Faşizm üzərində qələbədən 79 il ötür
Ötən əsrdə bəşəriyyətin dəhşətli sınaqlara çəkilməsi ilə xarakterizə edilən dövrlərdən biri də İkinci Dünya müharibəsi illəri olub. Həmin müharibədə Azərbaycanın da daxil olduğu SSRİ əsas təcavüz olunan tərəf kimi faşizmin sərt üzü ilə qarşılaşıb. Nəhayət, 1945-ci il mayın 9-da alman generalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb. Bundan bir neçə ay sonra bütövlükdə İkinci Dünya müharibəsi sona yetib və faşizm üzərində qələbə rəsmiləşib. Artıq 79 ildir ki, sülhpərvər bəşəriyyət 9 mayı Qələbə günü kimi qeyd edir.
İkinci Dünya müharibəsində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və şücaət nümunəsi göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. Azərbaycanın 650 min igid oğlu və qızı cəbhəyə yollanmışdı. Milli diviziyalar Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. Həmvətənlərimizin yarısı igidliklə həlak olub, 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib, 170 min əsgər və zabit müxtəlif orden və medallar alıb.
Respublika iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəldilmişdi. Az vaxtda Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Neftçilərimiz fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub: döyüşə gedən hər 10 tankın və hər 10 təyyarənin 7-si bizim benzinimizlə işləyib.
Azərbaycan İkinci Dünya müharibəsinin döyüş meydanlarından olmasa da, istər müttəfiqlərin, istərsə də “ox ölkələri”nin baş qərargahlarındakı müzakirələrdə və məxfi sənədlərdə Bakının da adı Stalinqrad, Berlin, London və Paris qədər tez-tez çəkilib. O dövrün hərbi xronikasına baxanlar SSRİ şəklində hazırlanmış ad günü tortunun “Bakı” hissəsinin kəsilib Hitlerə verildiyi kinokadrları yaxşı xatırlayırlar. Sənədlər göstərir ki, Britaniya və Fransanın hərbi strateqləri müharibənin ilk 2 ili ərzində Bakını bombardmana məruz qoymağı ciddi müzakirə ediblər. Məqsəd SSRİ-nin neft sənayesini sıradan çıxarmaq idi ki, həm ordunun yanacaq təchizatı zəifləsin, həm də Hitler Qafqazı tutsa, buranın neftinə sahiblənə bilməsin. Lakin müharibənin gedişi döyüşlər Bakıya çatmadan dəyişdi, mənhus plan elə xəritə üzərində qaldı.
Müharibədə cəbhəyə yollanan Azərbaycan vətəndaşının yarıdan çoxu – 420 mini geri qayıtmayıb. Faşizmin qurbanı olan azərbaycanlı igidlərin balaları yetimliklə böyüyüb. Fərəhlə qeyd edək ki, atalar və oğullar estafetini 70 il sonra layiqincə davam etdirən igidlərimiz 4 il əvvəl Qarabağ uğrunda erməni faşizminə qarşı müharibədə misilsiz rəşadət göstərərək, əzəli torpaqlarımızı düşmən işğalından təmizləyiblər. 44 günlük Zəfər Yürüşümüz işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli, Ay-ulduzlu bayrağımızın ucaldılması ilə sona çatıb. Ötən ilin sentyabrında isə antiterror tədbirləri sayəsində doğma ərazilərimizin tam suverenliyi bərpa olunub. Amansız erməni faşizmi məhv edilib və nankor separatizmi yuvası dağıdılıb. Bu yolda 3 min şəhid vermişik. Qürurla vurğulayırıq ki, biz ata-babaları Berlində, oğulları isə Şuşada və Xankəndidə Zəfər bayramını qeyd edən rəşadətli xalqıq. Faşizmlə barışmaz mübarizədə canından keçən qəhrəmanların xatirəsi qəlblərimizdə daim yaşayacaq.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev İkinci Dünya müharibəsi veteranlarına daim yüksək diqqət və qayğı ilə yanaşır, onların ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Dövlətimizin başçısı alman faşizminə qarşı savaşda iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında 2 may 2024-cü il tarixli sərəncam imzalayıb. Həmin sənədlə müharibənin iştirakçılarına 2 min, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin ailələrinə, arxa hüdudlarda fərqlənmiş şəxslərə isə min manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulub. Xalqımız bütün bunları Azərbaycanın keçdiyi şərəfli yola yüksək hörmətin təzahürü kimi alqışlayır.
Bəli, biz artıq faşizm üzərində 2 böyük qələbəni bayram edən xalqıq: 1945-ci ilin 9 May və 2020-ci ilin 8 noyabr günlərini. Hitler faşizminin də, erməni faşizminin də məhv olunması tarixə qızıl hərflərlə yazılıb. Ata və babalarımız Berlində, onların nəvələri isə Qarabağda Zəfər atəşfəşanlığına seviniblər.
Əli NƏCƏFXANLI
XQ