“Şəhid və qazi ailələrinin hər zaman yanındayıq”

post-img

Müqəddəs Ramazan ayında xeyirxah işlərlə məşğul olmaq, kimsəsizlərin əlindən tutmaq Tanrı yolunda savab işlərdən biri sayılır. Hər bir insan özünün mənəvi keyfiyyətləri ilə cəmiyyətə və xalqa xidmət etməlidir. 

“Modern İnkişaf və Ailə” İB-nin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Zərifə Quliyevanın və “Dayaq” Vətən müharibəsi əlillərinə və şəhid ailələrinə dəstək təşkilatının sədri Qalib Əliyevin birgə təşkilatçılığı ilə şəhid ailələri, qazilər üçün iftar süfrəsi açılıb. Tədbirdə millət vəkilləri, Nərimanov rayon İcra hakimiyyətinin müvafiq təmsilçiləri, elm və sənət adamları iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Zərifə Quliyeva 2020-ci ilin noyabrında Ordumuzun və xalqımızın qazandığı böyük Zəfərdən qürurla danışdı. O, qeyd etdi ki, şəhidlərin adı hər bir azərbaycanlının and yeridir, qazilər bizim övladlarımız, qardaşlarımız, doğmalarımızdır. Buna görə də, bütün əziz bayramları şəhid və qazi ailələri ilə birgə keçirmək bizim borcumuzdur. 

Zərifə Quliyeva dedi ki, qələbənin qazanılmasında Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri misilsiz və ölçüyəgəlməzdir. 

Sonra söz “Dayaq” Vətən müharibəsi əlillərinə və şəhid ailələrinə dəstək təşkilatının sədri Qalib Əliyevə verildi:

- Əziz şəhid anaları, bacıları, ömür-gün yoldaşları. Siz bizim başımızın tacısınız. Biz fəxr edirik ki, bu gün sizinlə bir süfrə arxasında əyləşmişik. Şəhidlər əbədiyyət işığında hər zaman xalqımızın yoluna işıq saçacaqlar. Biz onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmağı özümüzə borc bilməliyik.  

İftar süfrəsində iştirak edən şəhid ailələrinin nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. 

Zərifə xanım Quliyeva onu da qeyd etdi ki, şəhid, qazi ailələrinin yanında olmaq, onlara dəstək göstərmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Xalq, dövlət, Ordu birliyinin sayəsində xalqımız böyük Zəfərə imzasını qoydu və suverenliyimiz bərpa olundu. 

Mərasimin sonunda sənət adamları, qiraətçilər vətənpərvərlik mövzusunda şeirlər, mahnıılar ifa etdilər. 

  Kəmalə Abdinova

   XQ 



























Sosial həyat