Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - Sorğu

post-img

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşməsi prosesi çərçivəsində hazırda Ermənistanın işğalı altında olan Qazax rayonunun 7 kəndinin və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndinin təhvil verilməsi məsələsinin aktuallığını nəzərə alaraq, vətəndaşların bu barədə gözləntilərinin öyrənilməsi məqsədilə sorğular keçirib. Respondentlərə “Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inanırsınızmı?” sualı ünvanlanıb.

Sorğunun nəticələrinə əsasən, cəmiyyətin Ermənistanın işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir. Belə ki, respondentlərin mütləq əksəriyyəti - 95.8 faizi Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inandığını, 3.6 faizi inanmadığını bildirib. 0.6 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi Ermənistan tərəfindən 1990-1992-ci illərdə işğal edilib. İşğal altında olan bu 8 kəndin 4-ü Azərbaycanın eksklav əraziləridir.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat