Bu, ümumi tərəqqinin davamlı olduğunu göstərir
Ölkəmizdə əvvəlki dövrlərdə müşahidə olunan iqtisadi yüksəliş 2024-cü ilin yanvar–iyul aylarında da davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar–iyul aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 70,5 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,5 faiz çoxdur.
2023-cü ilin 7 ayı ilə müqayisədə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. Əlavə dəyərin 38,4 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 19,1 faizi isə digər sahələrdə istehsal olunub. Yanvar-iyul ayları ərzində məhsula və idxala xalis vergilər ÜDM-in 10 faizini təşkil edib.
2024-cü ilin 7 ayında ölkə iqtisadiyyatının aparıcı sahəsi olan sənayedə baş verən artım diqqəti xüsusilə cəlb edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 37,3 milyard manatlıq məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri-neft-qaz sektorunda isə 8 faiz artıb. Bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir.
Sənaye məhsulunun 65 faizi mədənçıxarma sektorunun payına düşüb. Hesabat dövründə sözügedən sektor üzrə əmtəəlik neft hasilatı 4,3 faiz azalsa da, əmtəəlik qaz hasilatı 6,4 faiz artıb. Ümumilikdə, cari ilin ötən 7 ayında mədənçıxarma sənayesində 24,2 milyard manatlıq məhsul istehsal olunub. Sahənin mühüm növ məhsullarına gəldikdə isə, hesabat dövründə ölkə üzrə 16 milyon 950,1 min ton xam neft və kondensat istehsal edilib ki, bunun da 16 milyon 913,8 min tonunu əmtəəlik məhsul təşkil edib. Bununla yanaşı, ilin əvvəlindən 29 milyard 457,2 milyon kubmetr təbii qaz hasil olunub. Ümumi hasilatın 22 milyard 510,9 milyon kubmetri əmtəəlik qazın payına düşüb.
Cari ilin yanvar–iyul aylarında emal sektorunda istehsal olunmuş məhsulun sənayedə xüsusi çəkisi 29,3 faiz təşkil edib. Sözügedən dövrdə sahənin mühüm növ məhsullarından olan kompüter, elektron və optik məhsulların, əczaçılıq sənayesi mallarının, mebellərin, avtomobil, qoşqu və yarımqoşquların, elektrik avadanlıqlarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, geyimlərin, qida məhsulları və içkilərin, tütün məmulatlarının, tikinti materiallarının, rezin və plastik kütlə məmulatlarının, metallurgiya və kimya sənayesi mallarının, neftin və hazır metal məmulatlarının istehsalında əhəmiyyətli artım qeydə alınıb.
2024-cü ilin 7 ayında ölkə sənayesinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 794,7 milyon manat, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 341,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Hesabat dövründə ölkə üzrə 15 milyard 236,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bunun da 14 milyard 729 kilovat-saatı əmtəəlik elektrik enerjisi olub. Ümumi istehsalın 12 milyard 550,7 milyon kilovat-saatı istilik, 1 milyard 849 milyon kilovat-saatı su, 295, 5 milyon kilovat-saatı günəş, 33,8 milyon kilovat-saatı isə külək elektrik stansiyalarının payına düşüb.
Bu ilin yanvar-iyul aylarında iqtisadiyyatın digər mühüm sahələrindən olan aqrar sektorda 7 milyard 508,2 milyon manat dəyərində məhsul istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalında 0,8 faizlik artım qeydə alınıb. Hesabat dövründə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,2 faiz artaraq 3 milyard 836,8 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,5 faiz çoxalaraq 3 milyard 671,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil olmaqla, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi cari il iyulun 1-i vəziyyətinə 1 milyon 637,1 min hektar təşkil edib. Bu da əvvəlki illə müqayisədə 102,1 min hektar və yaxud 6,7 faiz artım deməkdir. Hesabat dövründə ümumi əkin sahəsi kənd təsərrüfatı müəssisələri üzrə 44,3 faiz, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə 2,1 faiz artıb. Ölkə üzrə əkin sahələrinin 1 milyon 25 min hektarı və yaxud 62,6 faizi dənli və dənli paxlalı bitkilərin, 127,9 min hektarı texniki bitkilərin, 128,7 min hektarı kartof, tərəvəz və bostan bitkilərinin, 355,5 min hektarı isə yemlik bitkilərin əkin sahələrinin payına düşüb. Bu il avqust ayının 1-dək tarlalardan qarğıdalı da daxil olmaqla 2 milyon 935,5 min ton dənli və dənli paxlalı bitkilər, 1 milyon 245,7 min ton tərəvəz, 598,6 min ton kartof, 429 min ton bostan məhsulları, 331,1 min ton meyvə və giləmeyvə, 22 min ton şəkər çuğunduru, 5,8 min ton üzüm, 1,8 min ton günəbaxan, 1,8 min ton tütün və 773,4 ton yaşıl çay yarpağı yığılıb.
Kənd təsərrüfatının digər mühüm sahəsi olan heyvandalıq üzrə əldə olunmuş göstəriciləri də uğurlu hesab etmək olar. Belə ki, cari ilin yanvar-iyul aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 331,2 min ton ət, 1 milyon 312 min ton süd, 1 milyard 385,9 milyon ədəd yumurta, 14,2 min ton yun, 239,4 ton barama istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,3 faiz, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 6,2 faiz artıb, yun istehsalı 1,6 faiz, barama istehsalı isə 32,9 faiz azalıb.
2024-cü ilin 7 ayında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmində də əhəmiyyətli artım baş verib. Dövlət Statistika Komitəsi bildirir ki, hesabat dövründə əsas kapitala 9 milyard 438,7 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur. Yanvar-iyul aylarında neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,9 faiz artıb. Ümumi sərmayənin 4 milyard 914,8 milyon manatı və ya 52,1 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 404,4 milyon manatı və ya 36,1 faizi xidmət sahələrinə, 1 milyard 119,5 milyon manatı və ya 11,8 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.