Asqıran, öskürən, fınxıran metro qatarı

post-img

“Facebook”da dostluğumda olan tanınmış yazıçı-dramaturq Firuz Mustafa bu günlərdə Bakı metropolitenində şahidi olduğu bir olayla bağlı paylaşım edib. Orada deyilir:

“...Metro stansiyalarımıza söz ol­maz. Yaraşıqlı, gur işıqlı, səliqə-sah­manlı, üstəlik də keçiddə dayanan polislərin sərnişinlərlə mədəni rəftarı... Həqiqətən, bütün bunlar çox gözəldir. Amma və lakin...

Mən daha çox “Nizami” stansiya­sından istifadə edirəm. Adətən, “Dər­nəgül”dən “Həzi Aslanov” stansiyasına gedən qatarlara minirəm. İnsafan, xət­tə çox vaxt səliqəli, türkiyəli və iranlı ar­kadaşlarımız demiş, “xəfif” qatarlar bu­raxılır. Di gəl ki, bu gün (2 fevral–red) saat 19.30 radələrində elə bir qatar zü­hur etdi ki, təsvir etməyə söz tapmaq belə olmur. 

Bu köhnə-körüş qatardakı vaqon­ların səs-küyü, cırıltısı qulaq batırırdı. Qatar gah xəstə heyvan kimi xırıldayır, gah da suvuran güclü nasos kimi fışıl­dayırdı. Hətta, mübaliğəsiz deyim ki, vaqonların hərdən zökəm olmuş adam kimi öskürməyi də vardı... Öhö-öhö... 

Yaxınlığımda 2 kişi vardı. Hə, vaqonda... Rəng-ruflarından, ge­yim-kecimlərindən xarici vətəndaş olduqları bilinirdi. Təhər-tövrünü yuxa­rıda qısaca təsvir etdiyim, səliqəsiz bo­yanmış bu sürünən, öskürən, asqıran, fınxıran qatar “28 May” stansiyasına çatanda dərindən nəfəs alıb at kimi kişnədi və xırp yerində dayandı. 

Əcnəbilərdən biri tutacaqdan bərk-bərk yapışıb ucadan qışqırdı:

– O, boje moy...

Eşidənlər gülüşdülər. Elə əcnəbilər də...

Qatarın yerinə xəcalət çəkdim. Yəqin ki, təkcə mən yox... 

Nə yaxşı ki, bu qatarlar elektriklə iş­ləyir. Yoxsa tüstüsü göz çıxarardı.

...Hə, orasını da deyim ki, Zaqafqa­ziyada hələ 1868-ci ildə Gədəbəydə almanların tikib istifadəyə verdiyi də­miryol xəttində hərəkət edən qatar, öz səliqə-sahmanına görə heç də bu gün istifadəyə buraxılmış qatardan geri qal­mırmış. Bunu alman sahibkar Simen­sin xatirələrindən və həmin qatarın fo­tosundan da aydın görmək olur... 

Özünüz hesablayın, 1868-dən bu yana aradan neçə il keçib?

(Bu, Cənubi Qafqazdakı ilk qatarın fotosudur).

İnanmaq çətin olsa da Firuz müəl­limin dediyinə şübhəmiz olmadı. Firuz müəllim, siz deyən tarixdən 156 il ke­çib.

Təqdim etdi:
M.HACIXANLI
XQ

Sosial həyat