Heyran xanımın bəlalı taleyi

post-img

Naxçıvan xanlarının nəslindən olan Heyran xanımın birinci həyat yoldaşı onu dərin məhəbbətlə sevmiş, necə deyərlər, əvvəl ürəyini ovlamış, sonra isə ona vəfasız çıxmışdır. Şairə onun dönüklüyündən belə giley- güzar etmişdir:

Vurdun ol qədər sən vəfadan dəm,

Xatirimdə nə şübhə qaldı, nə qəm.

Gülüşün qönçə, göz yaşın şəbnəm,

Məni aldatdı, bilmədim nə edəm.

Məni – biçarəni zəbun etdin,

Zar qəlbimi qərqi-xun etdin

“Bilmirəm, ruzigara neyləmişəm...”

Heyran xanım ikinci dəfə ailə qurur. Bu dəfə isə əri onunla tez-tez kobud rəftar edir, göz ve­rib işıq vermir. Şairə xanım ikinci həyat yoldaşı haqqında belə yazır:

Məni zəncirdə saxladın, bu yetər,

Doğrusu, sən mənə deyilsən ər.

Daima ac, susuz və qəlyansız,

Oturum bu xərabədə nə qədər?

Bilmirəm, ruzigarə neyləmişəm,

Ki, salıbdır kəməndinə bu təhər.

“Qara saçlarım ağardı...”

Azərbaycanda sovet hakimiyyəti qurulan zaman ailəsi ilə Təbrizə köçən Heyran xanımın həyatı orada da kədərli keçmişdir. O, həmişə zəmanədən, adamların vəfasızlığından, özünün qürbətdə tək-tənha qalmasından gileylənmiş, yaşadığı Təbriz şəhərini “guşeyi-zindan” adlan­dırmışdır. Ömrü iztirablar içində keçən şairənin gənclik təravəti və gözəlliyi tez solmuş, vaxt­sız-vədəsiz qocalmışdır. Şeirlərinin birində Hey­ran xanım öz vəziyyətini belə təsvir etmişdir:

Belim büküldü, qara saçlarım ağardı mənim,

Qocalmışam bu cəfakar çərx əlindən, aman.

“Bağlanıb xalq üçün nicat yolu...”

Heyran xanım yaradıcılığında daim ətrafında baş verən hadisələri işıqlandırır, dövrün qayda-qa­nunlarına etiraz motivli şeirlər qələmə alırdı. “Təb­rizdə zəlzələ haqqında” şeirində yaşadığı şəhərdə təbii fəlakət nəticəsində baş verən faciəli hadisələr­dən, “sinəsi dağlı, gözləri yaşlı” qalmış anaların acı kədərindən, onların göylərə qalxan fəqanından bəhs edib. Həcmcə kiçik olmasına baxmayaraq, bu şeir kədərli bir lövhə kimi yadda qalır:

Oldu, ya Rəbb, həlak insanlar,

Suvarıb torpağı qızıl qanlar.

Oldu çöllər cavanlara mədfən, 

Çoxlarına nə qüsl var, nə kəfən. 

...Baxasan, hər yan cəsədlə dolu,

Bağlanıb xalq üçün nicat yolu.

 

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat