Bir oyunun tarixçəsi

post-img

Ponomaryov–Çerenkov dueli

39 il əvvəl, 1985-ci il aprelin 7-də Bakıda Respublika stadionunun tribunalarından 18 min azarkeşin izlədiyi 48-ci SSRİ çempionatının “Neftçi”—“Spartak” Moskva görüşü “dinc” nəticə ilə başa çatsa da (2:2), hamı 90 dəqiqə ərzində gərgin, məzmunlu və məhsuldar oyundan əsl zövq aldı. Meydan sahiblərinin də, qonaqların da əvvəldən axıradək nümayiş etdirdikləri hücum futbolu və tamaşaçılardan qazandıqları alqış sədaları oyunun şahidlərinə görüşün xatirələrdə çox yaşayacağını düşünməyə ciddi əsas verirdi.

Matçın başlıca xüsu­siyyəti isə qapıçımız Vya­çeslav Çanovu da, onun moskvalı məşhur həmka­rı, bir çox il ərzində Sovet İttifaqı yığma komandası­nın şərəfini müvəffəqiyyətlə qorumuş Rinat Dasayevi də məyus edən qolların müəlliflərinin eyni futbolçu­lar, üstəlik də, yarımmüda­fiəçilər olması idi. Spartak­çılardan 2 dəqiq zərbə ilə Fyodor Çerenkov fərqləndi, “Neftçi”-də isə oyunun qəh­rəmanı bu klubun tarixində ən parlaq simalardan biri İqor Ponomaryov oldu. 

Həmçinin diqqətçəkən məqamdır ki, Ponomaryov da, Çerenkov da hərəyə bir topu ümumittifaq dərəcəli hakim Miroslav Stuparın (İvano-Frankovsk) təyin etdiyi penalti ilə vurdular. Həmin görüş futbolumuzun tarixində həm də Ponomar­yov–Çerenkov dueli kimi yaşayır.

Fevralın 24-də 64 yaşı tamam olacaq Azərbaycan futbolunda yeganə olimpi­ya çempionu, SSRİ Əmək­dar idman ustası, “Şöhrət” ordenli İqor Anatolyeviç Ponomaryov hazırda Azər­baycan Premyer Liqasında çıxış edən “Sabah” klubu­nun Müşahidə Şurasının üzvü və idman direktoru­dur, Fyodor Çerenkov isə 2014-cü ildə, 55 yaşında vəfat etmişdir.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman