Azərbaycanlı fəallar Özbəkistanda Beynəlxalq ekoloji düşərgədə iştirak edirlər

post-img

Səmərqənddə artıq ənənəyə çevrilən Beynəlxalq Ekoloji Düşərgə açılıb. AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, bu il Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistandan olan ekoloji fəallara ilk dəfə olaraq Azərbaycan, Macarıstan və Türkiyədən nümayəndələr də qatılıblar.

Tədbir “Zamin” Beynəlxalq İctimai Fondu, Özbəkistanın Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi, Məktəb və Məktəbəqədər Təhsil Nazirliyi, Gənclər Agentliyi, həmçinin UNICEF, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə keçirilir.

İyunun 30-dək davam edəcək tədbirin proqramına seminarlar, gənc ətraf mühit liderlərinin beynəlxalq ekspertlərlə iqlim dəyişikliyi ilə bağlı aktual mövzularda müzakirələri, habelə ölkələrin bu ilin noyabrında Bakıda keçiriləcək COP29-da təqdim etməyi planlaşdırdığı layihələrin müzakirələri daxildir.

Səmərqənddəki İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetində qrup dərsləri və seminarlar keçiriləcək, proqram iştirakçıları Daşkənddə Mərkəzi Asiya Ətraf Mühit və İqlim Dəyişiklikləri Universitetində (Yaşıl Universitet) ekologiya sahəsində aparıcı mütəxəssislər tərəfindən təqdim ediləcək mühazirələrə qulaq asacaqlar.

Mədəni proqram çərçivəsində gənc ekoloji fəallar artıq Səmərqənd şəhərinin tarixi görməli yerlərini - Qur-Əmir məqbərəsini, Şaxi Zinda kompleksini və Uluqbəy Rəsədxanasını ziyarət ediblər.



Sosial həyat