Naftalan: həm səyahət, həm təbabət

post-img

Turistlərin yarısı xaricdən gələnlərdir

Turizm xidmətinin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə Naftalan Şəhər İcra Hakimiyyəti Dövlət Turizm Agentliyinin Gəncə Regional İdarəsinin əməkdaşları ilə birlikdə otel və müali­cə mərkəzlərində rəy sorğusu keçirib.

Azərbaycan, rus və ingilis dillərində hazırlanmış anket-sorğunun aparılması Beynəlxalq Turizm Mərkəzi olan Naf­talanda xidmət səviyyəsinin müəyyən edilməsi və yaxşılaşdırılması məqsə­di daşıyır, şəhərin turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə də imkan verir. 

Sorğu şəhərdə istirahət edən və müalicə alan 100-dən çox turist arasın­da aparılmışdır ki, onların da 55 faizini yerli, 45 faizini isə xarici turistlər təşkil etmişdir. Xarici turistlər arasında hazır­da Rusiyadan gələnlər 55 faiz, Qazaxıs­tan, Özbəkistan, Belarus və Ukrayna­dan olanlar isə 45 faizdir. Maraqlıdır ki, turistlərin 62 faizi Naftalana ilk dəfədir ki, gəlir. Bundan əlavə, onların 22 faizi ildə bir dəfə, 16 faizi isə ildə bir neçə dəfə gələnlərdir.

Naftalan müalicəsi müddətli olduğu üçün burada 8-14 gün qalmağı plan­laşdıran turistlər daha çoxdur və başqa sözlə, gələnlərin 73 faizini təşkil edir. Sorğunun nəticəsindən aydın olmuşdur ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaratmış, turizm obyekt­lərinin xidmət səviyyəsi və yerləşdirmə ilə bağlı fikrə “razıyam” deyənlər 86 faiz təşkil etmişdir. 

Naftalanın abad, təmiz və səliqəli saxlanılması vəziyyəti ilə bağlı sualı 93 faiz turist əla və yaxşı olaraq qiymətlən­dirmiş, digər 7 faiz isə otelə yeni gəl­diyini, şəhərlə hələ tanış olmadıqlarını qeyd etmişlər.

Rəy sorğularının keçirilməsi möv­sümə uyğun olaraq davam etdiriləcək­dir.

Hamlet QASIMOV
XQ-nin bölgə müxbiri

Sosial həyat