XXl əsrə 299 gün qalırdı

post-img

XQ UNESCO-nun 8 Mart təşəbbüsünə necə qoşulmuşdu? 

Şəxsi arxivimdə “Xalq qəzeti”nin 8 mart 2000-ci il tarixli nömrəsindən bir nüsxə var. Mərhum baş redaktorumuz Mahal İsmayıloğlunun imzaladığı və 7467 nüsxə tirajla çap olunmuş 6 səhifəlik nömrənin 1-ci səhifəsinin yuxarı sağ küncündə XXI əsrə 299 gün qaldığı bildirilir. Nömrənin yenə yuxarı sol hissəsində isə belə yazılıb: “YUNESKO-nun (indi UNESCO-O.B.) “8 martda informasiyanı qadınlar hazırlayır” təşəbbüsünə qoşulan “Xalq qəzeti”nin bugünkü nömrəsini redaksiyanın qadın əməkdaşları hazırlamışlar”. 

Düşünürəm ki, aradan 24 il keçdik­dən sonra və ya XXI əsrin dörddəbiri­nin arxada qaldığı bir vaxtda, üstəlik də, növbəti 8 Mart ərəfəsində həmin nömrəni xatırlamağa imkan yaranıb.

Nömrə 8 Mart – Beynəlxalq Qadın­lar bayramına həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqini oxuculara çat­dıran AzərTAC-ın (indi-AZƏRTAC) “Bayramınız mübarək, əziz qadınlar!” sərlövhəli materialı ilə açılır. Ulu öndə­rin nitqindən iki abzası bir daha oxu­yaq:

“Mən bu əziz bayram günü Azər­baycanın şəhid analarını, qaçqın-köç­kün vəziyyətində yaşayan, çadırlarda yaşayan qadınları böyük hörmət-ehti­ramla yad edir və onlara bu salondan bütün Azərbaycan qadınlarının adın­dan, bizim hamımızın adından bayram salamı göndərirəm.

Qadınlar bir belə əziyyət, zəhmət çəkərkən nə istəyirlər? Sadəcə, onlara diqqət, qayğı, hörmət, ehtiram! Bu an­layışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksək­də görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətli ya­naşsınlar”. 

“Xalq qəzeti”nin əməkdaşları Zə­rifə Bəşirqızı, Təranə Nuriyeva, Əsli Xəlilqızı və Ağanisə Sultanova da qə­zetin həmin nömrəsi üçün bayrama layiq materialların hazırlanmasında az zəhmət çəkməmişlər. Onlarla yanaşı, həmkarları Pərvanə Sultanova, Şəlalə İbrahimova, Sərmayə Bahadurqızı, T. Əliyeva, Hökumə Feyziqızı, Zeynəb Zamanova da müxtəlif peşə sahibləri olan Azərbaycan qadınları haqqında səmimi yazıları, reportaj və müsahi­bələri ilə bayrama öz töhfələrini ver­mişlər.

Beşinci səhifədəki bir yazı isə o vaxtlar bütün kollektivin çox əziyyətini çəkmiş qəzetin kompüter xidmətində çalışan qızlara həsr edilmişdir. Ağanisə Sultanovanın bu xanımlara minnətdar­lıqla qələmə aldığı “Bizim qızlar” sər­lövhəli məqaləni kiçik ixtisarla yenidən oxucuların diqqətinə çatdıraq.

“Təranə xanım (Allah T.Mədəto­vaya rəhmət eləsin-O.B.) və onun komandası – Vəfa, Aynur, Gülbəniz, Nigar, Günay, Sona, Gülnarə. Əslində onları bir-birindən ayırmaq, hansısa haqqında fərqli söz demək çətindir. Elə bil qəzetimizin kompüter xidmətində çalışan bu qızları xüsusi olaraq se­çiblər. Hamısı mehriban, səmimi, üzü­gülər… Qəzetimizdə dərc edilən bütün yazıların ilk oxucuları da onlar olur. Bəzən öz şəxsi problemləri olsa belə, iş prosesində bunu hiss etdirmirlər.

Hər gün onlarla bir neçə dəfə ünsiy­yətdə oluram. Və düşünürəm ki, işinə məsuliyyət hissi ilə bərabər hamımız bir-birimizə qarşı bu qızlar kimi mehri­ban, səmimi olsaydıq, dünya necə də gözəl olardı. 

Bəzən iş vaxtı başa çatsa da, təcili nömrəyə hazırlayacağımız material­dan ötrü qayıdıb, yenidən kompüter arxasına keçirlər. Hər gün onları ən çox “yoran”, deyəsən, bizim siyasət şöbəsi olur”.

Redaksiyadan: Ürəkdən gələn çox səmimi sətirlərdir. Veteran həm­karımıza bu xatırlatmasına görə təşəkkür edirik.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Sosial həyat