Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən "TEDx Khatai Street" tədbiri keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirin budəfəki mövzusu "Məşğulluq" olub.
Ölkəmizdə sayca ikinci dəfə keçirilən tədbir barədə məlumat verilib, spikerlərin çıxışlarının, təcrübələrinin paylaşılmasının tələbə və məzunlar üçün faydalı olacağı qeyd edilib.
Tədbirin spikerləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov, Kapital Bankın İdarə Heyətinin sədri Fərid Hüseynov, “Azerconnect Group”un baş direktoru Emil Məsimov və Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Mehriban Rəsulova olub.
Onlar “Əmək münasibətlərində bərabərlik və inklüzivlik”, “Sosial sığortanın əhəmiyyəti”, “Banklarda süni intellektin tətbiqi: əməkdaşlara dəstək, yoxsa əvəz”?, “Peşə seçimi və stereotiplər” və “Kəsişən paralellər” mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbir iştirakçıları, həmçinin spikerlərə öz suallarını ünvanlayıb və şəbəkələşmək imkanı qazanıblar.