Laçında itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayev Gəncədə torpağa tapşırılıb

post-img

Laçın rayonunda 2022-ci il martın 3-də itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayevlə Gəncə şəhərində torpağa tapşırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuş Firdovsi Mais oğlu Abdullayevin qalıqları Gəncə şəhər Məhsəti qəsəbəsində yaşadığı evə gətirilərək valideynlərinə təhvil verilib.

O, bu gün Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfn mərasimində Gəncə Şəhər və Goranboy Rayon İcra hakimiyyətlərinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, şəhid ailələri və şəhər sakinləri iştirak ediblər.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində iyulun 3-də Kəlbəcər rayonunun İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri - 23.05.2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu və 09.02.2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğluna aid olduğu müəyyən edilib.

Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilib ki, həmin əsgərlər 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər.





Sosial həyat