Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirib. Məlumatı DİN mətbuat xidməti verib.
Əməliyyatlar zamanı 1992-ci il təvəllüdlü Bahadur Vəliyevdən 2 kiloqram marixuana götürülüb. Tədbirlərin davamı olaraq ona narkotik vasitəni satan Xırdalan şəhər sakini, 1990-cı il təvəllüdlü Nurlan Tağıyev də tutulub. Sonuncunun üzərindən və yaşadığı ünvandan 3 kiloqrama yaxın marixuana, heroin, metamfetamin və 31 ədəd metadon həbi aşkar olunub. Daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılan 1995-ci il təvəllüdlü Fərid Dadaşovdan isə 2 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhəri və Abşeron rayonunda ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü Cəbrayıl Səttarzadə və onun rəhbərlik etdiyi dəstənin digər 3 üzvündən 1 kiloqrama yaxın tiryək, 1 ədəd “Kalaşnikov” avtomat silah, daraq və 19 ədəd patron aşkar olunub. Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Binəqədi RPİ əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 95 nəfər saxlanılıb. Vətəndaşlarla aparılaran profilaktik söhbətlərin nəticəsi olaraq 9 ədəd odlu silah və 3500 ədəd patron polis əməkdaşlarına könüllü təhvil verilib.
P.ƏMİRCANOV
XQ