Nobelçi soydaşımız “Xalq qəzeti”ndə

post-img

Qonağımız beynəlxalq sülh mükafatçısı Bəxtiyar Siracovdur

Hələlik yeganə azərbaycanlı “nobelçi” olan soyda­şımız bu ali beynəlxalq mükafata 19 il əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin proqram təmi­natının yaradılmasında fəal iştirakına görə layiq görülüb. 26 il bu qurumda çalışmış, bunun son 16 ilini departament rəhbəri olmuş soydaşımız 3 ildir ki, təqaüdə çıxıb. 

Xidməti fəaliyyəti ilə bağlı uzun illər xüsusi şərtlər altında işləmiş Bəxtiyar Siracovun Vətənlə əlaqələrində artıq heç bir məhdudiyyət yoxdur. Ötən illərdə soydaşımızın Azərbaycan adına qazandırdığı tarixi uğurun sevincini az-çox yaşasaq da, onunla canlı təmaslara indi imkan yaranıb. Təqaüdə çıxan­dan sonra yaşadığı Vyana şəhərində fəal diaspor fəaliyyə­tinə qoşulan “nobelçi” həmyerlimizlə Azərbaycana budəfəki gəlişində illər uzunu fürsət gözlədiyimiz görüş, nəhayət, baş tutdu.

Şöhrətli qonağımızı redaksiyamızda salamlayan və gecik­miş təbriklərimizi ona üzbəüz çatdıran “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov 2005-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yeni proqram təminatının yaradılma­sında səmərəli fəaliyyəti ilə dünyada sülh prosesinə verdiyi önəmli töhfəyə görə Nobel sülh mükafatına layiq görülmüş Bəxtiyar Siracovun bu misilsiz uğurunun ölkəmizin elm və ictimai fəaliyyət sahəsində yeni bir səhifə açdığını vurğula­dı. Baş redaktor bildirdi ki, soydaşımızın Vətəndən uzaqda­kı nailiyyətləri xalqımızı hədsiz sevindirib, hamımızda haqlı öyünc yaradıb. Onunla bağlı yeniliklər həmişə redaksiyamı­zın diqqət mərkəzində olub.

Nobel sülh mükafatçısı görüşdən məmnunluğunu ifadə edərək bildirdi ki, hələ Bakıda orta və ali təhsil aldığı və ça­lışdığı illərdən “Xalq qəzeti”nin oxucusu olub. Qəzetdə Azərbaycanı ölkədən kə­narda tanıdan görkəmli adamlar barədə verilən yazıları xüsusi maraqla oxuyub. Azərbaycan naminə dünyada əks-səda verən fəaliyyətlə məşğul olmaq arzusu da onda həmin dövrdə yaranıb. Aldığı ali mükafat isə onu şəxsi uğurundan daha çox, Vətəni ilə bağlı önəmli bir ilk olduğa­na görə sevindirib.

Görüşdə Bəxtiyar Siracovun mənalı və şərəfli ömür yoluna ətraflı nəzər salın­dı. Dünyada sülh prosesinə layiqli töhfə vermiş bir alimin 30 il xalqımızla birgə Qarabağ münaqişə və müharibəsinin ağ­rısını yaşaması hamını bir daha təsirlən­dirdi. Bu zaman ona belə bir sual verildi: “Qarabağda separatçılığı və terrorçulu­ğu aşkar dəstəkləmiş fırıldaqçı iş adamı Ruben Vardanyanın Nobel sülh mükafa­tına təqdim edilməsi nə deməkdir”. Bey­nəlxalq sülh mükafatçısının cavabı qısa və qeyri-siyasi oldu: “Nobel sülh mükafa­tının verilməsində insan qanı axıdılması ilə bağlı heç bir anlayış yoxdur. Bu mü­kafat sülhün qorunmasına, müharibə və savaşların qarşısının alınmasına xüsusi xidmətə görə verilir.

Uzun illər Azərbaycandan kənarda yaşasa da, həmişə xalqımızın sevinci­ni və kədərini onunla bərabər paylaşan Bəxtiyar müəllim ömrünün fəxri istirahət mərhələsini də Vətən naminə dəyərli iş­lərə həsr etmək yolu şeçib. O, dünyada yaşayıb fəaliyyət göstərən alim soydaş­larımızın elmi qurumunun yaradılması təşəbbüsünü gerçəkləşdirən tanınmış­larımızdan biridir. Diaspor hərəkatını Azərbaycan dəyərlərini dünyada yaymaq istiqamətində fəallaşdırmaq üçün də soy­daşımız maraqlı layihələrlə çıxış edir. Gənclərin elmi işə yüksək amal və yeni hədəflərlə qoşulmasını təşviq etmək də Bəxtiyar Siracovun qarşısına qoyduğu növbəti ictimai vəzifələrdəndir.

Görüşdə dünya şöhrətli alimimiz­lə sıx əməkdaşlıq etmək, onun elmi və vətənpərvərlik layihələrinə informasiya dəstəyi verməklə bağlı razılıq da əldə edildi. Xalqımızın misilsiz yurd sevgisi, yüksək elmi dühası, qurub-yaratmaq is­tedadı, öyünclü keçmişi söhbətlərin ana xətti oldu. Bütün bu dəyərlərə sadiqliyinə görə qonağımıza kollektivimizin sev­gi-sayğısı sərgiləndi.

Görüşdə toxunulan məsələlər, səs­lənən suallarla bağlı ayrıca müsahibə qə­zetimizin növbəti saylarından birində dərc ediləcək.

Tahir AYDINOĞLU
XQ





Sosial həyat