Bələdiyyələr barədə yeni nəşrin təqdimatı

post-img

Bu gün Sosial Tədqiqatlar Mərkəzində (STM) bələdiyyələr üzrə ekspert Fərman Salmanlının “Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri” adlı kitabının təqdimatı zamanı STM sədri, Milli Məclisin deputatı Zahid Oruc Azərbaycanda ötən 20 il ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən, formalaşmasından söhbət açdı. 

O bildirdi ki, yerli demokratiyanın və sosial-iqtisadi inkişafın təmin olunmasında bələdiyyə qurumlarının üzərinə böyük yük düşür və cəmiyyətin onlardan gözləntiləri son dərəcə çoxdur. 

Daha sonra “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli, Xırdalan şəhər bələdiyyəsinin sədr müavini Elməddin Behbud, Rəsulzadə qəsəbəsi bələdiyyə sədri, Bələdiyyələrin milli qəsəbə asosiasiyasının sədri Hümbət Hüseynov, Milli Məclisin deputatı Azər Badamov və kitabın müəllifi Fərman Salmanlı çıxış edərək Azərbaycanda bələdiyyə sisteminin tarixi mövcudluğu, əhəmiyyəti, inkişaf perspektivləri və sözügedən mövzuda yazılan kitabın əhəmiyyəti haqqında söhbət açdılar. Kitabda bələdiyyələrin tarixi, fəaliyyəti və idarəçilik formaları haqqında geniş məlumatların əks olunduğunu vurğuladılar. 

Kitab STM-in maliyyə dəstəyi ilə çap olunub və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

Anar ƏLİ
XQ



Sosial həyat