Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Qoşulmama Hərəkatına sədrlik və BMT Təhlükəsizlik Şurasına üzvlükdən sonra ölkəmizin xarici siyasətinin ən böyük uğurudur. Bu baxımdan Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti bu tədbirlə bağlı ölkəmizə yönələn qaralama kampaniyasından qat-qat önəmlidir.
Media Təhlil Mərkəzi “COP29 Azərbaycanı beynəlxalq miqyasda ən yüksək liqaya çıxarır” başlıqlı məqalə hazırlayıb. AZƏRTAC məqaləni təqdim edir.
Azərbaycan öz namizədliyini verən kimi ölkəmiz qlobal hücumların hədəfinə çevrilib və bu prosesdə Qərb mediası xüsusi fəallıq göstərir. Onlar Azərbaycanın neft-qaz ölkəsi olduğu halda nə üçün bu tədbiri keçirməsi sualını tez-tez gündəmə gətirir. Halbuki Azərbaycandan əvvəl bu tədbir Birləşmiş Ərəb Əmirliklərində, ondan əvvəl Misirdə keçirilib, bizdən sonra isə COP-a Braziliya ev sahibliyi edəcək. Onların hamısı neft-qaz resursları ilə zəngin ölkələrdir və inkişaf etmiş ölkələrdən fərqli olaraq bu tədbirə ev sahibliyi etməklə dünyanın bir nömrəli probleminin həllinə ciddi töhfələr verirlər.
Son illərdə Qlobal iqlim konfransının əsasən neft-qaz resursları ilə zəngin ölkələrdə keçirilməsi, ilk növbədə, bu ölkələrin enerji təhlükəsizliyi baxımından özlərini çox rahat hiss etməsi ilə bağlıdır. Digər tərəfdən bu resurslarla zəngin olan ölkələr müstəsna məsuliyyət hissi nümayiş etdirərək yaşıl texnologiyaya, yaşıl keçidə ciddi sərmayə qoyur və bu sahənin təşviqinə töhfə verirlər. Onlar yaşıl dünyanın qurulması üçün beynəlxalq səylərin birləşdirilməsinə çalışır və təcrübə göstərir ki, qlobal iqlim böhranının qarşısının alınması ilə bağlı irəli sürülən təşəbbüslər məhz həmin ölkələrin nümunəsində daha effektiv və səmərəlidir. Ona görə də noyabrda Azərbaycanın qlobal miqyasda ən mühüm hadisələrdən birinə ev sahibliyi etməsi və beynəlxalq arenanın bir nömrəli konfransının ilk dəfə postsovet məkanında keçirilməsi tarixi əhəmiyyət daşıyır. Çünki COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün misilsiz şans olmaqla onu beynəlxalq miqyasda ən yüksək liqaya çıxarır. Digər tərəfdən bu tədbir Azərbaycana yalnız onu keçirməyə deyil, həm də mahiyyəti üzrə təşəbbüslər irəli sürməyə imkan verir. Bununla da ölkəmiz Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qurur. Bu, həm də onu göstərir ki, Azərbaycan iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini dərk edir, birgə təşəbbüslər vasitəsilə davamlı gələcəyə doğru irəliləyişi sürətləndirməyi hədəfləyir. Bundan əlavə, qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb.
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Bundan əlavə, Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.