Keçmişlə gələcəyin görüş yeri

post-img

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

İnsan qədim zamanlardan hər şeyin ən dəyərlisinə, fərqlisinə və gözəlinə can atmiş, xüsusilə maddi və mənəvi cəhətdən qiymətli olana, müqəddəs bildiyinə özəl yanaşmış, onu toplamış və qorumuşdur. Elə bilirəm, sənət ruhunun formalaşması, nəticə etibarilə muzeylərin əsasının qoyulması da bundan irəli gəlib. Ona görə də, muzeyləri keçmişlə gələcəyin görüş yeri, yaxud, körpüsü adlandırırlar. Təkcə əşyaları, bəlgələri, heykəlləri, tikmə-toxumaları, pul-paraları qorumaq üçün deyil, həm də öyrətmək, məlumatlandırmaq, maarifləndirmək məqsədi daşıyır muzeylər. Orda sərgilənən hər əşya, hər dəlil, sənət nümunəsi xalqı, onun mədəniyyətini, tarixini, yaşam tərzini, hətta taleyini ifadə edir. Azərbaycan xalqının da qədim və müasir mədəniyyətini ifadə edən dünya səviyyəli muzeyləri var. Amma coğrafi qədər anlayışının mövcudluğunu da bildirməliyik. Təəssüf ki, xalqımız hər zaman terrora, soyqırıma məruz qalıb. Dünyada soyqırımı muzeyləri çox deyil. Qəribədir ki, belə muzeylərin əksəriyyəti türk-müsəlman ölkələrindədir, özəlliklə də Türkiyədə və Azərbaycanda. Çünki coğrafiyamız qədərimizdir, qonşularımız isə son dərəcə məkirlidir...

İllər öncə Quba şəhərindəki Soyqı­rımı Memorial Kompleksini ziyarət edərkən, bir xanım diqqətimi çəkdi. Dayanmadan şəkil çəkir, suallar verir, dəftərçəsində qeydlər edirdi. Kimliyi ilə maraqlandım, rusiyalı jurnalist olduğunu deyən İrina Vladimirovnaya xüsusi ya­naşması üçün təşəkkür edib, daha dol­ğun məlumat verməyə çalışdım. Söhbət əsnasında dedi ki, illər əvvəl Ermənis­tandakı soyqırımı muzeyində olmuş və oradan da böyük reportaj hazırlamışdır. Soruşdum ki, Ermənistandakı muzeydə soyqırımı ifadə edən insan sümükləri və ya bir ədəd də olsa, kütləvi məzarlıq nümayiş olunurmu? Burada gördüyü­nüz dəlilləri orada da gördünüzmü? Re­portaj hazırlayarkən soyqırımını sübut edən insan qalıqlarını, məzarlığı göstərə bildinizmi? Baxın, bu muzeydə heç bir dekorasiyadan, bəzək-düzəkdən istifadə olunmayıb, məzarlıqlar olduğu kimi gün üzünə çıxarılıb. 1915-ci ildən indiyədək Ermənistan dövləti türklərin onlar üçün qazdığı bircə kütləvi məzarlığı üzə çıxara bilsə, onlara soyqırımı muzeyini türklər özü tikər. Amma göstərə bilməzlər, çünki yoxdur. Sizdən xahiş edirəm: şahidi ol­duqlarınıza ədalətli yanaşın. 

Ona məsləhət gördüm ki, Türkiyəyə getsin, İğdırdakı Şəhid Türklər Anıt Mu­zeyini ziyarət etsin. O muzeyin olduğu yer Ermənistan sərhədinə 15 kilometr yaxınlıqdadır. Orada sərgilənən onlarca kütləvi məzarlığa baxın və soyqırımının nə demək olduğunu öyrənin. Şərqi Ana­dolu bölgəsində daşnakların qətl etdikləri türklərə aid yüzlərlə kütləvi məzarlıq var və onların bir neçəsi həmin muzeydə sər­gilənir. 

İki yüz ildir ki, eyni taleyi yaşayırıq, iki yüz ildir ki, ölkəmizin hər yeri açıq səma altında soyqırımı “muzeyi”dir. Ayağımızı yerə basarkən canımız yanır, hər qarış torpağımızın altında qətledilmiş yaş­lı, uşaq, gənc, qadın sümükləri sızlayır. Bunları bir daha yaşamamaq, tarixin acı dərsləri kimi soyqırımlarımızı muzeylərdə toplayıb, gələcəyə ötürmənin zamanıdır artıq.

1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqların­da həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olmuş on minlərlə azərbaycanlının xatirəsinə ucaldılan ilk Soyqırımı Memorial Kompleksi Qubada açıldı. Lakin tariximizin son dönəmlərin­də Qarabağda baş verən qanlı hadisələr­də silahsız, köməksiz qalan xalqımız dəfələrlə soyqırımı dəhşətini yaşadı. Xocalı, Ağdaban, Qaradağlı, Meşəli, Ma­lıbəyli-Quşçular soyqırımları törədildi, günahsız insanlar amansızlıqla qətlə yetirildi. Bunlar beynəlxalq ictimaiyyətin gözü qarşısında baş versə də, dünyanın xalqımıza qarşı bəsirət gözü bağlandı, bununla da, Ermənistanın dövlət terro-rizmi daha geniş vüsət aldı. 

Muzeyə gəl, tarixini öyrən! 

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda fəaliyyət göstərən Me­morial Soyqırımı Muzeyi ölkəmizdə bu təyinatlı ikinci muzeydir. Demək olar ki, böyük bir kompleks, hətta araşdırma, elmi mərkəzdir. Təəssüflə qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə aşkarlanan kütləvi məzarlıqlar bundan sonra hələ neçə belə soyqırımı muzeylə­rinin yaradılacağından xəbər verir. Qısa müddətdə Xocavənddə, Xocalıda, Şuşa­da və ətraf bölgələrdə 13 məzarlıq qeydə alınıb. Aşkarlanan qalıqların işgəncələrə məruz qaldıqları müəyyənləşib. Onların, haradasa, 25 il əvvəl öldürülərək, kütləvi şəkildə bastırıldığı məlum olub. Mütəxəs­sislərin fikrincə, işğaldan azad olunmuş bölgələrimizdə belə kütləvi məzarlıqlar çoxdur. 

Hərbi Prokurorluğun nəzdində fəaliy­yət göstərən Memorial Soyqırımı Muzeyi 24 fevral 2014-cü ildən fəaliyyətdədir. Əgər dünyada ədalət varsa, gəlsinlər, görsünlər, öyrənsinlər, araşdırsınlar. Mu­zeydə bütün tədqiqatçılara yetəcək qə­dər material, sənəd, kitab və maddi sü­butlar toplanıb. 

Prokurorluğun təşəbbüsü ilə yaradı­lan muzey xalqımızın 200 ilə yaxın bir tarixdə yaşadığı faciələrin əyani şəkildə, maddi və mənəvi sübutlarla təsdiqidir. İçəri girəndə, insanın ilk ağlından keçən fikir bu olur: İlahi, biz nələr yaşamışıq?! Əsrlərdir bu zülmə necə dözmüş və məhv olmamışıq?! Bu qədər soyqımla­rı, qətllər, repressiyalar, terror hadisələri, zülm və işgəncələr olarmı?!

Muzeyi yaratmaqda məqsəd erməni millətçilərinin xüsusi amansızlıq və qəd­darlıqla törətdikləri kütləvi qırğınların, in­sanlıq əleyhinə törədilən cinayətləri tarixi­mizin yaddaşına həkk etmək, əşyayi-dəlil kimi, onları dünyaya göstərmək və qan yaddaşımızı unutmamaq üçün gələcək nəsillərə geniş məlumat və tutarlı dəlillər­lə verməkdir. Millətə ən böyük xidmətlər­dən biri də budur, hər vətəndaş xalqının tarixini buradan öyrənə, yaşadığı faciələri tanıya bilər. Nümayiş olunan bütün fakt və sənədlər, eksponatlar prokurorluq tərəfindən istintaq materialları əsasında yaradılıb. Muzey XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçir­dikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə soydaşımızın əziz xa­tirəsinə həsr edilib. 

Dünyanın ən üstün standartlarına uyğun təşkil edilmiş muzey ilk baxışdan ziyarətçini bir xalqın yaşadığı faciələr­lə əhatəli şəkildə tanış edir, divarlardan baxan qandonduran şəkillər, sərgilənən sənədlər buz kimi kəsir insanın ruhu­nu. İstər 1918-ci ilin Mart soyqırımının əks olunduğu stendlər, məlumatlar, fakt və rəqəmlər, istər otuzuncu illərin qan­lı repressiya qurbanlarına həsr edilmiş məlumat və şəkillər, istərsə də, son 30 illik tariximizin qara səhifələri olsun – hər ekspozisiya unikal arxiv sənədləri ilə zən­gindir. 

320 kvadratmetr sahəni əhatə edən edən muzey 4 bölmədən ibarətdir. Hər bölmədə tariximizin qara səhifələri barə­də nümayiş olunan maddi və mənəvi sübutlar – divarlardan asılan şəkillər, qana boyanmış hərbi bilet və ya pasport sənədləri bir haraydır, çağırışdır, xalqı­mıza qarşı qalxan qanlı əllərə üsyandır. Fəxrlə deyə bilərik ki, o əllər bu gün “də­mir yumruğ”a çevrildi və zərblə düşmənin başına endi. Müzəffər Ali Baş Komanda­nımızın dediyi kimi, bundan sonra “dəmir yumruq” hər zaman yerində olacaq. 

Muzey ekspozisiyası müxtəlif dillərdə təqdim olunur. Faciələr və qətllər ayrı-ay­rı bölmələrdə zəngin foto, arxiv sənədləri, statistik məlumat və diaqramlarla verilib. Hər bölmənin qarşısında da məlumat ba­zası Azərbaycan və ingilis dillərində öz əksini tapıb. 

Muzey Tarix, Deportasiya-repressiya, Soyqırımı və Terror bölmələrindən ibarət­dir. Girişdə yerləşdirilmiş rəsm əsər­ləri şiddətli ağrıları təcəssüm etdirir və soyqırımı qurbanlarının matəm sükutunu özündə daşıyır. Giriş “Xocalı fəryadı” adlı böyük rəsmlə başlayır. Fəxrlə deyə bilirik ki, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci ilin fevralın 26-da Prezi­dent İlham Əliyevin rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazi­sindəki “Ana fəryadı” abidəsinə keçirilmiş yürüşünün iri həcmli fotoşəkli yerləşdirilib. 

Muzey xalqımızın məruz qaldığı soyqırımı hadisələrinin beynəlxalq aləm­də tanıdılmasında mühüm rola malikdir. Hər şey aşkardır, inkaredilməz fakt və dəlillərdən, mühüm sənədlərdən ibarət­dir. Muzeydə toplanmış məxəzlərlə biz ci­nayəti törədənləri ədalət mühakiməsində cavab verməyə məcbur edə bilərik və şüb-hə yoxdur ki, günlərin birində bu da baş verəcək. Ermənistan 110 ildir ki, “erməni soyqırımı” deyə fəryad edib, dünyanı bu qondarma iddiaya inandırmaq istəsə də, indiyədək ortaya nə bir maddi sübut, nə elmi araşdırma, arxiv sənədi qoya bilib. Bizim sübutlarımız isə göz önündədir. Nə edək ki, dünya bunları qəbul edəcək qə­dər obyektiv deyil... 

Tarix və Deportasiya-repressiya böl­mələrində XX əsrin əvvəllərində Azər­baycanın müxtəlif bölgələrinin ermənilər tərəfindən dağıdılıb, viran edilmiş görün­tüləri əks olunub. Quraşdırılmış sensor ekranlı monitorda göstərilən xəritədə er­mənilərin ötən əsrdə müxtəlif bölgələrdə xalqımıza qarşı həyata keçirdikləri soyqı­rımları barədə bir neçə dildə məlumat yer­ləşdirilib. Bu bölmədə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin er­mənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ifşa olu­naraq, dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərin və imzala­dıqları sərəncamların nümayiş etdirildiyi guşə yaradılıb. Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında ermənilərin törətdikləri vəhşiliklər haqqında da dol­ğun məlumatlar yer alıb. Rusiya imperi­yası və İran dövləti arasında bağlanmış və Azərbaycanı ikiyə bölən “Gülüstan” və “Türkmənçay” müqavilələri, “Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqı­rımı siyasətinin deportasiya və sürgün mərhələsi” kompozisiyası, 1930-cu illər­də repressiya qurbanı olmuş Azərbaycan ziyalılarına və görkəmli şəxsiyyətlərinə qarşı açılmış cinayət işlərindən götürül­müş fraqmentlər, azərbaycanlıların tarixi torpaqlarından son deportasiyasını əks etdirən fotolar da sərgilənir. 1988–1991-ci illərdə ermənilərin etnik təmizləmə si­yasəti nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 350 min nəfər azərbaycanlı təcavüzə məruz qalaraq, doğma yurd-yuvalarından qovuldu. 217 nəfər qətlə yetirildi, 1154 nəfər yaralandı, yüzlərlə insana işgəncə verildi. 

Muzey işi o qədər mükəmməl şəkildə təşkil olunub ki, hətta ən adi ziyarətçi də bütün bunların nümayişi üçün nə qədər ağır zəhmət sərf olunduğunun fərqində­dir. 

Soyqırımı və Terror bölmələrində erməni silahlı birləşmələri və Sovet or­dusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücumu ilə bağlı maket və fotolar, ha­belə digər maddi sübutlar, sənədlər və eksponatlar yerləşdirilib. Bu bölmədə 1:7500 miqyasında maket qurulub. Hərbi Prokurorluq tərəfindən aparılmış ibtidai istintaq materiallarına uyğun olaraq, hü­cum zamanı erməni silahlı birləşmələri və 366-cı alayın bölmələrinin yerləşdiyi ərazilər və xüsusi amansızlıqla qətlə ye­tirilən dinc əhalinin meyitlərinin olduğu yerlər də maketdə əks olunub.

Qeyd etmək yerinə düşər ki, 2005-ci il mayın 5-dən etibarən Respublika Hərbi Prokurorluğu tərəfindən istintaq olunan həmin iş üzrə insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 296 nəfərin təqsirlən­dirilən şəxs qismində cəlb olunmalarına dair qərarlar çıxarılmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, axtarışları elan edilib. 

Bölmələrdə, həmçinin fakt üzrə apa­rılan cinayət işinin cildləri, hadisə yerinə baxış protokolları, erməni təcavüzkarla­rının törətdikləri vəhşilikləri sübut edən əşyalar, ekspert rəyləri, ifadələr, meyit­lərin fotoşəkilləri və eləcə də Xocalıda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrində cinayət izlərini özündə əks etdirən əşyalar yer alıb. 1991-ci ildə Meşəlidə tamamilə qətlə yetirilmiş Novru­zovlar ailəsinə məxsus qandonduran fo­toşəkillər, əşyalar, üst qadın geyimləri və yarımçıq qalmış toxuma da unikal ekspo­nat kimi sərgilənir. Kütləvi qırğın zamanı hadisə yerindən götürülmüş partladıcı qurğular, güllə başlıqları nümunələri də muzeydə nümayiş etdirilir. 

Respublika hərbi prokurorunun köməkçisi, prokurorluğun mətbuat xid­mətinin rəhbəri, baş ədliyyə müşaviri Firat Əliyev mənimlə söhbətində bildirdi ki, fəaliyyətə başladığı gündən indiyə­dək muzeyi 35 mindən çox insan ziyarət edib. Təkcə bu il 3000 nəfərdən çox zi­yarətçi qəbul olunub. Ziyarətçilərə Hərbi Prokurorluğun müvafiq əməkdaşları tərə­findən muzey haqqında məlumat verilir. Muzeyi ziyarət etmək ödənişsizdir.

Bəli, qürurverici faktdır ki, Respubli­ka Hərbi Prokurorluğu böyük əmək sərf edərək, bunu bacarıb və xalqımızın 200 illik faciələrlə dolu soyqırımı tarixini, hər­bi cinayətlərin istintaq materiallarını top­layaraq, böyük bir mərkəzdə birləşdirib. Qeyd etdiyimiz kimi, bura təkcə ziyarət etmək üçün deyil, öncə yetişməkdə olan nəslin üzərinə bu həqiqətləri dünyaya eşitdirmək və qəbul etdirmək öhdəli­yi qoyulmalıdır. Artıq əziyyət çəkməyə, arxivlərdə, kitabxanaların oxu zallarında aylarla vaxt itirməyə ehtiyac qalmır, bü­tün məlumatlar burada ən yüksək səviy­yədə nümayiş olunur. Muzey geniş oxucu kütləsi, araşdırmaçılar, tədqiqatçılar üçün zəngin mənbədir. Yetər ki, tariximizi öy­rənək təbliğ edək, dünyanı gerçəklərə inandırmağı bacaraq. 

Əminə YUSİFQIZI,
Əməkdar jurnalist









Sosial həyat