Goranboyun Qızılhacılı qəsəbəsində səyyar qəbul

post-img

Son vaxtlar Goranboyda keçirilən səyyar qəbullara maraq xeyli artıb. Bunun əsas səbəblərindən biri rayon icra hakimiyyətinin təşəbbüsü ilə belə qəbulların əsasən şəhid evlərində keçirilməsidir. Qəbul günü kənd sakinləri həmin evə yığışır, həm bir daha şəhid ailəsinin dərdinə şərik olur, həm də onları narahat edən problemləri qaldırırlar. Belə görüşlərə marağın artmasının bir səbəbi də kənddə, qəsəbədə ortaya çıxan çətinliklərin operativ qaydada, bir çox hallarda elə yerindəcə həll olunmasıdır.

…Qızılhacılı qəsəbəsində keçirilən görüşdə də belə oldu. Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış etdi və dedi ki, Azərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq biz yerlərdə vətəndaşların səyyar qəbullarını həyata keçiririk. Bu, ona görə vacibdir ki, səyyar qəbullar əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi ilə bilavasitə bağlıdır.

Rayon rəhbərinin səmimi müraciətindən sonra səyyar qəbula toplaşanların arasında bir canlanma yarandı. Daha çox kəndin problemləri, o cümlədən elektrik enerjisi və rabitə təsərrüfatlarının yenilənməsi məsələsi dilə gətirildi. Eyni zamanda, fərdi xahiş edənlər də oldu. 

Həmişə olduğu kimi, bu dəfə də bir çox məsələlər yerindəcə həll olundu, digərlərinin həlli üçün müvafiq məsul şəxslərə tapşırıqlar verildi.

Hamlet QASIMOV, 
XQ-nin bölgə müxbiri, 
Goranboy rayonu







Sosial həyat