Bu gün şəhid, Milli Qəhrəman Təbriz Xəlilbəylinin 60 yaşı tamam olur
Unudulmaz Vətən oğullarını qədirbilənliklə anmaq hər birimizin vətəndaşlıq borcumuzdur. Vətənimizin müqəddəratı uğrunda öz şirin canından keçən igid oğullarımızdan biri də “Azərbaycanın Milli Qəhrəmanı” Təbriz Xəlilbəylidir. O, Vətən uğrunda döyüşün ən qaynar nöqtəsində qəhramanlıqla şəhid olub. Şəhid olmaq, Tanrı tərəfindən seçilmiş olmaq böyük səadətdir. Şəhid verən millət, dövlət, Vətən daim var olub. Hər daim də var olacaq...
O, 1964-cü il fevralın 12-də Bakı şəhərində – “Ana torpağı azad görmək üçün ölümə qaçmaq hünər işidir, kişilik işidir”, – deyən Xalq şairi Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə Bakıda Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Kütləvi tamaşalar üzrə rejissor fakültəsində qiyabi təhsil alıb və eyni zamanda, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyib. Sonra Azərbaycan radiosunda montajçı olub.
...Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Təbrizi gecə-gündüz narahat edirdi. Yağılar ulu yurd yerlərimizə hücum çəkməklə sanki onun ürəyinə dağ çəkirdi... Vətənsevər qəlbində atasının haraylı misralarının təsiri ilə onu ər savaşına səsləyən müqəddəs bir arzu, istək vardı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atır, Qarabağın işğalçılardan təmizlənməsində birbaşa iştirak etmək istəyirdi. Bilirdi ki, bizim yad torpaqlarında gözümüz yoxdur. Buna görə də özümüzün əzəli torpaqlarımızın işğaldan azad olunmasına müntəzir idi. Nəhayət, bir gün, daha doğrusu, 1991-ci ilin sonlarında Təbriz də düşmənə həddini bildirmək üçün döyüşlərə atıldı.
Bəli, Vətənin başı üzərini qara buludlar alanda neçə-neçə igid oğullarımız qeyrətini qılınc kimi qınından sıyırdı, düşmənlə savaşa getdi. Onların sırasında qorxmaz, cəsur Vətən oğlu Təbriz Xəlilbəyli də müsəlləh olmuşdu. Yaxşı bilirdi ki, Vətən sevgisi bütün sevgilərdən ucada dayanır. Ona görə də xalqımızın keçirdiyi müsibətlərə dözmürdü... Ölüm–itim, qaçqınlıq, köçkünlük, Qarabağ dərdi, zülm içində çadır şəhərciklərində yaşayan insanlarımızın taleyi ona bir an da olsa, rahatlıq vermirdi...
Vətən torpağına and içib, könüllü olaraq cəbhəyə yola düşən Təbriz Xramord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərib. 1992-ci il yanvarın 31-i isə onun son döyüşü olub. Həmin döyüşdə Təbriz Xəlilbəyli qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə ucalıb.
Təbriz öz təbiəti etibarı ilə qorxmaz oğul idi. Şeirləri od-alov saçan vətənpərvər şair Xəlil Rza Ulutürkün övladı başqa cür ola da bilməzdi. Şair öz oğlu Təbrizin xatirəsinə həsr etdiyi şeirdə deyir:
Min illər keçsə də, sağam – diriyəm,
Yaşaram, sənintək döyüşə bilsəm,
Sanaram ən böyük Xalq şairiyəm,
Bircə qəsbkarı məhv edə bilsəm.
Çələng sənin olsun, avtomat mənim,
Şövqümü səninlə bölmək istərəm.
Sən Vətən uğrunda keçdin canından,
Mən sənin uğrunda ölmək istərəm...
...Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazanmışdı. Onu cəsur bir döyüşçü kimi tanıyırdılar. Az müddətdə hər qarış torpaq uğrunda gedən döyüşlərdə o, dəfələrlə qəhrəmanlıq nümunəsi göstərmişdi. Neçə-neçə yaralı əsgəri atəş xəttindən çıxarmış, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Döyüş şücaətlərinə görə, o, Daxili İşlər Nazirliyinin (DİN-nin) “Boz qurd” mükafatına layiq görülmüşdü. Şəhidlər Xiyabanında uyuyan Təbrizin rəşadəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib və o, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layıq görülüb. Həmçinin, Bakıdakı küçələrdən biri Təbriz Xəlilbəylinin adını daşıyır, yaşadığı evin qarşısına Xatirə lövhəsi vurulub. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus dalğıc gəmisi və Salyan rayonundakı Xıdırlı kənd məktəbi Milli Qəhrəman Təbriz Xəlilbəylinin adını daşıyır.
Təbriz Xəlilbəyli kimi qəhrəman oğullarımız ürəklərdə heykələ dönüb. Bu gün Vətənimizin başı üstündəki qara buludlar dağılıb, millətimizin qüruru qayıdıb, qəddi düzəlib. Hər birimiz başımızı dik tutub gəzirik. Bu günəşli, sevincli günlərə görə ürəklərdə yaşayan qəhrəman şəhid oğullarımıza borcluyuq. Ruhları şad olsun!
Həzi HƏSƏNLİ,
şair-publisist