İqtisadi əlaqələr Azərbaycan – Rusiya strateji tərəfdaşlığının möhkəm təməlidir

post-img

Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və etibarlı münasi­bətləri sayəsində ötən illər ərzində dövlətlərarası əlaqələr strateji tərəf­daşlıq və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində daha da möhkəmlənib. Çoxşaxəli strateji tərəfdaşlıq 260-dan çox imzalanan sənədi özündə ehtiva edən samballı hüquqi baza ilə təmin olunub. 2022-ci il fevralın 22-də Mos­kvada prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ilə iki ölkə arasında siyasi-iq­tisadi əməkdaşlıq özünün yeni inkişaf mərhələsinə daxil olub. Bu gün iki ölkə əməkdaşlığında ticarət, energetika, sənaye, kənd təsərrüfatı, logisti­ka, nəqliyyat və digər sahələr davamlı inkişaf edir, səmərəli dövlət dəstəyi ilə investisiya əlaqələri güclənir. 

Hazırda Rusiya Azərbaycan üçün ən mühüm investorlardan və ən böyük ticarət tərəfdaşlarından biridir. Neft ixracında isə ən böyük tərəfdaş kimi diqqət çəkir. İki ölkə arasında ticarət dövriyyəsinin rekord rəqəmlərlə ifadə olunması da vurğula­nan fikrin bariz ifadəsidir. Ərzaq və kənd təsərrüfatı xammalı, neft, metal və plastik məhsullarının qarşılıqlı ticarəti də getdikcə artır. Üstəlik, bu ilin yayına qədər qarşılıqlı hesablaşmaların, təxminən, dörddə üçü ilə həyata keçirilən milli valyutalar əsasında ticarət də inkişaf edir. İkitərəfli yükdaşı­maları da nəzərəçarpacaq dərəcədə artır və turist axını intensiv şəkildə özünü biruzə verir. 

Son illər ərzində respublikamızda Ru­siya sərmayəsi ilə əczaçılıq, neft-kimya, qida sənayesi, şərabçılıq, mədən sənayesi, tikinti materiallarının istehsalı, avtomobil sənayesi və avadanlıqlara texniki xidmət sahələrində əməkdaşlığın uğurlu nəticələri qeydə alınıb. Xüsusilə, “Lada”, “Qazel”, “KamAZ” və “Ural” avtomobilləri üçün servis dəstəyi gücləndirilib. Bununla yana­şı, perspektivli sahələr arasında metallur­giya və turizmin inkişafına mühüm önəm verilib. Azərbaycan sahibkarları tərəfindən isə Rusiyada aqrobiznes, meşə təsərrüfatı və turizmə, o cümlədən Xəzər dənizinə fəal şəkildə investisiya yatırılıb. 

Bütün bunlar barədə prezidentlər İlham Əliyevin Vladimir Putin ilə avqus­tun 19-da məhdud və geniş tərkibdə ke­çirdiyi görüşlərdə, eləcə də dövlət başçı­larının mətbuata bəyanatlarla çıxışlarında geniş bəhs edilib. Qeyd edilib ki, Rusiya Azərbaycanın üçüncü ən böyük, qeyri-neft ixracına görə isə birinci ticarət tərəfdaşıdır. 2023-cü ildə ticarət dövriyyəsinin 17,5 faiz artaraq rekord həddə – 4,4 milyard ABŞ dollarına çatması, cari ilin I yarısında isə bu sahədə dinamik artım qeydə alınma­sı iki ölkənin idxal-ixrac münasibətlərini daha da möhkəmləndirib. İki ölkə arasında sənaye əməkdaşlığı da yüksələn xətlə in­kişaf edir. Azərbaycanın müxtəlif sənaye zonalarında dərman vasitələrinin birgə istehsalı, yük avtomobillərinin yığılması, yük avtomobilləri və kənd təsərrüfatı tex­nikası üçün servis xidmətlərinin göstəril­məsi sahəsində uğurlu əməkdaşlıq bu gün xüsusilə qeyd olunur. 

Azərbaycan şirkətləri tərəfindən Rusi­ya iqtisadiyyatına fəal şəkildə investisiya qoyulur. Rusiyanın regionlarında sanatori­ya və turizm mərkəzlərinin, mehmanxana komplekslərinin, meyvə-tərəvəz konserv­ləri və çay istehsalı zavodlarının tikintisi layihələri də uğurla həyata keçirilir. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq dinami­kası daha çox diqqət çəkir. Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edən əsas ölkələrin onluğuna daxil olma­sı, 2023-cü ildə qonşu dövlətə meyvə və tərəvəz ixracının, təxminən, 9 faiz artması da bunun bariz ifadəsidir. 

Hər iki tərəf nəqliyyat-tranzit sahə­sində əməkdaşlığın inkişafını da diqqət­də saxlayır. Ötən il Azərbaycanla Rusiya arasında ikitərəfli yükdaşımaların ümumi həcmi 10 faizdən çox artıb. Bu il də müs­bət tendensiya müşahidə olunur, cari ilin birinci yarısında isə artım 3 faiz təşkil edib.

Prezidentlərin mətbuata bəyanatlarla çıxışlarında bir məqam da diqqət çəkib. Bu, “Şimal-Cənub” layihəsi ilə bağlı olub. Dövlətimizin başçısı adıçəkilən layihə haqqında danışarkən, onu Bakı və Mos­kvanın dövlətlərarası münasibətlərində müstəsna əhəmiyyətə malik infrastruk­tur kimi qiymətləndirib: “Deməliyəm ki, Azərbaycanın ərazisində “Şimal–Cənub” dəhlizinin həm dəmir yolu, həm də avto­mobil yolu seqmentləri tam şəkildə re­allaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırkı məqamda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun də­mir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox yüklərin daşınması imkanlarından da­nışırıq”.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mü­hüm önəm daşıyır. Bununla bərabər bey­nəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəlili­yinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlə­timizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 il ərzində nəqliyyat sektorunda orta illik ar­tım tempi 3,5 faiz təşkil edib, yeni infrast­ruktur qurulub, özəl investisiyalar artıb. Ölkə regional əhəmiyyətli nəqliyyat-logis­tika və ticarət qovşağına çevrilib və əsas ti­carət marşrutlarından bəhrələnməyin əsası qoyulub. 

Nəqliyyat sektorunun bütün sahələrin­də xidmət infrastrukturları modernləşdiri­lib, yol təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr həyata keçirilib, çoxsay­lı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhli­zinin reallaşdırılması istiqamətində nəhəng infrastruktur layihəsi gerçəkləşdirilib.

Rusiya Prezidenti hələ bir müddət bun­dan əvvəl Şimal–Cənub Nəqliyyat Dəhli­zinin əhəmiyyəti barədə Rusiya mediasına müsahibəsində deyib: “Biz hər iki tərəf­dən iş aparırıq. Mən bilirəm ki, Prezident Əliyev bu layihəni dəstəkləyir. Biz bu məsələni onunla dəfələrlə müzakirə etmi­şik. İran rəhbərliyi də bu layihəni dəstək­ləyir. Bu dəhliz çox sərfəli olacağına görə həmin layihəyə xarici investorlar, regional olmayan, lakin yaxın olan ölkələr, o cümlə­dən suveren ərəb fondları da maraq göstə­rir. Aydındır, çünki suveren fondlar həmişə etibarlı investisiya sahələri axtarır. Bu la­yihə etibarlı investisiyalardan biridir, çünki onun gəlirliliyinə təminat və zəmanət var”.

Şimal–Cənub Nəqliyyat Dəhlizi ilə bağlı əlavə araşdırmalara ehtiyac duyuldu­ğunu vurğulayan V.Putin sözügedən nəq­liyyat-logistika sisteminin Azərbaycanın hansı əraziləri üzrə qurulacağı, onun necə maliyyələşdiriləcəyi, dəhlizin Azərbaycan ərazisindən Qərbə gedən yollarla necə bir­ləşdiriləcəyi, habelə İran ərazisindən keçən bu yolun şaxələndirilmiş hissələrinin necə inşa ediləcəyi barədə müzakirənin aparıl­ması zəruriliyini də xatırladıb.

Xatırladaq ki, bu dəhlizinin təməli 2000-ci ildə Rusiya, İran və Hindistan ara­sında imzalanmış hökumətlərarası saziş əsasında qoyulub. Bu günə qədər, ümumi­likdə, 13 ölkə sözügedən sazişi ratifikasiya edib. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. 

Şimal-Cənub Nəqliyyat Dəhlizinin ya­radılmasında məqsəd Hindistandan Rusi­yaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılması üçün hazırda sərf edilən zamanı 40–42 gündən 18-20 günə qədər – yəni iki dəfə qısaltmaqdır. Bu, yüklərin şimaldan cənub istiqamətində və əksinə daşınması sahəsində zaman baxı­mından inqilabi bir dönüş demək olacaq.

İqtisadiyyat