Ombudsman “Femida Könüllüləri” Təşkilatının üzvləri ilə görüşüb

post-img

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Femida Könüllüləri” Təşkilatının üzvləri ilə görüş keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən  bildirilib ki, görüş zamanı müvəkkil təsisatın yaranma tarixi, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Ombudsman cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə xüsusi diqqət yetirdiyini, bununla əlaqədar təsdiqlənmiş tədbirlər planı çərçivəsində insan hüquqlarına dair müxtəlif aktual mövzulara həsr edilmiş tədbirlərin təşkil olunduğunu bildirib.

Ombudsman mandatının beynəlxalq hüququn normalarına uyğun olaraq genişləndirilməsi ilə bağlı məsələlərə toxunaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərdən və Aparatın strukturunun optimallaşdırılması ilə bağlı islahatlardan bəhs edib.

Ölkəmizdə gənclərin inkişafı və könüllülük fəaliyyətinə mühüm yer verildiyini bildirən müvəkkil təsisatın fəaliyyətində könüllülərin də iştirak etdiyini, onların Aparatın müxtəlif struktur bölmələrində təcrübə prosesinə cəlb olunduğunu vurğulayıb. Bununla yanaşı, müxtəlif ali məktəblərdə bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan gənclərin istehsalat və elmi-tədqiqat təcrübəsində iştirak etdiyi də diqqətə çatdırılıb.

Görüşdə, həmçinin Ombudsman Aparatında qanunvericiliyin təkmilləşdirilməsinə dair irəli sürülən təkliflər, Konstitusiya Məhkəməsinə göndərilən sorğular, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq təşkilatlara ünvanlanan hesabatlar barədə ətraflı məlumat verilib.

Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sosial həyat