“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən biri olan, 2020-ci ildə istifadəyə verilmiş “Pensiya kalkulyatoru”ndan ötən dövrdə 2,9 milyondan çox müraciət qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətlərin 2,6 milyonu yaşa görə, 300 mindən çoxu əlilliyə və ailə başçısını itirməyə görə pensiyalarla bağlı olub.

“Pensiya kalkulyatoru” e-xidməti istifadəçiyə mövcud qanunvericilik əsasında ona yaşa görə pensiya hüququnun yaranacağı tarix, hər üç pensiya növü (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı və pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və sair barədə məlumat təqdim edir.

Ölkənin vahid sosial reyestri olan e.sosial.az portalına keçid edib pensiya kalkulyatoru xidmətindən istifadə edən hər bir şəxs cari hesabında toplanmış sosial sığorta kapitalına əsasən ona təyin oluna biləcək pensiya məbləğini də hesablaya bilər.

Sosial həyat