Taxta tüfəngli, şalvarsız əsgərlər – evzonlar

post-img

Onlara Afinada prezident sarayının yaxınlığındakı Sintaqma meydanında, milli bağın mərkəzində rast gələ bilərsiniz. Məzəli geyim formasında olan bu əsgərlər “evzonlar” adlanan prezident qvardiyasını təmsil edir. 

“Evzon” sözü Homerin “İliada” poemasında da işlənib. Tərcüməsi “möhkəm kəmərlənmiş” deməkdir. “İliada”da bu ifadə seçilən döyüş­çülərə aid edilir. 

Seçilmiş döyüşçülər

Evzonlar, ənənəvi olaraq, taxta altlıqlı, dəmir dabanlı ayaqqabılar, flanelli köynəklər, yun taytlar və iri qotazlı məxmər beretlər geyinərək parad keçirirlər. Əllərində silah əvəzinə, oyuncağa bənzəyən lak­lı taxta tüfəng tuturlar. Evzonların geyimindəki kulminasiya nöqtəsi məşhur ağ rəngli qat-qat yubka­larıdır. Bəzən onları lağa qoymaq üçün deyirlər: Bir evzona tüfəng əvəzinə, dəbli bir çanta verilsə, onu məmnuniyyətlə istənilən moda po­diumuna buraxarlar. 

Əslində, evzonlar qədimdən qalma hərbi birlik olub. Birliyə hərbi xidməti başa vurduqdan sonra altı ay sərt hərbi təlim keçmiş, boyu 188 sm-dən aşağı olmayan fiziki cəhətdən güclü əsgərlər seçilib. Evzona namizədlərin üçdə ikisi, adətən, birliyə yararsız olur. Bunun səbəbi, evzonluğun fantastik dö­zümlülük tələb etməsidir. 

Onlardan istiyə, soyuğa, ağrıya, aclığa mətanətlə duruş gətirərək saatlarla heykəl kimi hərəkətsiz da­yanmaq tələb olunur. Əslində, ev­zonlar həqiqi hərbi təcrübəyə malik döyüşçülərdir. Onlar meydanda heç də simvolik mənada dayanmır­lar. Evzonlar hazırda prezidentin iqamətgahını mühafizə edirlər. 

400 il Osmanlı tabeliyində

Tarixdən məlumdur ki, Yunanıs­tan 400 il Osmanlı imperiyasının idarəçiliyi altında olub. XIX əsrdə Osmanlıya qarşı qiyam qaldıran yunanlar məhz bu ağ yubkalı ev­zon dəstələrini Osmanlı ordusunun üstünə göndərirdilər. Türklər bu qə­ribə geyimli yunan əsgərlərini ironi­ya ilə “əfsun” adlandırırdılar. 

Evzon geyiminin aksessuarla­rı kişi yubkası (fustanella), papaq (fareon), yunan naxışları ilə bəzə­dilmiş fermelli jilet, ağ köynək və dağ gəzintiləri zamanı ayaqları isti saxlamaq üçün nəzərdə tutul­muş periskelid corabdan ibarətdir. Vaxtilə evzonların yubkalarına 400 qat tikilirmiş. Bu da rəmzi olaraq Osmanlı hakimiyyəti altında keçən 400 ili təmsil edir. Evzonlar hər tayı 4 kiloqram olan ağır pomponlu də­mir çəkmələr geyinirdilər. “Çarıx” adlanan bu çəkmələr, əsasən, buz­luq ərazilər üçün hazırlanırdı. 

Müasir dövrdə prezident qvar­diyasında təmsil olunan hər bir ev­zonun geyinməsi ən azı saat yarım çəkir. Bu çətin prosesdə əsgərə köməkçi yardım edir. Evzonların rütbələrini onların geyim forması ilə fərqləndirmək olur. Zabitlərin yubkası daha qısa, köynəklərində­ki qotazlar isə, əksinə, uzun olur. Kapitan isə qırmızı jilet geyinir. 

Çarıqların pomponları da təsa­düfən seçilməyib. Osmanlı dövrün­də xristian yunanların silah gəzdir­məsinə icazə verilmirdi. Hiyləgər yunan əsgərləri ayaqqabılarının ucundakı iri ponponları qoyun yu­nundan yumurlayıb tikmək qərarı­na gəlirlər. Bu yolla onlar yumur­lanmış yunun arasında kiçik ölçülü bıçaq, digər kəsici alətlər gizlədib­lər.

Evzonların gülüş doğuran ad­dım marşı isə yunan xalq rəqslərin­dən törəyib. Bu cür addımlama for­ması qədim yunan döyüş atlarının sərt yerişini simvolizə edir. 

“Şalvarla döyüşə bilmirik…”

Yunan kralı I Otto XIX əsrdə öz əsgərlərinə Qərbi Avropanın ciddi hərbi formalarından geyindirməyə çalışıb. Lakin evzonlar həmin for­malardan qəti şəkildə imtina edib­lər. Onlar krala müraciət edərək dar şalvarla döyüşə bilmədikləri­ni, yubkalarını onlara geri qaytar­masını xahiş ediblər. Kral onların xahişinə əməl edib. Evzonlar XX əsrin əvvəllərində Balkan müha­ribələrində öz yubkaları ilə yaxşı çıxış ediblər. Birinci Dünya mü­haribəsində, sonralar 1940-cı ildə italyanlarla müharibədə də döyüş­çü kimi pis performans göstərmə­yiblər. 

Ədalət naminə qeyd etmək la­zımdır ki, ciddi görkəm alan evzon­lar heç də həmişə gülünc görün­mürlər. Ancaq Yunanıstana ilk dəfə səfər edən turistlərin əksəriyyəti evzonların bu qeyri-adi görkəminə gülməyi özlərinə qəbahət saymır­lar. 

Murad KÖHNƏQALA



Sosial həyat