Qubada 294 şagird yerlik yeni məktəb binası inşa olunub

post-img

Quba rayonunun Vəlvələ kəndində 294 şagird yerlik yeni məktəb binası inşa olunub.

Çingiz Mursalov adına Vəlvələ kənd tam orta məktəbin köhnə binası 80 il öncə tikilmişdi. Binada tədris prosesini müasir dövrün tələblərinə uyğun təşkil etmək mümkün deyildi. Buna görə də köhnə bina sökülərək yerində müasir üçmərtəbəli yeni bina tikilib.

Müasir məktəb binasında sinif otaqları, laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman və akt zalı, kitabxana və yeməkxana var. Təhsil müəssisəsi istilik və işıqlandırma sistemi ilə təchiz edilib.

Yeni məktəb binası yaxın gələcəkdə istifadəyə veriləcək.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Xaçmaz rayonu Palçıqoba kənd tam orta və Qusar rayonu Hil sirt kənd ümumi orta məktəblərində də tikinti işləri davam edir.

Bu yaxınlarda isə Qusar rayonu Kuzunqışlaq və Cibir kənd tam orta, həmçinin Quba rayonu Hacıhüseynli kənd tam orta məktəblərinin yenidən tikintisinə, Şabran rayonu Ağalıq kənd tam orta məktəbi üçün isə yeni tədris korpusunun inşasına başlanılacaq.







Sosial həyat