 105 illik qocaman qəzetin 71 illik fəaliyyəti həmin dövr həyatımızın ən əhatəli, rəng-arəng və canlı mənzərəsi, misilsiz mətbu salnaməsidir.
Elmar MƏHƏRRƏMOV,
tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix və Etnologiya İnstitutunun
aparıcı elmi işçisi