Aqrar Universitetdə Novruz təntənəsi

post-img

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Novruz bayramı münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları tələbələrin və gənc rəssamların əl işlərindən ibarət sərgiyə və kafedralar tərəfindən hazırlanan Novruzla bağlı kulinariya nümunələrinə, xonçalardan ibarət guşələrə baxıblar. 

Sonra Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov bolluq, bərəkət və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə müəllim, tələbə və əməkdaşları təbrik edib. Rektor bildirib ki, bu il xalqımız ərazi bütövlüyünü tam bərpa etmiş xalq kimi Novruz bayramını daha təntənəli və coşqu ilə qeyd edir. 

Tədbirin bədii hissəsində Kosa və Keçəlin məzəli deyişmələrindən ibarət səhnəciklər, tələbə rəqs kollektivlərinin ifasında milli və müasir rəqslər, musiqili qonaqların çıxışları  maraqla izlənilib. Sonda qazi tələbələrlə birgə bayram tonqalını alovlandırıb. Bayram tonqalı ətrafında tələbələr yallı gedərək, milli birlik və həmrəyliyimizi ifadə ediblər. 

Hamlet QASIMOV,  

XQ-nin bölgə müxbiri 

Gəncə

Sosial həyat