101 yaşlı nənənin kötücə arzusu

post-img

Elə bil nağıllardan gəlib. Üz-gözündən nur süzülən, başında ağ kəlağayı olan ağbənizli  Rahilə nənə öz nəsil şəcərəsi haqqında məlumat verir: 
– Atam içərişəhərli Yusif bəy olub. Çox yaxşı ikimərtəbəli ev-eşiyimiz, içində bahalı mebellərlə dolu böyük mülkümüz var idi. Anam Aminə isə əslən Aşurbəyovlardandır. Həmin nəslin tanınmış nümayəndələrindən biri də Nabat xanım Aşurbəyova olub. Təzə Pir məscidinin tikilməsi onun adı ilə bağlıdır və məscidin tikintisi başa çatmamış vəfat edib, elə orada da dəfn olunub. Nabat xanım milyonçu Hacı Zeynalabdin Tağıyevin təşəbbüsünə qoşularaq Bakıya su kəmərinin çəkilməsində də iştirak edib, çox xeyirxah və səxavətli xanım olub. Anam Nabat xanımın ən yaxın qohumlarından idi.
“1945-ci ildə Tibb Universitetini bitirəndən sonra ailə həyatı qurub Naxçıvana köçdüm. Həyat yoldaşım Məhəmməd tarix müəllimi idi, o, bacımın həyat yoldaşı Manaf həkimlə dost olub”, – deyə müsahibimiz uzaq illərin arxasında qalan xatirələri çözələyir: “O vaxt necə olubsa, onunla Bakıya gələndə məni görüb. Əlbəttə, qismətdən qaçmaq olmaz. Onunla ailə həyatı qurduq və Naxçıvana gedib 28 il orada diş həkimi işlədim. Uşaqlar hamısı orada doğulub. Oğlum Faiq uzun illər dövlət təhlükəsizlik orqanlarında işləyib, polkovnikdir, indi təqaüddədir, Fərəc Odessada Yeyinti Sənayesi İnstitutunu bitirsə də, poliqrafiya sahəsində çalışır, ailəmizin sonbeşiyi Orucəli dövlət qulluğunda işləyir. Qızım Məlahət isə evdardır, dörd oğlu var”, – deyə 101 yaşlı Rahilə Hacıyeva  bildirib.
Keçən il Rahilə nənənin bir əsrlik yubileyi ailə üzvləri tərəfindən qeyd olunub. Övladları, nəvə-nəticələri, qardaşı və bacısı uşaqları, qohum-əqrəba əlamətdar yubiley münasibətilə bir yerə yığışıblar. 
Rahilə nənənin fəaliyyəti Naxçıvan şəhəri ilə bağlı olub. Əmək kitabçası orada açılıb, orada da bağlanıb. 28 il diş həkimi işləyib. Böyük oğlu Faiqin həyat yoldaşı Elmira da, onların Elmira adlı nəvəsi də həkimdir. Neçə illərdir ki, Almaniyada nevropatoloq işləyir. Fərəcin oğlu Fərid də ailə həyatı quraraq Almaniyada yaşayır. Digər nəvələrindən Elvin Amerikada, Surxay Türkiyədə, Emin İngiltərədə ali təhsil alıblar.
O, gəlinləri Elmira, Afət və Şəfəq, eləcə də nəvələri haqqında ağızdolusu danışır: “Harada olsalar, nə vaxt imkan tapsalar, mütləq mənə baş çəkirlər, zəng edib hal-əhvalımla maraqlanırlar. Mən də onlarla nəfəs alıram. Faiqin oğlu Məhəmməd qızına mənim adımı verib, indi üçüncü sinifdə oxuyur. Amma deyirlər ki, mənə ən çox Məlahətin qızı Nəzrin və Faiqin qızı Təranə oxşayır”.
Bakının Səbail rayonunda yaşayan Rahilə xanım 4 dəfə Məkkə, bir dəfə Kərbəla, dəfələrlə Məşhəddə ziyarətdə olub. Uzun illərdir ki, namaz qılır, oruc tutur. İndinin özündə də Hacı Rahilə xanım bir dəfə də olsun sübh namazını ötürməz. Neçə-neçə bəndənin hidayət yoluna gəlməsində vasitəçi olub.
– Şükür ki, torpaqlarımızın, yurdumuzun quldurlardan tam təmizləndiyi günü görmək mənə nəsib oldu. Azərbaycan Bayrağının Şuşada, Xankəndidə dalğalandığını görəndə qəlbim fərəh hissi ilə dolur. Təki bayrağımız lap ucalarda dalğalansın.
Ömrünün ixtiyar çağlarını yaşayan Rahilə Hacıyevanın 14 nəvə, 26 nəticəsi olsa da, hələ kötücəsi yoxdur. “Qızım Məlahətin nəvəsi Surxayın artıq 30 yaşı var, Türkiyədə turizm təhsili alıb və indi orada işləyir. Evlənmir ki, mən kötücəmi də görüm. Belə getsə, deyəsən, kiçik qardaşı Hüseyn ondan qabağa düşəcək. Fərqi yoxdur, hansı evlənir-evlənsin, qoy həmişə toy olsun, hamının evindən “Vağzalı” sədası eşidilsin, təki dünyaya övlad gəlsin”, – deyir Rəhilə nənə.
Nə gözəl arzudur?! Biz də elə bu arzunun həyata keçməsi diləyi  ilə onunla sağollaşırıq. 

Süleyman QARADAĞLI

Sosial həyat